11 yanvar 2019 15:41
1125

«Oxu!» sənədli filminin təqdimatı keçirildi FOTO

Yanvarın 11-də Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı  ilə  “Oxu!” sənədli filminin təqdimatı keçirildi. Film Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi  ilə “Sağlam Gəncliyə Doğru” İctimai Birliyi tərəfindən çəkilib.  YAP Gənclər Birliyinin fəal üzvlərinin  iştirakı ilə keçirilən tədbirdə öncə film nümayiş olundu.

Filmdə bu gerçəklik gənclərə aşılandı ki, dünyanın gücü elm və texnoloji intibahdadır.   «Qurani-Kərim»in  «Oxu» sözü ilə başlaması da daim elmli olmağa bir çağırışdır.   

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı “Oxu!” sənədli filminin gənclərin maarifləndirilməsi, onların milli mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu bildirdi. Qeyd etdi ki,  dinimizin radikalizm və ekstremizm kimi hallara alət olunması yolverilməzdir.

Avropada islamofobiya meyillərinin genişlənməsinin və dinlərarası münasibətlərin gərgin müstəviyə keçidinin müşahidə olunduğunu diqqətə çatdıran Komitə sədri onu da vurğuladı ki,  bu gün bir sıra ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızın tarixi ənənələri dinlərin, məzhəblərin dinc yanaşı yaşamasına imkan verir. Azərbaycanın dünya üçün tolerantlıq nümunəsidir. Bu gün dünya dövlətləri ölkəmizin multikulturalizm və tolerantlıq modelinə böyük maraq göstərir. Dövlətimiz bütün dini konfessiyalar üçün eyni şərait və bərabər münasibət yaradır.

Dünyada dini zəmində, eləcə də məzhəblərarası ədavətin qızışdırılması yolu ilə münaqişə ocaqlarının yaradıldığını  bildirən  M.Qurbanlı, eyni zamanda, qeyd etdi ki,  Azərbaycan regionda sabitləşdirici faktordur. Ölkəmizin multikultural dəyərlərin, tolerantlığın inkişafına töhfələri davamlıdır. Dövlətimizin başçısı İlham Əliyevin  Sərəncamları əsasında 2016-cı il ölkəmizdə «Multikulturalizm İli»,  2017-ci il isə  «İslam Həmrəyliyi İli» elan edilmişdir. Bu kimi addımlar Azərbaycandan dünyaya ünvanlanan sülh, əməkdaşlıq, birlik, həmrəylik mesajıdır.

Ölkəmizdə  dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə də diqqət yönəldən M.Qurbanlı bildirdi ki,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini mühitdə cərəyan edən mənfi tendensiyaların qarşısının alınması, eləcə də radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə silsilə maarifləndirici tədbirlər həyata keçirilir.  Dövlət Komitəsinin sifarişi ilə çəkilən  «Fitnə», “Şəhadət” və «Vəhdət» sənədli filmlərinin radikalizmə qarşı mübarizədə maarifləndirmə baxımından önəmli rola malikdir. «Oxu!» filmi də məhz gəncləri xurafat deyilən bəladan uzaq tutmaq üçün çəkilib. Maarifləndirmə işinin daha da gücləndirilməsinə xidmət edən bu filmlərin Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarında da təqdimatı nəzərdə tutulur.  

Tədbirdə çıxış edən «Oxu!» sənədli filminin ssenari müəllifi, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu bildirdi ki, müasir gənclərə ünvanlanan əsas çağırış budur: «Özün ol, elmli ol, dövlətinə, xalqına bağlı ol, öz biliyinlə, savadınla, elminlə dövlətinə, xalqına xidmət et»  Belə olduğu halda gənclər xurafata  milli dəyərlərimiz, ənənələrimiz və tariximizlə cavab verəcəklər.

O.Fikrətoğlu qeyd etdi ki, bu gün də «şeyx nəsrullahlar»  var və onlar insanları yanlış yollara çəkmək istəyirlər. Onlara layiq olduqları cavabı vermək üçün gənclər hər zaman elmli, bilikli olmalıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd etdi ki,  Azərbaycanda dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Azərbaycan İlahiyyat İnstitutunun və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması Prezident İlham Əliyevin azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxladığının göstəricisidir.

Sədr müavini, eyni zamanda, onu da bildirdi ki,  ibadətlə yanaşı, birliyə və həmrəyliyə böyük önəm verən İslamın vəhdət və qardaşlıq dini kimi xarakterizə olunması təsadüfi deyil. Çünki dinimizin əsas məqsədi həm də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır.  İslam meydana çıxdığı gündən elmə böyük dəyər verib, elm öyrənməyi, təhsil almağı ibadət səviyyəsinə qədər yüksəldib.

G.İsmayılov  dinimizdə radikalizm və ekstremizmin olmadığını, tam əksinə, İslam dininin sülh, qardaşlıq, birlik dini olduğunu «Qurani-Kərim»dən ayələr kontekstində tədbir iştirakçılarının  diqqətinə çatdırdı.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında bildirdi ki,  «Oxu!» filmində İslam dünyasının üzləşdiyi problemlər öz əksini tapıb. Bu problemlərdən yalnız intellektual düşüncə, bu düşüncəni daşıyan cəmiyyətlər xilas edə bilər. Azərbaycan bu baxımdan nümunəvi ölkədir. Ölkəmizdə hər zaman multikultural mühit hökm sürüb.

Gəncləri dini sahədə geniş maariflənməyə çağıran S.Orucov bildirdi ki,  maariflənmə olduğu şəraitdə dini radikalizmə qarşı mübarizə daha da güclənir.

Çıxışlarda o da qeyd olundu ki, ölkəmizdə dini etiqad azadlığı mövcuddur. Lakin hansısa dinin təbliği, insanların təfəkkürünün dəyişdirilməsi istiqamətində gostərilən cəhdlər yolverilməzdir. Bu gün din pərdəsi altında göstərilən cəhdlərin ölkə üçün nə kimi problemlər yaratdığını geniş şərh etməyə ehtiyac yoxdur.  Dövlətimizin bu kimi cəhdlərin qarşısının alınması yönümündə atdığı addımlara diqqət yetirsək, görərik ki,  Azərbaycan dövləti müxtəlif dini təriqətlərin, missioner təşkilatların antimilli fəaliyyətinə qarşı qəti barışmaz mövqedədir və onların niyyətləri heç vaxt nəticə verə bilməz. Son zamanlar radikal dini qruplaşmaların fəallaşmasına ictimaiyyətin sərt münasibəti də  bu reallığı təsdiqləyir ki, günbəgün güclənən, iqtisadi qüdrətini artıran, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkan kimi beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq qeyri-mümkündür.

Tədbirdə çıxış edən gənclər bu kimi maarifləndirici vasitələrin əhəmiyyətindən geniş bəhs edərək, atılan addımların davamlı olacağına əminliklərini ifadə etdilər. Vurğuladılar ki, günümüzün əsas çağırışlarını yüksək səviyyədə cavablandırmaq üçün birgə səylər göstərməliyik.

Diskussiya şəklində davam edən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırıldı,  çəkiləcək yeni filmlərdə onları düşündürəcək məsələlərin öz əksini tapması üçün ideyalar irəli sürmələrinin vacibliyi vurğulandı. Bu əminlik də  ifadə olundu ki, film ölkəmizdə dini radikalizmə və  xurafata qarşı  aparılan mübarizədə önəmli vasitələrdən biri olacaq.

Yeganə Əliyeva,
Vüsal Cahanov, (foto),
«İki sahil»