25 may 2019 16:16
1282

Şabranda oğurluq etməkdə və narkotik tərkibli bitkilər becərməkdə şübhəli bilinən şəxs saxlanılıb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki fərdi yaşayış evlərinin birinə qanunsuz daxil olaraq 2350 manat pul oğurlamaqda şübhəli bilinən Əhmədxan Qurbanovu saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dindirilmə zamanı Ə.Qurbanov törətdiyi cinayət əməlini etiraf edib.

Araşdırmalarla məlum olub ki, o, tanışı Emin Dadaşov ilə birlikdə həmin evə gecə vaxtı pəncərədən daxil olaraq, zərərçəkmişə məxsus pulları ələ keçirib. Onlar həmin pulları Bakıda xərcləyiblər.

Polis əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəvəçi kənd sakini Hicran Xalıqov saxlanılıb. Şahidlərin iştirakı ilə kənd ərazisinə baxış keçirilərkən H.Xalıqov tərəfindən xüsusi olaraq aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 7 çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Şabran Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.