11 dekabr 2019 15:27
913

YAP Şərur rayon təşkilatı siyasi biliklər olimpiadası keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci il dönümünə həsr olunmuş rayon gəncləri arasında siyasi biliklər olimpiadası keçirilib.

“İki sahil” xəbər verir ki, 40 nəfər gəncin siyasi biliyini sınadığı olimpiadada Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri Əmir Babayev çıxış edərək muxtar respublikada gənclərin siyasi biliklərinin artırılması istiqamətində görülmüş işlərdən, dövlət gənclər siyasətinin öndə duran aktual bir məsələ olduğu barədə danışıb və 2015-2025-ci illərdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaq haqqında gənclərə məlumat verib.

Əmir Babayev qeyd edib ki, Muxtar respublikada gənclərə hər tərəfli dövlət qayğısı göstərilir və bilikli, savadlı intelektual səviyyəsi yüksək olanların irəli çəkilməsi davam etdirilir. Buna görə də gənclərin öz üzərlərində daha çox çalışması, siyasi məsələlərə daha dərindən nüfuz etməsi mühüm məsələdir.

Olimpiadanın keçirilməsi qaydaları barədə münsiflər heyətinin sədri Ramin Şükürov ətraflı məlumat verdikdən sonra olimpiadaya start verilib. İştirakçılar müəyyən olunmuş vaxt ərzində müvafiq sualları ətraflı cavablandıraraq münsiflər heyətinə təqdim ediblər. Münsiflər heyətinin yoxlamalarına və qiymətləndirmələrinə əsasən, qaliblər müəyyən olunub.

Şərur rayon İcra hakimiyyətinin əməkdaşı Xəlilova Aytac Ramiz qızı birinci, Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin direktoru Əsgərova Həcər Vasif qızı ikinci, Şərur Rayon Statistika İdarəsinin əməkdaşı Yusifov Bünyad Məmməd oğlu üçüncü yeri tutub, Şərur Rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əliyev Nuran İlham oğlu isə olimpiadada fərqlənib.

Qaliblərə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının diplom və hədiyyələri təqdim olunub.