18 fevral 2020 21:04
1294

Paşinyan siyasətdə diletant olduğunu bu dəfə də gizlədə bilmədi

Xəbər verildiyi kimi, fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib.

Əslində müzakirələrin tərəflərin mövqeyini növbəti dəfə açıq aydın ortaya qoyduğundan  onun tam şəkildə yenidən mahiyyətinə varmaq o qədər də lüzumlu görünmür. Aydın məsələdir ki, dövlətimizin başçısı təkcə Prezident kimi 16 ildən çoxdur ki,  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Bununla belə, vurğulanmalıdır ki, Prezident İlham Əliyevin qarşı tərəfi çətin vəziyyətə salan, təkzibedilməz faktlara əsaslanan cavabları bu dəfə də hədəfdən yayınmadı. Nəticədə işğalçılıq siyasətinə bəraət qazandırmağa çalışan erməni baş naziri küncə sıxışdıran  Prezident İlham Əliyevin bu uğurunu dövlətimizin başçısının yüksək bilik və bacarığının növbəti bariz nümunəsi hesab etmək olar.

Ermənistan tərəfinə gəlincə, Nikol Paşinyanın dayaz biliyi və təcrübəsizliyi az imiş kimi, bir də reallıqdan kənar fikirlər səsləndirməsi onu bu dəfə də pis vəziyyətdə qoyub. Görünür, təhsili İrəvan Dövlət Universitetindən o tərəfə keçməyən diletant baş nazir Paris Sülh Forumunda, Milandakı erməni kilsəsində nümayiş etdirdiyi “yalandanışma” məharətini  bu dəfə də təkrarlamaq istəyib. Amma...

Məsələn, Paşinyanın Dağlıq Qarabağla bağlı heç bir real fakta əsaslanmayan fikirlərinə Prezident İlham Əliyev  “Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb” arqumenti ilə cavab verib: “Çünki paytaxtın qədim adı Xankəndidir - Xanın kəndi. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, kert Ermənistanda şəhər deməkdir, elə deyilmi? Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb. Bu, bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir erməni tarixi irsi yoxdur...”

Bu fakt nəinki Paşinyanın yalanlarını təkzib edir, həmçinin erməni tarixçilərinin illərdir Dağlıq Qarabağın ermənilərə aid olması ilə “araşdırma”larının da üzərindən xətt çəkir.

Müzakirələrdə maraq doğuran digər hal isə Paşinyanın Xocalı soyqırımının Ayaz Mütəllibovun  Rusiyanın “Arqumentı i faktı” qəzetinə müsahibəsinə istinad edərək Azərbaycan müxalifəti tərəfindən təşkil olunması ilə bağlı idi. Məsələ burasındadır ki, Ermənistanın baş naziri bir müddət əvvəl də bu absurd fikri səsləndirmişdi. Lakin məlum olduğu kimi, dövlətimizin başçısı Paşinyanın beynəlxalq ictimaiyyəti çaşdırmağa hesabladığı bu təxribatına da sabiq prezidentin bunu faktı təkzib edən rəsmi bəyanatına istinad edərək tutarlı cavab verib.

Ölkə başçısı Paşinyanın səsləndirdiyi “Dağlıq Qarabağ ordusu” anlayışına da aydınlıq gətirib və  bildirib ki, dırnaqarası “Dağlıq Qarabağ ordu”sunun 80 faizini Ermənistan vətəndaşları təşkil edir: “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. ATƏT-in Minsk qrupunun həmsədrlərindən soruşun: münaqişə tərəfləri kimlərdir? Onlar da eyni sözləri söyləyəcəklər: Ermənistan və Azərbaycan. Dağlıq Qarabağ deyil”. 

Bundan başqa, Paşinyanın Prezident İlham Əliyevdən tarixin çox dərinliklərinə getməməyini xahiş etməyinə baxmayaraq Əhəmənilər dövlətinə başçılıq etmiş Tiqranı erməni hökmdarı kimi qələmə verməsi də diqqətdən yayınmayıb. 

Politoloq İlqar Vəlizadənin sözlərinə görə, bu müzakirələr Azərbaycan diplomatiyası, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından olduqca vacibdir.

Politoloq məsələni “İki sahil”ə şərh edərkən deyib ki, ölkə başçısı fikirlərini tutarlı faktlarla əsaslandırıb: “Belə ki, dövlətimizin başçısı tutarlı faktlara, konkret hadisələrə və proseslərə istinad edərək Paşinyanın yalançı olduğunu bir daha dünya ictimaiyyətinə göstərdi. Bununla da Prezident İlham Əliyev Azərbaycanın haqlı olduğunu, mövqeyinin haqq-ədalətə söykəndiyini bir daha nümayiş  etdirib”. 

Prezident İlham Əliyevlə Paşinyanın müzakirəsini günün kuliminasiya nöqtəsi hesab edən İ. Vəlizadə vurğulayıb ki, əslində geniş ictimaiyyət üçün bu həqiqətlər yeni ola bilər. Ancaq qərarverici strukturlar, güc mərkəzləri üçün kimin haqlı, kimin haqsız olması bəllidir. Lakin Ermənistan açıq tənqid və  qınaq obyektinə çevrilmir. Çünki təcavüzkar ölkənin işğalçılıq siyasəti ikili standartların üzərindən həyata keçirilir: “Ermənistan özünü digər ölkələrə alət olaraq göstərib. Təəssüflər olsun ki,  iri güc mərkəzləri üçün hələ də bu cür siyasət mövcuddur. Ermənistan isə bunun üçün olduqca əlverişli ölkədir. Götürək elə Türkiyəni. Bu ölkəyə qarşı o qədər ədalətsiz qərarlar, qətnamələr və digər sənədlər qəbul edilib ki, burada ən fəal rolu rəsmi İrəvan oynayıb. Eyni zamanda, Azərbaycana qarşı qətnamələrin hazırlanmasında erməni lobbisi fəal iştirak edir”.

Bununla da Azərbaycanın ədalətli mövqeyinə göz yumulduğunu vurğulayan ekspert onu da qeyd edib ki, Avropa, xüsusilə də Almaniya ictimaiyyəti bu tədbiri izləyib: “Onların arasında müxtəlif ekspertlər, siyasətçilər var idi ki, ilk dəqiqələrdən kimin haqlı olduğunu anlamış oldular. Söhbət ondan gedir ki, Prezident İlham Əliyev dəlillər, mənbələrlə çıxış edirdi. Elə sözügedən qrupdan olan izləyənlərə də belə dəlillərə, mənbələrə istinad lazımdır. Düşünürəm ki, bu baxımdan müzakirə Azərbaycan üçün olduqca vacibdir. Belə ki, Azərbaycan gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində bu müzakirəyə istinad edəcək. Beləliklə, bu görüş münaqişənin tənzimlənməsi tarixinə düşəcək”.

Ceyhun Piriyev, “İki sahil”