KÖŞƏ

Qvami Məhəbbətoğlu

Sosial ədalət bərqərar olduqca...

18 may 2020 11:06
3961

Ölkəmizdə prioritet istiqamətlərdən biri də sosial siyasətdir. Davamlı olaraq həyata keçirilən bu siyasətin məntiqi nəticəsi kimi ciddi infrastruktur layihələri, artan əməkhaqları və müavinətləri, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan addımları nümunə göstərmək olar. Buraya əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqəsinin- şəhid ailələrinin, əlillərin, qaçqın və məcburi köçkünlərin problemlərinin də daim diqqət mərkəzində saxlanılmasını əlavə etmək olar. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir. Bu isə o deməkdir ki, koronavirus pandemiyası təhlükəsi ölkəmizi tutduğu yoldan, yəni sosial layihələrin uğurlu icrasından dayandıra bilməyib. Məsələn, bu il dövlətimizin başçısının 8 minə yaxın məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəllələrinin salınması barədə tapşırığının icrası istiqamətində zəruri işlər davam etdirilir.

Yeri gəlmişkən qeyd edək ki, dünya ölkələrinin əksəriyyətinin son aylarda koronavirus pandemiyası qarşısında ciddi sosial-iqtisadi problemlərlə üzləşdiyi bir zamanda Azərbaycanın iqtisadi inkişaf tempini qoruyub saxlaması, eləcə də ciddi sosial paketin reallaşdırılması dövlət rəhbərinin uğurlu siyasətinin nəticəsi kimi həm ölkəmizdə, həm də xaricdə yüksək dəyərləndirilir. Bütün bunlar isə yalnız bir həqiqətdən xəbər verir: Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir.

Şübhəsiz, sosial dövlətdə sosial ədalət bərqərar olmalı və şəffaflıq tam təmin edilməlidir. Ancaq bəzən vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, hətta yardıma ehtiyacı olan dövlət tərəfindən ona ayrılan yardımı ala bilmir. Yəni bəzi məmurlar tərəfindən kasıb insanın çörək pulu əlindən alınır, ona çatacaq vəsait mənimsənilir. Belə hallarla bağlı artıq müəyyən faktlar da ortadadır. Prezident İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən sosial ədalət prinsiplərinin pozulmasının digər hallarının da artıq üzə çıxarıldığını vurğulayıb: “Bir çox rayonlarda yararsız vəziyyətə düşən çoxmərtəbəli binaların sökülməsi və onların yerində yeni binaların tikilməsi üçün mənim Sərəncamımla milyonlarla manat vəsait ayrılıb, milyonlarla. Amma sonra bəlli olur ki, o binalarda dövlət tərəfindən mənzillərlə təmin edilən insanlardan pul alınıb.”

Dövlətimizin başçısı, həmçinin bildirib ki, xoşagəlməz hallar təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da var və bunlarla bağlı siqnallar var, məlumatlar daxil olub. Hətta köçkünlər üçün nəzərdə tutulmuş mənzillərin bölgüsündə mənfi hallar kifayət qədər olub: “Mənə verilən məlumata görə, bəzi hallarda köçkünlərdən pul alırdılar. Halbuki, dövlət onları pulsuz mənzillərlə təmin edir. Bu faktlar da araşdırılır”. Prezident təəssüflə qeyd edib ki, ona verilən məlumata görə, bir binada yaşayanların 20 faizi heç köçkün olmayıb. Amma onlar köçkünlər üçün nəzərdə tutulan binada yaşayırlar. Onların həmin binaya kimlər tərəfindən yerləşdirilməsi, kimlər tərəfindən qeydiyyata alınmasına isə şübhəsiz hüquq-mühafizə orqanlarının araşdırmalarından sonra aydınlıq gətiriləcək.

Göründüyü kimi, Prezident İlham Əliyev ölkəmizdə sosial ədalət prinsiplərinin üstünlük təşkil etməsində israrlıdır: “Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır”. Dovlət başçısının bu qəti tələbi bir daha insanlarda belə bir əminlik yaradır ki, ölkəmizdə xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha amansız formada aparılacaq və belə hallara son qoyulacaq! Bəli, artıq dövlət başçısının da bildirdiyi kimi, neqativ əməllərə yol verənlərin mübtəla olduqları xəstəliyin müalicəsi artıq başlayıb. Bu da heç şübhəsiz hüquq mühafizə orqanlarının həyata keçirdikləri əməliyyatlardır. Bütün bunlar da vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır.