21 noyabr 2019 21:03
847

Azərbaycan bir sıra xalqların və dinlərin birliyi mərkəzinə çevrilib

İslam aləminin ayrılmaz parçası olan Azərbaycan dinamik inkişaf edən, müasir çağırışlara əməli fəaliyyəti ilə cavab verən, milli- mənəvi dəyərlərinə sadiq, güclü dövlət, sivilizasiyalararası dialoq mərkəzi, siyasi, iqtisadi, humanitar platformadır. Multikulturalizm ənənələrini əsrlərdən bəri yaşadan, dinlərarası, xalqlararası, millətlərarası münasibətlər sistemindəki təcrübəsi nümunə göstərilən, “Bakı prosesi” çərçivəsində müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanda Dünya Dini Liderlərinin Zirvə görüşlərinin, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və s. kimi tədbirlərin keçirilməsi artıq xarakterik hal alıb.

Milli münaqişələrin hələ də insanlara fəlakət gətirdiyi, dini radikalizmin, terrorun dəhşətlərini müşahidə etdiyimiz bu dövrdə multikultural dəyərlərin təbliğində, beynəlxalq siyasətin vacib detalına çevrilməsində Azərbaycanın xüsusi rolu və xidmətləri vardır. “Bakı Prosesi” kimi digər forumlarda da dünya siyasətinin aktual problemlərinin müzakirəsi, beynəlxalq ictimaiyyətə ünvanlanan sülhə çağırışların səslənməsi əhəmiyyətli olmaqla, ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından da geniş tribunadır.

Bakıda keçirilən Dünya Dini Liderlərinin I Sammiti də böyük əhəmiyyətə malik tarixi hadisə kimi yaddaşlarda qalıb. Sammitdə müzakirə olunan məsələlər dini radikalizmə, ksenofobiyaya, islamofobiyaya qarşı mübarizədə güclü təbliğat vasitəsi olmaqla ölkəmizi əməkdaşlıq mərkəzi kimi tanıtdırdı. Dini liderlərin sammiti dini-etnik zorakılıq girdabına düşən ölkələrə tolerantlıq nümunəsi kimi əvəzsizdir.

 “Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir” söyləyən cənab İlham Əliyev bildirib ki, Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır.

Cənab İlham Əliyev Bakıda katolik kilsəsinin açılmasını, məscidlərin, provaslav kilsələrinin, sinaqoqların qorunmasını, tarixi məbədlərdə aparılan təmir-bərpa işlərini bütün xalqların mənəvi dəyərlərinə hörmət adlandırır.

Bu günlərdə keçirilən Dünya Dini Liderlərinin II Bakı Sammiti də dövlətimizin regionda dini əməkdaşlıq mərkəzinə çevrilməsinə hədəflənib. Əsasında dünyaya sülh, bərəbərlik, həmrəylik, tolerantlıq çağırışları dayanan forumlar kimi bu cür sammitlər də dindən vasitə kimi istifadə edən qüvvələrə qarşı ən təsirli ideoloji mübarizədir.

Belə mötəbər tədbirin Bakıda keçirilməsi Azərbaycan üçün həm də Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinə dəstək göstərə bilən ən yaxşı məqamdır.

Bakının bu Sammitin təşkilatçısı olması, ev sahibinin sabitliklə bağlı mesajını aktuallaşdırır, Azərbaycanın barış, sülhə tərəfdarlıq missiyasını ictimailəşdirir.

Həmçinin dünyanın dini liderlərinin Bakıya toplanması qonaqların müxtəlif dinlərə mənsub insanların bir yerdə necə rahat yaşadığını, dini konfessiyaların problemsiz fəaliyyət göstərdiyini müşahidələri baxımından da əhəmiyyətlidir.

Qardaşlıq, bərabərlik dini olan islama qarşı təhqir-böhtan kampaniyasının davam etdiyi müasir dövrümüzdə, islamofobiyanın gücləndiyi, müsəlman aləminə təzyiqlərin artdığı indiki vaxtda belə tədbirlərin təşkili dünyada əmin-amanlığın təminatına təsir göstərə biləcək ən etibarlı vasitədir. Avropanı bürüyən miqrant faciəsinin kəskinləşdiyi bir zamanda Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətindən yaranan məcburi köçkün və qaçqın problemini təkbaşına həll edən Azərbaycan bu sahədə də Avropa ölkələrini qabaqladığını humanizm və xeyirxahlığı, insanlığa verdiyi dəyəri ilə sübuta yetirir. Multikulturalizmin təbliği, mədəniyyətlərin biri-birini tamamlaması üçün vətəndaş cəmiyyətlərinin müxtəlif komponentləri və fərqli dini konfessiyalara aid şəxslər arasında qarşılıqlı əməkdaşlıq bu cür tədbirlərdə formalaşır.

Mənsumə Babayeva, “İki sahil”