KÖŞƏ

Taleh Bağırov

Dağıdıcılar anarxist və antimilli simalarını bir daha ortaya qoyurlar

19 iyun 2020 10:39
7653

Altı aya yaxın müddətdir ki, dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyası qlobal problem kimi dövlətlər və cəmiyyətlər qarşısında yeni çağırışlar yaradır, insanların həyat tərzini müəyyən mənada dəyişir. Ən pisi isə odur ki, bu bəlanın nə vaxt və hansı nəticələrlə yekunlaşacağı insan övladına məlum deyil. Buna baxmayaraq təbii olaraq pandemiyanın ortaya çıxardığı fəsadların aradan qaldırılması istiqamətində dövlətlər, beynəlxalq təşkilatlar, elm adamları bütün zəruri resursları səfərbər edərək iqtisadi-sosial problemlərin həllinə nail olmaq, insanların sağlamlıqlarının qorunması üçün vacib addımlar atmaqda davam edirlər. İndi bütün ölkələrin məqsədi eynidir: pandemiya ilə birgə mübarizə aparıb ona qalib gəlmək.

Azərbaycan dövləti də bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Ölkəmizin pandemiya ilə mübarizə təcrübəsi müsbət nümunə kimi təqdir olunur. İnsanların sağlamlığı və təhlükəsizliyinin qorunması istiqamətində bütün zəruri işlər həyata keçirilir, o cümlədən həkimlər böyük fədakarlıq, peşəkarlıq nümunəsi ortaya qoymaqla öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Heç şübhəsiz, belə bir şəraitdə dövlətin həyata keçirdiyi effektiv tədbirlərə ictimai dəstək verilməsi, o cümlədən fərdi məsuliyyət və milli həmrəylik nümayiş etdirilməsi müstəsna əhəmiyyətə malikdir.

Lakini əfsuslar olsun ki, istər ölkə daxilindəki, istərsə də xaricdəki bəzi antimilli qüvvələr, “beşinci kolon” nümayəndələri belə bir gərgin dövrdə  ictimai rəyi manipulyasiyaya məruz qoymaq üçün təxribat və dezinformasiya xarakterli məlumatlar yaymağa cəhd edir, görülən tədbirlərin əhəmiyyətini azaltmaq, əldə edilən nailiyyətlərin üzərinə kölgə salmaq üçün “əldən-ayaqdan gedirlər”. Təbii ki, dağıdıcı müxalifət düşərgəsində cəmləşən “sapı özümüzdən olan baltalar”ın bu səylərinin xidmət etdikləri anti-Azərbaycan dairələrin siyasi sifarişlərinə əsaslanması, onların dəyirmanına su daşıması, xalqımıza və dövlətimizə qarşı “qara piar” kampaniyasının tərkib hissəsi kimi çıxış etməsi hər kəsə bəllidir.

Qeyd etdiyimiz kimi, həmin antimilli ünsürlər Azərbaycanda pandemiyanın təsirlərinin minimuma endirilməsi yönündə atılan addımları görməzdən gəlir, dövlətin öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinin təmin olunması ilə əlaqədar həyata keçirdiyi tədbirlərin üzərinə kölgə salmağa cəhdlər edirlər. Məsələn, tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində reallaşdırılan tədbirləri fərqli formada ictimai rəyə təqdim etməyə çalışan Əli Kərimli, Gültəkin Hacıbəyli kimi dağıdıcılar vətəndaşları qanunlara qarşı çıxmağa çağırır, yalan məlumatlarla – dezinformasiyaya əsaslanan çağırışlarla təşviş yaratmağa çalışırlar. İctimai fikri manipulyasiyaya məruz qoymağa çalışan dağıdıcılar qanunun tələblərinin pozulmasına haqq qazandırmağa çalışmaqla öz anarxist və antimilli simalarını bir daha ortaya qoyurlar. Əslində özləri də yaxşı bilirlər ki, xalqımız ölkə daxilindəki bu antimilli ünsürlərin əsl niyyətlərini görür və onların yalanlarına qətiyyən inanmırlar.