23 aprel 2019 09:51
514

Qarayaxma kampaniyası aparanlar eyni mərkəzdən idarə olunurlar

“Xaricdə oturub ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlar eyni mərkəzdən idarə olunurlar. Mən həm ölkəmizdə, həm Ermənistanda, həm də Avropada olanların müsahibələrini, açıqlamalarını izləyirəm və baxıram. Onlar hamısı erməni maliyyəsi ilə fəaliyyət göstərir və eyni tapşırığı icra edirlər. Bu günlərdə onlardan biri heç bir əsas olmadan, heç bir fakta söykənmədən Azərbaycan Ordusu haqqında yalan, şər-böhtan xarakterli çıxışlar edirdi”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.

YAP icra katibinin müavininin sözlərinə görə, bu insanlar çayxana söhbətini televiziya vasitəsilə ictimaiyyətə çatdırırlar: “Ümumiyyətlə, hər bir məsələ araşdırılmalıdır. Əgər o ordu haqqında böhtan xarakterli fikirlər səsləndirirsə, deməli, o insanda ümumiyyətlə, vətənpərvərlik hissi yoxdur. Bu insanlar ermənidən çox ermənidirlər. Eləcə də Leyla Yunus dəfələrlə Ermənistana qeyri-qanuni səfərlər edib. Onun Avropa ölkələrində bir neçə böyük mülkü, biznes şəbəkəsi və s. vardır. Leyla Yunus bunların hamısını erməni pulu ilə əldə edib. Gündə bir təşkilat yaradılır və adını gah “Azərbaycan Xalq Hərəkatı”, gah da “Milli Şura” qoyurlar. Onların işləri-gücləri ancaq yalan danışmaqdan ibarətdir. Bilirsiniz ki, Fransada Paris Notr-Dam kilsəsi yanıb. Düşündüm ki, onlar indi çıxıb deyəcəklər ki, bunu da Azərbaycan iqtidarı edib və yaxud da niyə Azərbaycan iqtidarı gəlib yanğını söndürməyib. Dünyanın harasında nə hadisə baş verirsə, həmin hadisələri Azərbaycan iqtidarının üzərinə atırlar. Xalqımız isə bütün bunları öz gözü ilə görür, başa düşür və onlara öz yerini göstərir”.