28 yanvar 2020 11:28
952

Fəaliyyətim dövründə çalışmışam ki, seçicilərimin etimadını doğruldum

Yanvarın 27-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Yeni Azərbaycan Partiyası tərəfindən 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülən Rauf Əliyevin 9 fevral parlament seçkilərində ilk dəfə səs verəcək gənc seçiciləri ilə görüşü keçirildi.

Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək bildirdi ki,  bütün dünyada olduğu kimi, Azərbaycanda da parlament seçkiləri dövlətimizin, cəmiyyətimizin demokratik inkişafının göstəricisidir. Xalq mövcud vəziyyəti, ölkədə və dünyada gedən prosesləri təhlil edib öz seçimini edir. Ölkədə söz azadlığı, fikir azadlığı tam təmin edilir. Lakin təcrübə göstərir ki, xalqımız çox müdrik xalq olaraq  prosesləri izləyib, düzgün qiymət verərək bütün seçkilərdə öz səsini YAP-a verir. Bu ondan irəli gəlir ki, hazırda YAP-ın Sədri, ölkə başçısı cənab İlham Əliyev dövlət siyasətində insan kapitalının inkişafına ən əsas amil kimi əhəmiyyət verərək Azərbaycan xalqının rıfahının yüksəlməsi, milli maraqların qorunması naminə çalışır. Bu gün xalqımız üçün YAP əmin-amanlıq, firavanlıq, sabitlik deməkdir. Buna görə də, şübhəsiz ki, həmişə olduğu kimi, bu seçkilərdə də YAP-ın namizədləri qalib gələcək.

Deputatlığa namizəd Rauf Əliyev görüşdə çıxış edərək bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Xəzər rayonunda da böyük işlər görülüb. Demək olar ki, bütün məktəblər və səhiyyə ocaqları tam təmir olunub, eyni zamanda, yeniləri ilə əvəz olunub. Ancaq həyat davam edir, yeni-yeni nəsillər yaranır, əhalinin sayı artır. Bu gün sosial həyatın bütün sferalarına nəzər salsaq görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Onlar parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Təbii ki, bütün bunlar cənab Prezidentin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Gənclər də dövlət qayğısını daim öz üzərilərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən inamı doğrultmağa çalışırlar. Mütəmadi olaraq tələbə gənclər təşkilatları üzvlərinin və fəal tələbələrin, gənc alimlərin müxtəlif beynəlxalq müsabiqələrdə, elmi konfranslarda, simpozium və seminarlarda iştirakları təmin edilmişdir. Xaricdə təhsil almaq özü böyük bir göstəricidir. Bəziləri xarici ölkələrin elmi-tədqiqat institutlarında çalışaraq ölkəmizi təbliğ edirlər. Prezident İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir. Artıq gənclərdə könüllülük institutu formalaşmağa başlamışdır. Bu da mühüm əlamətdir.   Düşünürəm ki, bu, ölkəmizdə neft gəlirlərinin insan kapitalına çevrilməsinin maddi sübutudur. Təbiidir ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir. Bu dəstək Azərbaycanda möhkəm əsaslara söykənən sabitliyin, dolayısı ilə də inkişafın təminatçısıdır. Fəaliyyətim dövründə çalışmışam ki, seçicilərimin etimadını doğruldum. Ötən beş il ərzində mütəmadi olaraq seçicilərimin arasında olmuşam, onların yaxşı günlərində, çətin günlərində bir yerdə olmuşam. Eyni zamanda, seçicilərimin problemləri ilə bağlı parlamentdə çıxışlar etmişəm, müvafiq qurumlara bu barədə müraciətlər etmişəm. Mən bu etimadı doğruldacağıma, sizlərin verəcəyiniz səslərə layiq olacağıma söz verirəm və əminəm ki, bundan sonrakı dövrdə də birlikdə böyük nailiyyətlər əldə edəcəyik.

Görüşdə çıxış edən gənclər bildirdilər ki, Azərbaycan gənci XXI əsrin tələblərinə uyğun olaraq beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil edir. Avropa Gənclər Forumunun üzvüyük, İslam Konfransı Təşkilatının gənclər strukturunda Azərbaycan qədər fəallıq göstərən az ölkə var. Azərbaycan gəncləri ölkə hüdudlarından kənarda da özünü təsdiq edib, dünyaya Azərbaycan həqiqətlərini çatdırmağa çalışırlar. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni tərəqqisi ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.

Ötən illərdə gənclərlə bağlı böyük beynəlxalq tədbirlər keçirilib. Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”