31 yanvar 2019 10:47
1481

Hərbi potensial möhkəmlənir, əsgərlərin döyüş qabiliyyəti artır

Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad Azərbaycanın siyasi , iqtisadi, hərbi qüdrətini dünyaya nümayiş etdirdi.  Bəlli oldu ki, ölkəmizin Silahlı Qüvvələri həqiqətən dünyanın ən güclü 50 ordusu sırasındadır. Həmin paradda nümayiş etdirilən ən müasir silah və texnikalar təsdiqlədi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin hücum əmrini gözləyən əsgərlərimiz  Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad etmək qüdrətindədir.

“Son illər ərzində ən müasir texnika və silahlar alınıbdır. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri - bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir” söyləyən cənab İlham Əliyevin ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsi üçün davam etdirdiyi siyasət nəticəsində  Silahlı Qüvvələrimizin hərbi potensialı möhkəmlənir, əsgərlərimizin döyüş qabiliyyəti, əhval-ruhiyyəsi artır.

Ali Baş Komandan onu da bildirir ki, bütün bunları ona görə edirik ki, Azərbaycan Ordusu, hərbi potensialımız güclənsin. Dünyada baş verən proseslərə ikili standartlardan yanaşma, beynəlxalq hüququn işləməməsi güc amilinə diqqətin artırılmasını aktuallaşdırır.

Güc amilinin üstünlük təşkil etdiyi dünyamızda  ordu quruculuğuna diqqətin artırılması, həyata keçirilən islahatların sürətləndirilməsi bölgədə mövqelərimizi də möhkəmləndirir. Uzun illər aparılan siyasət, dost ölkələrlə səmərəli əməkdaşlıq nəticəsində əldə olunan ən müasir texnika və hərbi avadanlıqla təchiz olunan Azərbaycan Ordusunun son illərdə qazandığı uğurlar əsgər və zabitlərimizin  vətənpərvərlik ruhunun yüksək olduğunu da göstərir. NATO-nun münaqişə zonalarında həyata keçirdiyi əməliyyatlarda, sülhməramlı missiyada iştirak etməklə sabitlik və təhlükəsizliyin təminatına töhfələr verən əsgərlərimiz haqqında söylənilən xoş sözlər  Azərbaycan Ordusunun döyüş qabiliyyətinin beynəlxalq standartlara uyğun olduğunu göstərir.

Aprel döyüşləri, Lələtəpə və Naxçıvan əməliyyatları tarixi hadisə kimi hərbi salnaməmizə yazıldı. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində strateji əhəmiyyətli 11 min hektar torpaq, yüksəkliklər işğaldan azad edildi. Hazırda  Azərbaycan əsgəri Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət edir. “Yəni, bu hadisə - Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Sadəcə, danışıqlara ümid olduğu üçün biz danışıqlar yolunu hələ ki, əsas vasitə kimi görürük. Ancaq eyni zamanda, hərbi gücümüzü də artırırıq” söyləyən Ali baş Komandan İlham Əliyevin vurğuladığı kimi  “ADEX” adlı beynəlxalq müdafiə sərgilərinin ölkəmizdə keçirilməsi, Silahlı Qüvvələrimizin “Azərsilah” ASC-nin müəssisələrində  istehsal olunan hərbi ləvazimatlarla təmin olunması ordumuzun döyüş qabiliyyətini gücləndirməklə, hərbi sənaye sahəsində tanınan şirkətlərlə əməkdaşlığın coğrafiyasını da genişləndirir. Sərgilərdə Azərbaycan brendi olan silah və sursatlara marağın artması, ölkəmizin ixrac etdiyi məhsullar arasında hərbi avadanlıq və silahların çoxluğu ölkəmizin müdafiə qüdrətinin, ordumuzun  maddi-texniki bazasının möhkəmləndirilməsini təmin edir. Müdafiə qüdrətimizin artırılması üçün alınan silahlardan bəhs edən, “Mən onların arasında əlbəttə ki, xüsusilə uzaqmənzilli “Polonez” və “LORA” raket sistemlərini qeyd etmək istərdim. Qarşı tərəfin bu sistemlərə qarşı heç bir müdafiə imkanı yoxdur. Bu sistemlər 300 kilometr və ondan çox məsafəni qət edərək çox yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvə ilə istənilən hərbi hədəfi məhv edə bilər. Mən bir daha demək istəyirəm, düşmənin elə bir hərbi hədəfi yoxdur ki, biz onu dəqiqliklə məhv edə bilməyək” söyləyən Prezident İlham Əliyev vurğulayır ki, bu sistemlərin əldə edilməsi, yeni pilotsuz döyüş, uçuş aparatları ilə təminat hərbi gücümüzü daha da artırır. Son illərdə hava, raket hücumuna qarşı alınan sistemlər müdafiə potensialımızı qüdrətləndirir.

Müdafiə qüdrətimizin gücləndirilməsi, hərbçilərin məişət şəraitinin daha da yaxşılaşdırılması, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərilən diqqət və qayğı da daim diqqətdə saxlanılan ümdə məsələlərdir.

Bu günlərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri ilə keçirdiyi görüşdə də ordu quruculuğu ilə bağlı görülən işlərdən danışılmışdır. Qarabağ döyüşlərində şəhid olmuş qəhrəmanların şücaətini, vətənpərvərliyini qiymətləndirən cənab İlham Əliyev bildirmişdir ki, Aprel döyüşlərinin, Ağdərə, Naxçıvan əməliyyatlarının uğurla nəticələnməsində şəhidlərimizin payı çoxdur. Bu cür görüşlər şəhid ruhuna hörmət olmaqla,  əsgərlərimizin qələbə əzmini artırır. Ötən ilin aprel ayında növbəti dəfə xalqın etimadını qazanaraq Prezident seçilən cənab İlham Əliyevin dövlət başçısı kimi ilk imzaladığı Fərman şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı oldu. Bu Fərmana əsasən şəhid ailələrinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələr verilir.

Son günlərdə bu istiqamətdə həyata keçirilən tədbirlər göstərir ki, şəhid ailələrinə dövlətin qayğısı davamlı prosesdir. Ötən il 626 şəhid ailəsinə yeni mənzillər verilmiş, 6 mindən çox minik maşını bağışlanmışdır. Bu il isə 800 şəhid ailəsinin mənzillə təminatı nəzərdə tutulur.

Ordu quruculuğuna, hərbçilərə, şəhid ailələrinə göstərilən qayğı xalq iqtidar-birliyinin nümunəsi, ölkə əhalisinin torpaqlarımızı qoruyan Silahlı Qüvvələrimizə inamının ifadəsidir.

Xuraman İsmayılqızı, “İki sahil”