13 noyabr 2019 19:40
1136

Ekspert: Aqrar sahə günün tələblərinə cavab verir

“Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir”. Bu fikri Prezident İlham Əliyev iqtisadiyyatla bağlı keçirilən hər bir tədbirdə xüsusi vurğulayır. Məqsəd isə aydındır: bu yolla ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığını tədricən aradan qaldırmaq.

Bu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verməkdədir. Belə ki, bu ilin doqquz ayında qeyri-neft sənayesində 15 faiz artım qeydə alınıb. Üstəlik, oktyabr ayındakı məlumatlara əsasən deyə bilərik ki, qeyri-neft sektorunda ixracın da həcmi artıb. 

Ekspert Nicat Nəsirli mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında qeyri-neft sahəsindəki bu kimi uğurların davamlı olacağını qeyd etdi: “Belə qənaətə gəlməyim də əsassız deyil. Belə ki, ölkə Prezidenti İlham Əliyev bildirmişdir ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Dövlətimizin başçısı mövcud problemləri həll etməklə bu sahədə daha böyük uğurlara imza atmağın mümkünlüyünü vurğulamışdır. Məsələn, qeyri-neft sektoruna xarici sərmayənin  az qoyulduğunu diqqətə çatdıran Prezident “bizim vəzifəmiz xarici investorları inandırmaqdır ki, ölkəmizin qeyri-neft sektoruna daha böyük həcmdə sərmayə qoysunlar” demişdir. Burada bir faktı da xatırlatmaq yerinə düşər. Ötən il ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulub ki, bunun da 11 milyard manatdan çoxu ölkəmizin qeyri-neft sektoruna yönəldilib. Bu sərmayədə xarici investisiyanın payı yüksəkdir. Lakin bu, hələ də ölkə başçısının nəzərdə tutduğu miqdarda deyil. Şübhəsiz, bu istiqamətdə atılacaq addımlar qeyri-neft sektorunun inkişafına yeni bir təkan verəcək. Təbii ki, bu məsələdə digər amillər də - potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi bir daha nəzərdən keçiriləcək. Yeri gəlmişkən, İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı demişdir ki, gələn il qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz artım proqnozlaşdırılır. Bu da olduqca ürəkaçandır. Bu məqamda bir məsələni də vurğulamaq istərdim. Dövlət başçısı İqtisadiyyat Nazirliyi qarşısında daha bir mühüm vəzifə qoyub: elə bir şərait yaradılmalıdır ki, biznesə meyli, həvəsi olan hər kəs bu sahə ilə məşğul ola bilsin, məmur təzyiqi, əlavə müdaxilə ilə qarşılaşmasın”.

Ekspert, həmçinin vurğuladı ki, ölkəmizdə biznes mühüti üçün əlverişli şərait yaradılıb: “Aparılan islahatlar sayəsində ölkəmiz dünya miqyasında münbit investisiya mühiti olan məkana çevrilib. Dünya Bankının son hesabatına əsasən, ölkəmiz investisiya qoyuluşu üçün əlverişli mühitə görə 25-ci yerdə qərarlaşıb. Bu, olduqca yüksək göstəricidir. Onu da vurğulamağı özümə borc bilirəm ki, Azərbaycan MDB məkanında ən çox xarici sərmayə yatırılan ölkədir. Bu işdə biz hətta bir sıra Şərqi Avropa ölkələrindən də öndəyik”.

Müsahibimiz bir maraqlı məqama da toxundu. Bildirdi ki, qeyri-neft sektoru deyəndə, ilk növbədə, gözlərimiz qarşısında aqrar sahə  canlanır. Ümumilikdə 9 ay ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 7,1, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11, heyvandarlıq məhsullarının istehsalı 3,1 faiz artmışdır. İstehsal edilən bu məhsulların faktiki qiymətlərlə dəyəri isə 6 milyard 273,8 milyon manat olmuşdur ki, onun da 2 milyard 966,5 milyon manatlığı heyvandarlıq, 3 milyard 307,3 milyon manatlığı bitkiçilik məhsullarının payına düşür. Təqdirəlayiq haldır ki, aqrar sektorda bir vaxtlar unudulmuş, diqqətdən kənarda qalan ənənəvi sahələrin inkişafı üçün geniş imkanlar açılmışdır. Belə sahələrdən biri də pambıqçılıqdır. Axır vaxtlar bu sahəyə diqqət və qayğının artması sayəsində “ağ qızıl” istehsalı dəfələrlə artmışdır. Məsələn, noyabrın 6-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 270 min 993 ton məhsul verilib. Bu da ötən ilin müvaflq dövrü ilə müqayisədə 34,7 faiz çoxdur. Yaxud əgər ötən il 513,9 ton yaş barama istehsal edilmişdisə, bu il bu rəqəm 647,5 tona çatdırılıb. Bu isə o deməkdir ki, aqrar sahə öz göstəriciləri ilə günün tələblərinə cavab verməyə başlayıb”.

Ekspert Nicat Nəsirli müşahidələrinə istinadən bildirdi ki, Azərbaycanın qeyri-neft sektoru inkişaf etdikcə, ölkəmizdə məşğulluq artır, bütün bunlar da əhalinin maddi durumunda özünü büruzə verir: “Təkcə bu il minimum əməkhaqqı və sosial müavinətlər iki dəfə, minimum pensiya 70 faiz artıb. Sənayenin və ümumiyyətlə, qeyri-neft sektorunun inkişafı nəticəsində gələcəkdə xalqımızın sosial müdafiəsi və  güzəranı daha da yaxşılaşacaq.  Bu sahədə aparılan islahatların da, cənab Prezidentin göstərişlərinin də məramını məhz bu amillər təşkil edir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”