09 dekabr 2019 18:47
938

“Azercell” “Ən yaxşı stend dizaynına görə” sertifikatla təltif edilib

“Azercell Telekom” dekabrın 3-dən 6-dək Bakı Ekspo Mərkəzində keçirilmiş “Bakutel 2019” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin 25-ci Yubileyində baş sponsor və innovativ xidmətlərin təqdimatçısı qismində iştirak edib. “Bakutel 2019” sərgisində bütün ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan şirkət stendi təşkilatçılar tərəfindən “Ən yaxşı stend dizaynına görə” xüsusi sertifikatla təltif edilib. 

“Azercell” hər il olduğu kimi, bu il də mobil rabitə və telekommunikasiya sahəsinin ən innovativ layihələrini öz stendində sərgiləyib. Altı mindən çox iştirakçı tərəfindən ziyarət edilmiş “Azercell”in ənənəvi stendində innovativ, həm biznes, həm də asudə vaxt üçün faydalı yeniliklər təqdim edib. Xatırladaq ki, “Bakutel 2019” sərgisinin keçirildiyi 4 gün ərzində “Azercell” bütün sərgi iştirakçılarını stenddəki mobil telefon və böyük ekran üzərindən 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətli internetin üstünlüyünün şahidi olmaqla ən son nəsil mobil texnologiyanın real sürətini hiss etməyə imkan yaradıb. Bundan əlavə, 5G şəbəkəsi üzərindən 5G Multisensor, 5G Konfrans, 5G Oyunlar və digər rəqəmsal həllər yerli və beynəlxalq qonaqların test rejimində istifadəsi üçün təqdim edilib.

Ötən ay Bakının Fəvvarələr meydanında ilk dəfə 5G sürət sınağını həyata keçirən “Azercell” şirkəti hazırda 5G, süni intellekt (AI) və əşyalar interneti (IoT) sahəsindəki ən son texnoloji nailiyyətləri yerli bazara gətirməklə, şirkətin məhsullar portfelini zənginləşdirmək üzərində çalışır. Şirkətin hədəfi gələcəyin cəmiyyətini və iqtisadiyyatını formalaşdıran texnoloji tendensiyalarla ayaqlaşmağı öndə tutaraq yüksək sürətli mobil internet və daimi bağlantını bütün abunəçilər üçün təmin etməkdir.

Daha ətraflı məlumat üçün [email protected]  ünvanına müraciət edə bilərsiniz.