10 aprel 2019 19:51
2589

Ülviyyə Cabbarova: Vətəni heç vaxt unutmamışam, unutmuram və unutmaram

Müsahibimiz Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovadır.

Ülviyyə Cabbarova 15 ildən çoxdur ki, ailəsi ilə birgə Finlandiyanın paytaxtı Helsinki şəhərində yaşayır. İxtisasca musiqiçi olan soydaşımız yerli məktəblərin birində müəllim kimi fəaliyyət göstərir, eyni zamanda, Azərbaycan musiqisini geniş təbliğ edir. Musiqi fəaliyyəti ilə yanaşı, Ülviyyə Cabbarova Helsinkidə  Azər-Türk Gənclər Birliyinin rəhbəri kimi aktiv diaspor işi ilə məşğul olur. Ötən ilin noyabrından isə yeni yaradılmış Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisidir.

Ülviyyə xanım, Koordinasiya Şurasının əlaqələndiricisi olaraq, fəaliyyətiniz müddətində nə kimi dəyişiliklər baş verdi?

Bildiyiniz kimi, mən Koordinasiya Şurasının əlaqələndiricisi seçilmədən öncə  Finlandiyada Azərbaycan-Turk gənclər təşkilatının sədri kimi fəaliyyət göstərmişəm. Azər-Turk gənclər təşkilatı 2012-ci ildə Finlandiyanın Espoo şəhərində yaradılıb. Təşkil etdiyimiz tədbirlərin başlıca məqsədi Azərbaycan –Türkiyə dövlətlərinin  milli adət-ənənələrini, tarixini, musiqisini, mədəni-irsini  burada yaşayan azərbaycanlı və türk  gənclərinin yaddaşına yazmaq, onlarda milli ruhun, milli məfkürənin formalaşmasına  nail olmaqla yanaşı, yerli ictimaiyyəti Vətənimizin tarixi və mədəniyəti ilə yaxından tanış etmək, xüsusilə Qarabagla bağlı,  Xocalı soyqırımı ilə əlaqədar həqiqətləri təbliğ etmək, erməni yalanlarını ifşa etmək idi.

2015-ci ilin iyun ayında Azər- Türk gənclər təşkilatı Helsinkidə kecirilən  Dunya Musiqi Festivalında iştirak etmək üçün dəvət almışdı. Gənclərimiz ifa etdikləri   Azərbaycan mahnı və  rəqsləri ilə Festivalda möhtəşəm konsert proqramında filnlandiyalı iştirakçıların yüksək alqışları altında çıxış etmişdilər.

Keçən ilin oktyabrında isə İsveçin paytaxti Stokholm şəhərində Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi seçildim.  Bu vəzifəyə seçildiyim gündən  Finlandiyada yaşayan güneyli və quzeyli azərbaycanlıların təşkilatlanması, onların diaspor və lobbiçilik fəaliyyətinə daha aktiv şəkildə cəlb edilməsi istiqamətində ciddi fəaliyyətə başladıq. Finlandiyada fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla əlaqələrin qurulması üçün bir sıra faydalı görüşlər keçirdik.

2018-ci ilin noyabrında Türkiyənin Finlandiyaya yeni təyin olunmuş səfiri hörmətli Mehmet Vakur Erkul bəylə görüşdük. Görüşdə Azərbaycan və Türkiyə diasporunun Finlandiyadakı fəaliyyətini müzakirə etdik.  Türkiyə səfirliyi başda olmaqla, türk diaspor təşkilatları ilə birgə layihələrin həyata keçirməsi üçün bir sıra qərarlar aldıq.

Ötən il  dekabrın 15-də Helsinki şəhərində məşhur “Berghyddan” villasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə möhtəşəm bayram tədbiri keçirdik.

2019-cu il yanvarın 16-da  Finlandiyada növbəti erməni təxribatının qarşısını ala bildik. Müxtəlif ölkələrdə təşkil edilən Beynəlxalq Turizm Sərgisi  yanvarın 16-dan 20-dək qədər  Finlandiyada keçirilmişdi.  Helsinkidə Matkamessuda keçirilən turizm sərgisinə qatılan erməni şirkəti Azərbaycan ərazisini  “Artsax” kimi təqdim etmişdi.  Mən və Azər-Turk gənclər təşkilatının üzvü L.Hüseynova ilə  birlikdə  sərgidə  ermənilərin təxribatla məşğul olduqlarını və Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu, “Artsax” adı altında Dağlıq Qarabağa turist cəlb edilməsinin təxribat xarakteri daşıdığını  təşkilatçıların  nəzərinə çatdırdiq.  Erməni şirkəti ilə uzun mübahisədən sonra  sərginin təşkilatçı-administratorunu Ermənistan stendinə dəvət edib durumu ona izah edərək, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq edən bir sıra sənədləri təqdim etdik. Soydaşlarımızın təkidi və tədbir təşkilatçılarının göstərişi ilə Dağlıq Qarabağın Ermənistan ərazisi kimi göstərildiyi xəritə və broşürlər sərgidən yığışdırıldi.

2019-cu il fevralın 23-də  Helsinki şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi. Tədbirdə Finlandiyada yaşayan azərbaycanlılarla yanaşı, ictimaiyyət təmsilçiləri, Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin əməkdaşları, Finlandiyadakı diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak edirdilər. Tədbirdə əsas məqsəd soyqırım qurbanlarının xatirəsinin anılması, Azərbaycan torpaqlarının işğalı və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin Finlandiya ictimaiyyətinə, beynəlxalq aləmə çatdırılması idi.

2019-cu il martın 19-da    qarlı və soyuq Finlandiyada ilk dəfə tonqal qalandı və İlaxır çərşənbəsi  təntənəli şəkildə qeyd edildi. Hər kəs məhz bu tonqalın istisi ilə Novruzu daha yaxından hiss edirdilər. Qürbətdə yaşayan insanların gözundəki sevinc hissi məni cox sevindirirdi.  Güneyli- quzeyli soydaşlarımız  son zamanlar  tez-tez bir araya toplaşmalarından çox məmnun qalmaları mənim üçün   cox qürurverici  haldır.

Azərbaycan Respublikasının Diasporla iş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova və bütün əməkdaşlara qurumun işində  sağlam mühit yaratdıqlarına görə dərin təşəkkürümü bildirirəm. Məhz  xaricdə yaşayan azərbaycanlılar  bu səbəbdən bizə güvənərək bütün işlərimizdə  dəstək olurlar.  Tədbirlərimizdə 100-150 adam iştirak edir və  qatılmaq üçün  çoxsaylı müraciətlər var.

İctimai işlərdə daim fəallıq göstərən bir azərbaycanlı xanım olaraq, Vətənimizlə bağlı həyata keçirmək istədiyiniz ən böyük arzularınız haqqında nə deyə bilərsiniz?

Azərbaycanla bağlı o qədər arzularım var ki... Arzularımdan birini həyata keçirmək üçün planlaşma işlərini yekunlaşdırırıq. Çoxdan arzuladığım işlərdən biri Azərbaycanın Avropada tanıdılması üçün finlilərin Azərbaycana turizm sektoru olaraq cəlb edilməsidir. Finlandiyada  Azərbaycan Mədəniyyət Evinin açılmasını cox vacib hesab edirəm.   Burada seminarlar, tədbirlər, Azərbaycan dili kurslarını, musiqi dərslərinı təşkil edə bilərik və hansısa bir həmvətənlimizin  hər hansı bir  problemi olarsa, muraciət edə bilsin.

Finlandiyada yaşayan azərbaycanlılar haqqında nə deyə bilərsiniz?

Finlandiyada yaşayan azərbaycanlılar bir çox Avropa ölkəsindən fərqli olaraq yüksək səviyyəli tanınmış musiqiçilər, həkimlər, alimlər və iş adamlarıdır. Musiqiçilərimiz yaradıcılıqla fəal şəkildə  məşğul olur, mütəmadi konsert proqramları  təşkil edirlər  və bu kimi  başqa tədbirlərdə iştirak edirlər. Həkimlərimiz  sayılıb-seçilən klinikalarda Azərbaycanı  təmsil edir, öz vəzifələrinin  öhdəsindən layiqincə gəlirlər. Müəllimlərimiz isə fin məktəblərində xüsusi peşəkarlıqla müxtəlif elmlərin tədrisi ilə məşğul olurlar.  

Finlandiya soyuq ölkələrdən biri hesab olunur, bəs finlərin onların ölkəsində gəlib yaşayan insanlara münasibəti iqlimləri kimidir, yoxsa əksinə?

- Əslində,  Finlandiyanin bütün fəsilləri gözəl kecir. Qışı qaranlıq, soyuq olsa da, insanlar  o qədər də soyuqqanlı deyil. Finlilər dünyanın ən xoşbəxt milləti sayılır.  Həqiqətən,  yaşayış səviyyəsinin yüksək olması ilə yanaşı, öz dünyası  olan bir xalqdır. Finlilər həyatlarını maraqlı yaşamağa üstünlük verirlər. Bənzər xüsusiyyətlərinə gəlincə,   avropalı olsalar da, istiqanlıdırlar. Ətrafımda olan finli dostlarımın  mədəniyyətimizə, adət-ənənəmizə böyük  maraq və  hörmətlə yanaşırlar. Ümumiyyətlə, finlilər üçün Azərbaycan maraqlı ölkədir.

- Soyuq havadan sonra Azərbaycana yəqin ki, yay fəslində gəlməyi xoşlayırsınız?

 - Azərbaycanın bütün fəsilləri mənim üçün əzizdir.  Bütün fəsilləri çox sevirəm və hər fəsildə Bakıda olmaq istəyirəm. Amma  məzuniyyətim bir ay yayda olur.  Çalışıram ki,  az da olsa,  bir neçə günlük Azərbaycana gəlim.

- Vətən yada düşəndə, Vətən üçün darıxanda, bir musiqiçi olaraq, hansısa mahnını zümzümə edirsinizmı?

- Ümumiyyətlə,  Vətəni hec vaxt unutmamışam, unutmuram və unutmaram.  Əsasən,   retro mahnılarımızı  dinləməyi sevirəm. Köhnə musiqilərimizi tez-tez zümzümə edirəm.

Ülviyyə xanım, müsahibəyə görə sizə təşəkkür edir və uğurlar arzulayırıq.

Çox sağ olun.