04 dekabr 2019 09:52
928

Bələdiyyələrin əsas vəzifəsinin vətəndaşlara xidmət etməkdir - FOTO

Ağdaşda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Seçicilərlə növbəti görüşlər rayonun Şəmsabad və Birinci Aral kəndlərində keçirilib.

Şəmsabad və Birinci Aral kəndlərində keçirilən görüşləri açan Yeni Azərbaycan Partiyasının Bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyası Seçki Qərargahının Ağdaş rayon şöbəsinin üzvü İsa Eminov qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinin II və III hissələrinə əsasən bələdiyyələr qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq yaradılır, qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən seçkilər əsasında formalaşdırılır və səlahiyyət müddəti 5 ildir: “2014-cü il dekabrın 23-də keçirilmiş seçkilər nəticəsində formalaşmış bələdiyyələrin səlahiyyət müddəti başa çatmaq üzrə olduğundan növbəti seçkilər 2019-cu il dekabrın 23-nə təyin edilib. Bu bələdiyyə seçkilərində respublika üzrə 1606 bələdiyyəyə 15156 üzv seçiləcək. Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edəcək. Yeni Azərbaycan Partiyası tərəfindən Ağdaş rayonu üzrə 26 bələdiyyəyə 242 namizəd irəli sürülmüş və bu namizədlər 89 saylı Göyçay-Ağdaş və 90 saylı Ağdaş Seçki Dairələri tərəfindən qeydə alınıb.”

Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərinə “Xalq üçün” devizi ilə getdiyini vurğulayan İsa Eminov ötən beş il ərzində görülmüş işlərdən bəhs edib, YAP-ın seçki proqramında öz əksini tapan və növbəti beş ildə həyata keçirilməsi nəzərdə tutulan layihə və işlər barədə danışıb.

Yeni Azərbaycan Partiyası Seçki Qərargahının Ağdaş rayon şöbəsinin üzvü Anar Şahmuradov vurğulayıb ki, partiya Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə yerli özünüidarə orqanları olan bələdiyyələrin fəaliyyətinin genişlənməsi üçün münbit şərait yaranıb. Ölkə başçısının rəhbərliyi ilə son on altı ildə gələcəyə hesablanmış əhatəli Dövlət proqramlarının, genişmiqyaslı sosial və infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub, demokratik proseslərə güclü təkan verib, ölkənin beynəlxalq aləmdə nüfuzunu gücləndirib. Bələdiyyələr artıq 20 ildir ki, fəaliyyət göstərir, Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların maraq və mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa, cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərir, fəallıqlarını artırır, öz səlahiyyətləri çərçivəsində konkret işlər görürlər.

Bələdiyyə üzvlüyünə namizədlikləri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Səbinə Mehdiyeva və Səyyah Rəhimli çıxış edərək onlara partiya tərəfindən göstərilən bu  etimadı yüksək qiymətləndirərək minnətdarlığını bildiriblər, bu etimadı öz əməli işləri ilə doğruldacaqlarını, bələdiyyələrin xalqa daha yaxın olmasına, sakinlərin istəklərinin nəzərə alınmasına, regionların müasirləşməsinə öz töhfələrini verməyə çalışacaqlarını bəyan ediblər.

Orxan Vahidoğlu, “İki sahil”