04 may 2020 10:14
1686

Bu gün koronavirusla mübarizədə ön cəbhədə olanlara ən gözəl minnətdarlıq: özünütəcrid!

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciətlərində ölkə vətəndaşlarına daim bu çağırışı edir ki, biz bu qaydalara nə qədər ciddi və səmərəli riayət etsək, epidemiya ilə mübarizə aparan qardaş və bacılarımız adi həyat tərzinə və öz ailələrinin yanına bir o qədər tez qayıda bilərlər

Ağır iqtisadi və sosial fəsadlara yol açan, insanların sağlamlığına böyük zərbə vuran koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir. İstər ölkədə, istərsə də dünyada virusa yoluxmanın, sağalmanın və ölümün gündəlik satistikasına diqqət yetirdikdə narahatlıqlar artır. Bu baxımdan ki, dünyada vəziyyət ağırlaşır, ölkəmizdə isə sağalma halı yoluxma halını üstələyir. Bu da təbii ki, vətəndaşlarımızda bir rahatlıq yaradır.

Statistikaya uyğun olaraq karantin qaydalarında yumşalmalar olsa da, insanlar arxayınlaşmamalı, hər kəs özünün mənəvi həkimi olmaqda davam etməlidir. Hər zaman qeyd etdiyimiz kimi, heç kəs bu virusa yoluxmadan sığortalanmaq, ən əsası özündə əminlik yaratmaq imkanında deyil.

Dövlətimizin pandemiyaya qarşı mübarizənin başlandığı gündən atdığı addımlardan daim bəhs edirik. Bu, bizim öncə vətəndaşlıq borcumuzdur, eyni zamanda, maarifləndirmə işinə töhfəmizdir. Ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, həmçinin imzaladığı Fərman və sərəncamlardan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı, ümumilikdə, insanların sağlamlığının, sosial müdafiəsinin gücləndirilməsini, ölkənin dayanıqlı inkişafını özündə ehtiva edir.

Dövlətimizin başçısı İlham Əliyev Sumqayıt Kimya Sənayesi Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı zamanı Azərbaycan xalqına müraciətində qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə hal-hazırda koronavirus xəstəliyinin yayılmasının geniş vüsət almadığını önə çəkərək, diqqəti dünyanın inkişaf etmiş ölkələrində gündə artan xəstəlik və ölüm hallarına yönəldərək qeyd etmişdir ki, heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Bu, bizim üçün də bir dərs olmalıdır. Ölkəmizdə qabaqlayıcı tədbirlərin görülməsi və vəziyyətə uyğun şəkildə bu addımların atılmasında məqsəd insanların həyatını, sağlamlığını qorumaq və bu xəstəliyin geniş vüsət almasına imkan verməməkdir. İlk gündən görülən tədbirlər öz müsbət nəticəsini verir. Öncə gigiyena və özünütəcrid qaydalarına əməl edilməlidir. Hamımız əllərin tez-tez yuyulması, maskalardan və əlcəklərdən istifadə olunması, insanlar arasında məsafənin qorunması, ən əsası lazım olmadığı təqdirdə küçəyə çıxmamaq kimi daxili məsuliyyət hissimizi formalaşdırmalıyıq.

Son aylar koronavirus infeksiyasına qarşı mübarizə ilə əlaqədar olaraq apteklərdə tibbi maska çatışmazlığı günümüzün probleminə çevrilmişdi. “Bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır” söyləyən ölkə Prezidenti İlham Əliyev xalqa müraciətində Azərbaycanda bu sahədə daim idxaldan asılılığın olduğunu önə çəkərək vurğulamışdır ki, amma qısa müddətdə yerli istehsal təşkil edildi. Bu istehsal imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq. Bu kimi məqamlara diqqət yönədən ölkə Prezidenti, eyni zamanda, bildirmişdir ki, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür: “Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!”

Azərbaycanda ilk gündən görülən tədbirlər öz müsbət nəticəsini verir. İnsanların sağlamlığının təmin edilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Qüvvəyə minən karantin qaydalarının bir məqsədi var ki, bu da xəstəliyin Azərbaycanda geniş yayılmasına imkan verməməkdir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, vaxt amilinin, həkimlərin peşəkarlığının və mövcud imkanların vəhdəti Azərbaycanın az itkilərlə bu vəziyyətdən çıxmasına şərait yaradır. Hazırda Azərbaycanda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Ən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur.

Cənab İlham Əliyev qeyd olunan müraciətində yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin regionların, həmçinin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə təsdiqlədiyi Dövlət proqramlarına uyğun olaraq paytaxt və rayonlarda tikilib istifadəyə verilən, dünya standartlarına cavab verən müalicə-diaqnostika mərkəzləri vətəndaşlara hər cür xidməti göstərir. Son 16 ildə Azərbaycanın yalnız bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 Mərkəzi Rayon Xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir. Bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Son 16 ildə Azərbaycanda 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Son illər müayinədən keçən vətəndaşların sayı 5 milyona çatıb. “Mən 10 il bundan əvvəl vətəndaşlara belə bir tövsiyə etmişdim ki, ildə bir dəfə hər bir vətəndaş müayinədən keçsin, öz sağlamlığı haqqında onda da, həkimlərdə də məlumat olsun, lazım olan halda müalicə alsın, cərrahiyyə əməliyyatından keçsin” söyləyən dövlətimizin başçısı onu da vurğulayır ki, ancaq o vaxt lazımi şərait yox idi, bu gün isə bu şərait var. Ona görə belə gözəl tibb mərkəzinin yaradılması bizim siyasətimizin göstəricisidir. Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində aparılan məqsədyönlü siyasət hər bir vəziyyətdən uğurla çıxmağa əsas yaradır.

Vətəndaşlara bu çağırışlar da edilir ki, tətbiq olunan qaydalar ilk növbədə hər kəsin özünün və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır. “Koronavirus pandemiyası nə vaxt qurtaracaq bunu heç kim bilmir, heç kim proqnoz verə bilmir” söyləyən cənab İlham Əliyev bildirir ki, ona görə biz də sadəcə olaraq, həm ölkə daxilində vəziyyəti tam nəzarətdə saxlamalıyıq, geniş monitorinq aparmalıyıq və aparırıq. Eyni zamanda, dünyada gedən prosesləri də yaxından müşahidə edərək öz addımlarımızı elə ataq və tam əmin olaq ki, bu koronavirus pandemiyası artıq təhlükə törətmir: “Hesab edirəm ki, ancaq ondan sonra müəyyən dərəcədə yumşalma addımlarının atılması mümkündür. Hələ ki, demək tezdir, amma son günlərin rəqəmləri ümidvericidir. Ümid etmək istəyirəm ki, bu müsbət dinamika, yəni, xəstələrin sayı ilə bağlı müsbət dinamika bundan sonra da davam edəcək. Ancaq yenə də deyirəm, biz addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq.”

Qeyd edək ki, yeni növ koronavirus infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidomoloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci ilə qədər uzadıldı. Atılan addımlar sağlamlığa təminatdır.

Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqa müraciətlərində əksini tapan fikirlər vətəndaşlara məsuliyyət hissinin artırılmasına bir çağırışdır. “Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm!” söyləyən Azərbaycanın Birinci vitse-prezidenti xalqa müraciətində hər kəs üçün çətin olan bu məqamı da xüsusi qeyd edir ki, gündəlik həyat tərzindən imtina edib evdən çölə çıxmamağın, doğma və yaxınlarınla görüşməməyin, bəzən övladlarını və nəvələrini qucaqlamaq imkanından məhrum olmağın necə çətin olduğunu anlayıram: “Amma əgər biz məsuliyyətli vətəndaşlarıqsa, əgər həqiqətən valideynlərimizi seviriksə (mən isə buna əminəm!), əgər biz doğrudan da övladlarımızın və nəvələrimizin qədrini biliriksə, biz bunu onlar üçün etməyə borcluyuq, məhz borcluyuq! Özümüz üçün! Vətənimiz naminə!”

Yeganə Əliyeva, “İki sahil”