18 oktyabr 2019 19:24
776

Gəncədə ağacəkmə və təmizlik aksiyaları keçirilib

Gəncədə 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə ağacəkmə və təmizlik aksiyaları təşkil olunub. Hər iki aksiyada tələbə-gənclər aktivlik nümayiş etdiriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə təşkil olunan ağacəkmə aksiyası Heydər Əliyev park-kompleksində keçirilib.

Əkilən ağaclar Gəncənin landşaftına uyğun, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan Xan çinar, sərv və şamdan ibarət olub. Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.

Daha bir təmizlik aksiyası isə “Gəncəçay” park-bulvar kompleksinin ərazisində baş tutub. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkil etdiyi aksiyada tələbələr fəallıq nümayiş etdiriblər. Onlar Gəncəçayın məcrasını müxtəlif plastik və məişət tullantılarından təmizləyiblər.

Aksiyanın keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, əhalinin bu sahəyə münasibətini inkişaf etdirmək, təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq və gənclərin ətraf mühitə dair bilik və təcrübələrini artırmaqdan ibarətdir.