KÖŞƏ

Qvami Məhəbbətoğlu

Fürsətcil Əli Kərimlinin koronavirusdan yararlanmaq xülyaları

27 aprel 2020 10:39
3681

Prezident İlham Əliyev koronavirusla mübarizədə xalqımızın sağlamlığı, təhlükəsizliyi naminə əlindən gələni etdiyi halda, özünü “ana müxalifət” adlandıran Əli Kərimli bir daha antimilli mövqeyini ortaya qoyub. Bununla da anti-Azərbaycan dairələrin əlində yesir olmuş “sapı özümüzdən olan” bu ünsür belə çətin günlərdə də Azərbaycan dövlətinə qənim kəsildiyini növbəti dəfə nümayiş etdirir. O, belə ağır günlərdə də dövlət tərəfindən görülmüş böyük işlərə, insanların sosial problemlərinin həlli istiqamətində atılan uğurlu addımlara, edilən yardımlara kölgə salmağa, yaranmış vəziyyətdən özünün iyrənc siyasi məqsədləri üçün istifadə etməyə cəhdlər göstərir.

 Hər fürsətdə özünün antimilli xislətini ortaya qoyan Əli Kərimli bu gün də yalançı bəyanatlarla, saxta faktlar səsləndirməklə sosial şəbəkələrdə insanları itaətsizliyə çağırmaqda, ictimai rəyi çaşdırmağa cəhd göstərməkdədir. Daha doğrusu, o, ölkəmizdə ən neqativ ssenarilərin reallaşması üçün, necə deyərlər, dəridən-qabıqdan çıxır. Hətta onun çıxışlarından koronavirus pandemiyasından ölənlərin sayının artmasını arzuladığı da açıq-aydın hiss olunur. Yəni ölkəmizin uğurlarına qara yaxmağı özü üçün həyat tərzinə çevirən bu başabəla qaragüruhçu dünyanın bütün ölkələrini çıxılmaz duruma salan indiki koronavirus epidemiyası dövründə də siyasi rəzilliyini davam etdirir.

 Əli Kərimli hər kəsin bildiyi bu məlum həqiqəti unudur ki, müxalifətçilik heç bir halda dövlətə və xalqa qarşı yönəlməməlidir. Müxalifət dövlətin milli maraq və mənafelərini hər şeydən üstün tutmalı, yeri gələndə alternativ düşüncələri ilə ölkə qarşısında duran vəzifələrin gerçəkləşməsinə xidmət etməlidir. Anti-Azərbaycan dairələrlə əməkdaşlıq edən və bu əməkdaşlığa qazanc mənbəyi kimi baxan Əli Kərimli isə özünü bu missiyanın ona heç bir aidiyyəti yoxmuş kimi aparır. Halbuki hazırkı dövrdə bizim həmrəyliyə və birgə fəaliyyətə daha çox ehtiyacımız var.

Yeri gəlmişkən qeyd edək ki, hakimiyyət onu və onun kimiləri sivil siyasi münasibətlərə dəvət edib. Amma xarici havadarlarının əlində oyuncağa çevrilmiş bu antimilli ünsür buna da öz arşını ilə don geyindirir. Yəni əsassız şərtlər irəli sürür, bununla qeyri-konstruktiv mövqe nümayiş etdirir. Niyə? Çünki sivil siyasi münasibətlərin qurulması onun qaragüruhçu fəaliyyət prinsiplərinə tamamilə ziddir.

Sual olunur: görəsən, hansı ölkədə müxalifət koronavirus pandemiyasından siyasi məqsədlər üçün istifadə edir? Bu suala birmənalı şəkildə cavab vermək olar ki, heç bir ölkədə belə halla rastlaşmaq mümkün deyil. Müşahidələr göstərir ki, belə çətin situasiyalarda iqtidar-müxalifət mövzusu arxa plana keçir, hər bir siyasi qüvvə potensialını milli maraqlar naminə səfərbər edir. Amma Əli Kəriml isə bir daha sübut edir ki, onu dialoq deyil, hansı yolla olursa-olsun hakimiyyətə gəlmək maraqlandırır.

Bir sözlə, xalqa və dövlətə qənim kəsilmiş Əli Kərimli müxalifətçiliyi antimilli platformaya çevirməklə öz iyrənc planlarını həyata keçirməyə çalışır. Üstəlik, həmişə yalan və böhtanlar axtarışında olan Əli Kərimli son çıxışlarında karantin rejimini pozanların cəzalandırılmasına da siyasi don geyindirir. Yüklənmə ilə əlaqədar rabitə sistemində yaranmış problemi isə özünə qarşı təxribat kimi dəyərləndirir. Guya o, bu səbəbdən internetdən istifadə edə bilmirmiş. Bununla da kiçik bir olaydan böyük şou düzəltməyə səy göstərir. Amma yaxşı nəzər etdikdə açıq-aydın görünür ki, onun bütün “müraciətləri” elə internet üzərindəndir. Bütün bunlar isə bir daha sübut edir ki, AXCP sədri Əli Kərimli nəyin bahasına olursa-olsun ölkədə qarşıdurma yaratmaq, bununla da öz havadarlarının arzularını reallaşdırmaqda israrlıdır.

Yeri gəlmişkən qeyd edək ki, onun anti-Azərbaycan dairələrlə işbirliyi, onlardan sifarişlər aldığı zaman-zaman təkzibolunmaz faktlarla ifşa olunub. Şübhəsiz, xalqımız da bütün bunları yaxşı bilir. Odur ki, onun antimilli müstəvidə qurulmuş fəaliyyətini pisləyir. Üstəlik, Əli Kərimlinin bu cəhdləri siyasi iflasdan qurtulmaq cəhdləri kimi dəyərləndirilir. Beləsinə nə ad verəsən? Dağıdıcı müxalifətçimi? Bu məqamda Prezident İlham Əliyevin bu sözlərini xatırlatmaq yerinə düşərdi: “Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən”.

Bəli, bu ağır günlərdə də xalqımız dövlətin atdığı addımları təqdir etməkdədir. Bu isə o deməkdir ki, anti-Azərbaycan dairələrə sığınan Əli Kərimli və onun ətrafında cəm olan milli satqınlar heç zaman öz iyrənc məqsədinə nail ola bilməyəcəkdir.