04 oktyabr 2019 15:28
1098

“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi regionlarda vətəndaşlarla görüşüb

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 4-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Salyan rayonunda sakinlərlə görüşüb.

Birlikdən bildirilib ki, “Azəriqaz”ın baş direktorunun müavinləri Ramil İsgəndərov Sabirabad və Saatlı, Ruslan Əliyev isə Şirvan şəhəri və Hacıqabul rayonunun sakinlərinin problemlərini dinləyiblər. Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, qaz xətlərinin yerinin dəyişdirilməsi, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.