25 aprel 2019 10:44
2266

Vegetarian olmaq lazımdırmı?

Latıncadan tərcümədə “sağlam, gümrah, möhkəm” mənalarını ifadə edən vegetarian sözü ilk dəfə 1842-ci ildə səsləndirilib. Əsasən meyvə, tərəvəz, dənli, paxlalı bitkilər və çərəzlərlə qidalananlar haqqında deyilən “vegetarian” ifadəsi indi daha tez-tez işlədilir. Vegetarianlıq təkcə ciddi riayət olunan qidalanma sistemi deyildir. Həm də sülhə, sağlamlığa, ədalətə yönəldən, fəlsəfi cəhətdən mənəviyyatın saflaşması üçün seçilmiş həyat tərzidir.

Vegetarianlığın özü növlərə bölünür. Məsələn, laktovegetarianlar bütün növ ət məhsullarından imtina edərək daha çox süd və süd məhsullarından, baldan istifadə edirlər. Ovo - laktovegetarian isə ət məhsulları ilə birlikdə süd məhsullarını da rədd edirlər.  Bu növ vegetarianlar daha çox yumurtaya meyilli olurlar. Lakto- ovo vegetarian əvvəlkilərdən fərqli olaraq yumurta, bal, süddən istifadə edirlər. Pesko vegetarianlar qırmızı ət və toyuq deyil, balıq, yumurta, və süd məhsullarına üstünlük verirlər.

Daha “qənaətli” veqan heyvanlardan gələn bütün növ məhsullardan tamamilə imtina edib, yalnız tərəvəz və meyvə yeyirlər.

Qeyd etmək lazımdır ki, vegetarianlıq təkcə ət məhsullarından imtina etmək deyil, ədalət və ən əsası yaşatmaq fəlsəfəsidir. Bu fəlsəfi həyat tərzinin təbliğini əsasən buddizm, hinduizm və xristianlıq dinlərində görə bilərik. Bu məzhəblərə mənsub olan insanlar başqa canlıları öldürüb qidalanaraq yaşamağı düzgün hesab etmirlər. İnsan sülhsevər cəmiyyət, ədalətli həyat istəyirsə, əvvəla, nəfsindən və zorakılıq meyilindən azad olmalıdır. Diqqət yetirsək, görərik ki, dünyaca məşhur dahilərin əksəriyyəti öz yaradıcılıq axtarışları ərəfəsində bu prinsiplərə əməl edərək vegetarian olmuşlar. Darvin, Homer, İsaak Nyuton, Şekspir, Siseron, Platon , Franz Kafka, Mark Twain, Mahatma Qandi, Nikola Tesla və başqaları adları sırada çəkilənlərdəndirlər. Onların əksəriyyətinin fikrincə, hüquq da, haqq da məhz heyvanları yaşatmaqdan başlayır.

Yunan filosofu Sokrat belə düşünürdü ki, heyvanları yemək arzumuz davam etdikcə, xoşbəxt olmaq, ədalətli toplum yaratmaq necə mümkün ola bilər? Filosof dini və siyasi xadim, riyaziyyatçı Pifaqor hesab edirdi ki, insan digər canlıları məhv etdikcə, sülh nədir bilməyəcək. Alman alimi, fizik, nisbilik nəzəriyyəsinin banisi Albert Eynşteyn fikrini belə əsaslandırır: “Mənə elə gəlir ki, insan ət yemək üçün doğulmamışdır.”

İtalyan rəssamı, alim və filosof Leonardo Da Vinçi vegetarianlıqla bağlı düşüncəsini bu sözləri ilə ifadə edib: “Eynilə mənim indi etdiyim kimi, vaxt gələcək heyvanları öldürənlərlə, insan qatilləri eyni səviyyədə qəbul ediləcək.”

Leonardo Da Vinçinin bu fikri ilə ortaq düşüncəyə sahib müsahibimiz Ülkər Həsənli öz söhbətində təəssüflə bildirir ki, dünyada vegetarianların sayı həmişə ət yeyən insanların sayından daha az olacaq: “3 ildir ki, vegetarianam. Vegeterianlığı seçməyimə səbəb pişiyim oldu. Artıq 5 ildir ki, pişik saxlayıram. Bir anlıq başa düşdüm ki, bir pişiyin qayğısını çəkdiyim halda başqa heyvanların əti ilə qidalanıram. Qidalanmaq üçün heyvanların öldürülməsi mənə inandırıcı gəlmədi. İndi daha rahatam. Təəssüflənirəm ki, niyə bir insanın ölümü cinayət qəbul olunduğu halda, heyvanların öldürülməsinə insanlıq bu qədər biganədir. Ətdən imtina etsəm də, hazırda bütün heyvan mənşəli qidalardan imtina edə biləcəyimi düşünmürəm. Bitki mənşəli qidalar kifayət qədər bahadır. Mən şokoladı çox sevdiyimdən onsuz qala biləcəyimi düşünmürəm. Amma zamanla bəlkə bu istəklərimin də öhdəsindən gələrəm.”

Heyvanlara qarşı ədalətli olmağın insan hüquqları ilə birbaşa əlaqədə olmasını veqanlar daha çox təcəssüm etdirir. Yəni ətdən əlavə heyvanlardan gələn süd, yumurta, bal kimi məhsulların istifadəsi, heyvanların kölələşməsi, qəddar yollarla istismar olunması kimi qəbul edilir.

Fabriklərdə inəklərin sağılma və hamiləlik prosesləri çox ağır şərtlərdə həyata keçirilir. İnəklərin bu əsnada hərəkətləri məhdudlaşdırılır. Yeni doğulan balalar anadan ayrılır. Dişi balalar süd inəyi kimi yetişdirilir, erkək inəklərsə “yumşaq və keyfiyyətli dəri” əldə etmək üçün öldürülür. Normal şərtlərdə 12-20 il yaşayan inəklər bu şərtlərdə ən çoxu 3 il yaşaya bilərlər.

Yumurta istehsalında toyuqlar normal yumurtlama prosesindən fərqli olaraq davamlı yumurta verməyə məcbur edilirlər. Dar qəfəslərdə saxlanılır və bir-birlərinə mane olmasınlar deyə dimdikləri kəsilir. Faydası olmayan cücələr isə anındaca öldürülür.

Bal istehsalı üçün arının qışda qidalanacağı balı sahibi tərəfindən götürülür və yerinə qlükoz şürubu doldurulur. Bu isə arıların bəslənməsinə mənfi təsir edərək, ömürlərini qısaldır. Bundan əlavə arılar pətəkdən (yeşiklərdən) ayrılmasın deyə kraliça arının qanadları kəsilir.

Bütün bu sadaladıqlarımızı araşdırmalar təsdiq edir və bu mövzuda bir veqanın fikrini almaq maraqlı olar deyə düşündük. Bunun üçün Lamiyə Səfərova ilə əlaqə saxladıq, fikirlərini öyrəndik:

-Artıq 3 ildir ki, veqan kimi təkcə qidalandığım yeməklərin deyil, aldığım geyimlərin, istifadə etdiyim gigiyenik vasitələrin də istehsalında heyvanların istismar olunmadığına diqqət edirəm.

Ət və süd sənayesinin ətraf mühitə vurduğu ziyanın miqyası genişdir, dünyada istifadəyə yararlı torpaqların yarıdan çoxu ət sənayesindəki heyvanların qidası üçün istifadə olunur. Bu çox böyük rəqəmdir. Əgər o torpaqlardan ərzaq istehsal etmək üçün istifadə edilsəydi, dünyada aclıqdan çətinlik çəkən, ölən insanların sayı azalardı. “Biz bu heyvanları yeməsək onların sayı çox artar” deyənlərə söyləmək istəyərdim ki, həmin heyvanlar insanlar tərəfindən artırılır, təbii şəkildə özləri çoxalmır, yəni ət sənayesi onları artırmasa, sayları bizim narahat olacağımız qədər çoxalmaz. Təbiətdə heyvanlar bir-birini yeyir. Güclünün gücsüz üzərində hökmranlığı təbiətin qanunauyğunluğudur. Həmin heyvanlar ətyeyəndir və şüurları bizim qədər inkişaf etməyib, əgər yeməli olduğu heyvanı öz əlləri lə öldürüb çiy yeməli olsaydıq düşünürəm ki, ət yeyən insanların sayı kütləvi şəkildə azalardı. Çox təəssüf ki, ət sənayesi bu prosesi maskalayır. Bəs orqanizmim üçün lazım olan üzvi maddələri ətdən almasam necə olacaq? Lazım olan bütün maddə və mineralları bitkilərdən almaq mümkündür. Hazırkı dünyada qidalanmaq üçün hansısa heyvanın həyatına son qoymağa ehtiyac yoxdur.

Veqan qidalanmanın müsbət tərəfləri çoxdur, özümü gümrah hiss edirəm, həzm sistemimlə bağlı problem yaşamıram və bu yolu seçdikdən sonra sağlam qidalanma ilə bağlı çox araşdırma aparmışam. Gəldiyim nəticə budur ki, daha şüurlu qidalanmaq insanın sağlamlığı üçün başlıca şərtdir.

Bütün yazdıqlarımızı ümumiləşdirsək gəldiyim nəticə belədir: Dünyada ətlə qidalanma azaldılsa, istixana qazlarından istifadə 1/4-ə qədər aşağı düşəcək, heyvanların bəslənilməsi üçün otlaqlara çevrilən sahələr meşələrə çevriləcək, karbon qazının miqdarı azalacaq, ürək-damar, şəkərli diabet, infarkt və xərçəng xəstəliklərindən ölənlərin sayı 10 dəfə aşağı düşəcək. Əslində, yaşamaq üçün heyvanlara ehtiyacımız yoxdur, onların ətləri olmasa da, təbiətdə insan orqanizmi üçün lazım olan bütün qida maddələri yetərincədir.

Xanım Cəfərova