İtaliya milli komandasının sabiq qapıçısı Canluici Buffon yenidən “Yuventus” futbol klubunun şərəfini qoruyacaq.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, iyulun 4-də tibbi müayinədən keçən 41 yaşlı italiyalı qapıçı yaxın günlərdə “Yuventus” ilə bir illik müqavilə imzalayacaq. Yeni müqaviləyə əsasən futbolçunun illik məvacibi 1,5 milyon avro olacaq.
Ötən mövsüm Fransanın “Paris Sen-Jermen” klubunda forma geyinən qapıçının müqaviləsinin müddəti iyunun 30-da başa çatıb.
Xatırladaq ki, C.Buffon 2001-ci ildən 2018-ci ilədək Turin klubunda çıxış edib. O, “Yuventus”un heyətində doqquz dəfə İtaliya çempionu və dörd dəfə ölkə kubokunun qalibi olub.