KÖŞƏ

Taleh Turqut

Xarici siyasətdə milli maraqlar prioritetdir

19 fevral 2016 23:56
754

Bu imkanlar ağır zəhmətlər, gərgin siyasi fəaliyyət və düşünülmüş iqtisadi siyasət hesabına əldə edilmişdir. Prezident İlham Əliyev hər zaman çıxışlarında qeyd etmişdir ki, müstəqil xarici siyasət yürütməyin yolu güclü iqtisadiyyatdan keçir. Dövlətin iqtisadi imkanları zəif olduqda onun müstəqil siyasət yürütmək imkanları da məhdudlaşır.

Bu gün regionda, bir sıra Orta Şərq dövlətlərində cərəyan edən proseslər, gərginlik ocaqlarının yaranması göstərir ki, Azərbaycanın tutduğu yol ölkənin milli maraqlarına hesablanmışdır. Prezident İlham Əliyevin qarşılıqlı maraqlara və bərabərhüquqlu münasibətlərə söykənən xarici siyasət kursunun məntiqi nəticəsi olaraq Azərbaycan regionun sabitlik adasına çevrilmişdir. Yanvarın 29-da ölkə gənclərinin bir qrup nümayəndəsi ilə görüşdə dövlətimizin başçısı bu məsələlərdən bəhs edərkən aparılan müstəqil siyasətin nəticələrinin ümumi mənzərəsini belə ifadə etmişdir: “Biz Azərbaycanda güclü, özünə güvənən, müstəqil dövlət qururuq. Bu dövlət əbədi yaşamalıdır və uğurla yaşamalıdır.

Ona görə son 20 il inkişaf, sabitlik dövrü olmuşdur. Bu dövr ərzində Azərbaycan dünya miqyasında, bir daha demək istəyirəm ki, çox güclü dövlətə çevrilmişdir. Təsadüfi deyil ki, 155 ölkə bizim namizədliyimizi BMT Təhlükəsizlik Şurasına seçilməyimiz zamanı dəstəkləmişdir. Güclü iqtisadiyyat yaratmışıq, güclü sosial siyasət aparılır, güclü ordu qurmuşuq. Hətta beynəlxalq hesablamalarda Azərbaycan Ordusu dünya miqyasında 40 ən qüdrətli ordu sırasındadır. Mən bunu dəfələrlə bəyan etmişəm ki, bizim ordumuz güclü ordular sırasındadır. Mənim təhlilimi beynəlxalq qurumlar da təsdiqləyir”.

Bu məqamda qeyd edək ki, son iki ayda Azərbaycan Prezidentinin bir sıra xarici səfərləri və görüşləri ölkəmizin xarici siyasət kursunun düzgün oriyentasiyasını nümayiş etdirir. Belə ki, ölkə başçısı İlham Əliyevin cari ilin yanvar ayında Davos İqtisadi Forumunda iştirakı, bundan bir qədər sonra Suriyaya dəstək məsələsinə həsr edilən konfransa dəvət edilməsi, Münhen Təhlükəsizlik Konfransında keçirilən müzakirələr Azərbaycanın xarici siyasətdə əldə etdiyi uğurların təzahürü kimi qiymətləndirilir. Bu, həm də Azərbaycanın regional məsələlərin müzakirəsi və həllində bölgənin söz sahibi olan bir dövləti kimi əhəmiyyətli rolunun göstəricisidir.

Azərbaycan qonşu dövlətlərlə münasibətlərini də balanslaşdırılmış və qarşılıqlı maraqlardan çıxış edən münasibətlər müstəvisində qurmağı uğurla reallaşdıra bilmişdir. Bunun nəticəsi olaraq müxtəlif siyasi oriyentasiyalara mənsub olan qonşu dövlətlərlə əlaqələr ən yüksək səviyyəyə çatdırılmışdır. Bu əlaqələr regionda müəyyən geosiyasi maraqların uzlaşdırılması və ölkənin milli maraqlarının hər şeydən üstün tutulması sayəsində mümkün olmuşdur.

Əlbəttə, milli maraqların təmin edilməsi inkişaf etmiş iqtisadi imkanlar, güclü siyasi iradə və səriştə nəticəsində reallaşdırıla bilər. Bu baxımdan Azərbaycanın enerji resursları, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolu ayrıca vurğulamaq vacibdir. Azərbaycan bu gün Avropanın və digər region dövlətlərinin enerji siyasətində vacib bir həlqəyə çevrilmişdir. Təbii ki, bütün bunlar dövlət başçısının şəxsi siyasi keyfiyyətləri, praqmatik fəaliyyəti ilə sıx bağlıdır. Prezident İlham Əliyev regionun siyasi nizamında söz sahibi olan liderlərdən biri kimi hər zaman proseslərin mərkəzində çıxış edir. 

Lakin müstəqil siyasi iradə, tərəfsiz xarici siyasət yürütmək bir sıra hallarda siyasi qısqanclıq və dözümsüzlüklə qarşılanır. Bəzi qüvvələr, beynəlxalq qurumlar Azərbaycanın tutduğu yolu ləkələmək, ölkəmizi müəyyən siyasi oyunlara cəlb etmək niyyətlərindən əl çəkmirlər. Bunun üçün antiazərbaycan fəaliyyətlərindən, qarayaxmalardan əl çəkmir, bir çox məsələlərdə ikili standartlar nümayiş etdirirlər. Bütün bunlar ölkəmizə siyasi təzyiq vasitələri kimi istifadə edilir. Lakin Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Azərbaycan özünün layiqli yolundan dönməyəcək və heç bir qüvvənin diktəsinə boyun əyməyəcəkdir. Bunun üçün Azərbaycanın həm iqtisadi gücü, həm də qətiyyətli siyasi iradəsi mövcuddur.