09 noyabr 2019 16:23
1314

Ağdaşda Bayraq Günü münasibətilə yürüş keçirildi - FOTO

Bu gün əsas məqsədi milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanması istiqamətində tədbirlərin kütləviliyinin daha da artırılmasını təmin etməkdən ibarət olan və Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş izdihamlı “Bayraq Yürüşü” keçirildi. Yürüş Ağdaş  şəhərinin Azadlıq meydanından başlayaraq şəhərin Heydər Əliyev prospekti boyunca irəliləməklə Dövlət Bayrağı meydanında başa çatdı.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyi və Rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə keçirilən yürüşdə rayon təşkilatının  fəal gəncləri, təhsil işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Bayraqdarlar tərəfindən Azərbaycanın Dövlət Bayrağı ön sırada olmaqla, hər bir iştirakçının əlində kiçik bayraqlar, eyni zamanda bayrağın rənglərini özündə əks etdirən şarlar aparılırdı. Yürüş boyu iştirakçılar tərəfindən vətənpərvərlik şüarları səsləndirildi. 
Dövlət Bayrağı meydanına daxil olduqdan sonra iştirakçılar tərəfindən  Azərbaycan Respublikasının Dövlət Himni oxundu, meydanda vətənpərvərlik ruhunda musiqi nümunələri səsləndirildi.

Orxan Vahidoğlu, "İki sahil"