KÖŞƏ

Qvami Məhəbbətoğlu

Radikalların utanan üzü yoxdur

29 noyabr 2019 20:29
2780

Düşdükləri siyasi bataqlıqdan yalan və böhtanla çıxmağa cəhd edirlər

Artıq neçə ildir ki, radikal müxalifət yerində sayır. Belə ki, onlar sosial şəbəkələrdə - virtual aləmdə öz himayədarlarının sifarişləri əsasında ölkəmizə qarşı hədyanlar yağdırır, “insan hüquq və azadlıqlarının pozulması” barədə havadarlarına “faktlar” ötürürlər. Bununla da son illər dünya miqyasında bir çox uğurlara imza atmış respublikamızın imicinə xələl gətirməkdə davam edirlər. Hərdən də eyni şüarlarla qanunsuz piket və küçə yürüşləri keçirməyə cəhdlər göstərməklə öz “varlıqlarını” nümayiş etdirməyə çalışırlar. Bir sözlə, anti-Azərbaycan ünsürlər nəyin bahasına olur-olsun hakimiyyətə gəlməkdən ötrü dəridən-qabıqan çıxırlar. Xalq bu satqınları hər dəfə qınaq obyektinə çevirməklə onlara münasibətini bildirir. Elə onların son küçə yürüşləri də bir daha sübut etdi ki, ənənəvi radikal müxalifətin xalq arasında heç bir dayağı yoxdur. Bir sözlə, insanlar rahat həyatı, inkişafı, əmin-amanlığı kimlərinsə boş vədlərinə qurban vermək niyyətində deyillər. Digər tərəfdən, ötən ilin aprelində keçirilən növbədənkənar prezident seçkisi, ardınca həyata keçirilən islahatlar, nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini Bakıda keçirmələri gerçəkdən ənənəvi müxalifətin bu gününü, siyasi gələcəyini, əgər belə demək mümkünsə,  nokauta salıb.

 Amma  sosial medianın imkanları hesabına özünü “ana müxalifət” adlandıran, söyüş kampaniyalarına rəvac verən, ölkədə qarşıdurma yaratmaq məqsədilə müxtəlif planlar həyata keçirməyə səylər göstərən, erməni separatçıları ilə əməkdaşlıq edən və bu əməkdaşlıqdan qazanc götürən, AXC- Müsavat hakimiyyətində dövlət katibi kimi mühüm postda təmsil olunan Əli Kərimli başda olmaqla bu zavallılar hələ də dərk etmirlər və yaxud dəkr etmək istəmirilər ki, xalqın mandatını qazanmağın yeganə vasitəsi yalnız və yalnız inamdan, etimaddan ibarətdir. Bu inam və etimadı isə onlar hakimiyyətdə olduğu illərdə -1992-1993-cü illərdə müstəqilliyimizi uçuruma aparanda, ölkəmizi vətəndaş müharibəsi ilə üz-üzə qoyanda tamamilə itiriblər. Bu məqamda Preziedent İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə söylədiyi bu sözləri xatırlatmaq yerinə düşərdi: “Heç adi adam hansı ki, özünü lider hesab etmir, özünə rəva bilməz ki, belə, bu cür biabır olsun. Amma bunların belə utanan üzü yoxdur. Bu yaxınlarda yenə də o mənzərəni hamımız görmüşük, biabırçılıqdır, xəstədilər, dəlidirlər, nədirlər, vallah deməyə söz tapmıram”. Bu isə o deməkdir ki, onlar hələ də o illərdə etdikləri acı səhvlərdən hələ də nəticə çıxarmayıblar. Odur ki, xarici havadarlarının əlində oyuncağa çevrilimiş  bu ünsürlər  öz anormal fəaliyyətləri ilə yenə də gündəmə gəlməyə çalışırlar. Üstəlik, onlar xaricdəki havadarlarından aldıqları qrantlar və digər yollarla əldə etdikləri çirkli pulların sayəsində daha da aqressivləşirlər.

Buradan belə qənaətə gəlmək olar ki, ölkəmizdə hələ də sağlam müxalifət yoxdur. Bizə isə siyasi məhbus adı ilə mühacir alveri ilə məşğul olan, cinayətə meyilli, millətin mənafeyindən çox özlərinin maddi maraqlarını güdən, öz ailə üzvlərinə, yaxınlarına gün ağlayan, ölkəmizin uğurlarından kürklərinə birə düşən, sosial mediada hakimiyyətlə, onun ayrı-ayrı üzvləri ilə bağlı əsası olmayan xəbərlər tirajlayan radikal müxalifət lazım deyil. Yeri gəlmişkən, şübhəsiz, bütün bunlar perspektivsiz müxalifətə heç bir perspektiv vəd etmir. Bizə elə bir müxalifət lazımdır ki, o, dövlətçiliyə sadiq olsun, milli qürurunu nümayiş etdirsin, hakimiyyəti tənqid etməklə yanaşı, konstruktiv təkliflər versin, yol göstərsin. Amma düşdükləri siyasi bataqlıqdan çıxmaq məqsədilə həmişə yalan və böhtanlar axtarışında olan əli kərimlilərin simasında bu cür müxalifət, dövlət başçısının bildirdiyi kimi, nə yazıq ki, yaxın üfüqlərdə belə görünmür.