11 oktyabr 2019 19:27
977

Bahalı telefonlara aludəçilik gəncləri hara aparır?

Son zamanlar bahalı mobil telefonlara tələbat daha çox artıb. Bu, təbii ki,  insanların həmin smartfonlara olan marağından irəli gəlir. Həm də bu,  sadəcə maraq olmayıb bir qism insanın  həmin smartfonlardakı xidmətlərdən gen-bol istifadə etmək istəyindən yaranır. Ona görə də  kimisi yeməyindən, kimisi geyimindən kəsərək bahalı telefonlar almağa cəhd göstərirlər.

Bəhs etdiyimiz  mövzu kifayət qədər aktual olduğundan  ARB TV-nin “Günə doğru” proqramında  bununla bağlı maraqlı süjet də nümayiş etdirilib. Proqramın aparıcısı və qonaqları bu məsələnin getikcə genişlənməsini, uşaq və gənclərin aludəçiliyinin təhlükəli həddə yaxınlaşdığını vurğulayıblar.

Bəzilərinin fikrincə,  əvvəllər insanları geyiminə görə qarşılayıb,  ağlına görə yola salırdılarsa,  indi əlindəki telefona baxıb dəyər verirlər. Elə buna görə də əksəriyyət bahalı telefon sahibi olmağa can atır. “Ayağını yorğanına görə uzatmayan”,  ailə büdcəsini nəzərə almayan  gənclərin bir çoxu “hökmən almalıyam” deyib, kreditlə də olsa bahalı telefon əldə etməyə çalışırlar.

Araşdırmalara görə,  bahalı telefon istifadəçiləri əslində maddi durumu  o qədər də zəngin olmayan insanlardır. Bu isə psixoloqların dediyi kimi, özünə inamın  olmamasının nəticəsi kimi dəyərləndirilir.

Psixoloqlar bildirirlər ki, bir çox insanların müəyyən sahədə çatışmazlıqları olur,  psixoloji durumları yarıtmazdır, özlərini doğrulda bilmirlər. Ona görə də onlar həyatın dəyərini mənəviyyatda deyil, maddi dəyərlərdə görürlər, yəni maddi dəyəri daha önə çıxararaq nümayişkarlıq göstərib özlərini elə təqdim etmək istəyirlər.

Bakıda kasıb ailədən olan gənc (adını göstərmirik) keçən il ali məktəbə qəbul olunub. Telefonu ola-ola atasına təzyiq edib ki, ona təzə, bahalı smartfon almalıdırlar, çünki mühazirələri ora yazdırıb sonra öyrənəcək. Məcbur olan ata mağazadan kreditlə bahalı telefon götürəsi olub. Bir il, bir ay keçməsinə baxmayaraq  ailə  indiyədək həmin krediti qaytara bilməyib.

Şabran rayonundan olan daha bir abituriyent  bu il ali məktəbə qəbul olunub və təzə telefonu olduğu halda daha bahalısını almağı tələb edib. Ona alınan smartfonun qiyməti isə 2300 manat olub. Haqqında danışdığımız  həmin gənclər gecə saat 3-ə, bəzən 4-ə qədər yazışır, şəkil göndərir, status yazır, nələrəsə tamaşa edirlər. Bu isə sağlamlığa ciddi təhlükədir. Sadəlövh valideynlərin 3-4 yaşlı uşaqları mobil telefonla sakitləşdirmək cəhdləri, balacaları telefon aludəçiliyinə sövq etmələri bağışlanmaz günahdır.

Çoxunun sadəcə sosial şəbəkələrdə  daha yaxşı şəkillər paylaşmaq üçün istifadə etdiyi bahalı smartfon asılılığı bəzən xəstəlik həddinə çatır.

Ümumiyyətlə,  belə  “özününümayiş”  bəzən xoşagəlməz hallara, ailədə gərginliyə, valideynlə uşaqlar arasında münaqişəyə də yol aça bilər. Artıq belə xoşagəlməz hallar baş verməkdədir. Ata-ananın zəhmətlə qazandığı əməkhaqqını lüzumsuz yerə sərf  etməkdən çəkinməyən gənclərdə ailə dəyərlərinə hörmətsizlik, müftəxorluq, nankorluq və s. kimi mənfi keyfiyyətlər yaranır. Bu keyfiyyətlərlə cəmiyyətə çıxan cavanlar  ictimaiyyətin yarasına çevrilə bilərlər. Ona görə də məktəb və ailə bu mənfi tendensiyanın qarşısını almağa tələsməlidir. Genefondumuza yaranan təhlükənin qarşısı vaxtında alınmalıdır, yoxsa sonra gec olar.

Vəli İlyasov, “İki sahil”