KÖŞƏ

Taleh Bağırov

İstefalar dalğası “Milli Şura”nı dənizin dibinə aparır

05 iyun 2020 17:35
3870

2013-ci ildə keçirilən prezident seçkiləri öncəsi yaradılan dağıdıçılardan ibarət “Milli Şura” adlanan qurumda vəziyyət hər ötən gün daha da gərginləşməkdə davam edir. Ötən günlərdə koordinasiya mərkəzinin son biarırçı videokonfransı radikal müxalifət düşərgəsinin iç üzünü növbəti dəfə Azərbaycan cəmiyyətinə nümayiş etdirdi. Bu konfrans və ardınca reallaşan istefalar dalğası “şura”nı dənizin dibinə bir az da yaxınlaşdırdı. İstefa verənlər bir daha “Milli ”şura”nın xarici antimilli qüvvələrlə iş birliyi içində olduğunu bildirdilər.

Eldəniz Quliyev qondarma “şura” sədri Cəmil Həsənlinin xarici antimilli təşkilatların sifarişləri əsasında hərəkət etdiyini qeyd etdi. Təbii ki, bu fakt dağıdıcıların illərdir xarici antimilli mərkəzlərin diktələri əsasında fəaliyyət göstərdiyini, cılız korporativ maraqların əsirinə çevrildiyini bir daha təsdiqləyir.

Heç bir sosial dayağı olmayan, xalq tərəfindən dəstəklənməyən və ən əsası öz toplantılarında ən adi etik qaydalara belə riayət etməyən, leksikonu və ritorikası küçə dialektinə əsaslanan dağıdıcların əsl məqsədləri yeni faktlar əsasında təkrar-təkrar üzə çıxır. Görünən odur ki, bu təfəkkür ilə heç bir zaman xalqdan dəstək ala bilməyəcəyini anlayan həmin ünsürlərin yeganə məqsədi radikal düşərgə daxilində önə çıxmaq, özlərini xarici antimilli donorlara “tək müxalifət” qismində təqdim etməkdir. Bu, onların özləri tərəfindən də etiraf olunur. Yəni, qondarma “şura”nın son toplantısında müzakirə predmetlərindən birinin məhz radikal düşərgədə hansısa yeni “birliyin” yaranmasına həsr olunması və Gültəkin Hacıbəyli, Qənimət Zahid kimi Əli Kərimlinin əlaltılarının bundan narahatlıq keçirməsi bir sıra mətləblərdən xəbər verir.

Maraqlıdır ki, Gültəkin Hacıbəylinin bundan öncə radikal düşərgə daxilində yaradılmış birlikləri “kolxoz” adlandırması, əslində onun qondarma “Milli Şura” da daxil olmaqla ümumən dağıdıcı düşərgəyə verdiyi qiymət kimi anlaşılmalıdır. Digər tərəfdən, təmsil etdiyi düşərgənin təşkilatlarını belə bir sözlə xarakterizə etməsi G.Hacıbəylinin “siyasi yetkinliyi”nin göstəricisi sayıla bilər. Qondarma “şura”nın digər təmsilçilərinin də bu “epitetə” qarşı hər hansı bir reaksiya verməmələri isə onların da siyasi təfəkkürlərinin eyni səviyyədə olduğunu göstərən amildir.

Məsələnin başqa bir maraqlı tərəfi isə ondan ibarətdir ki, radikal düşərgə daxilində hansısa bir “yeni platformanın” yaranmasından bu qədər narahatlıq keçirən G.Hacıbəyli və digərləri növbəti dəfə özlərini “ələ vermiş” olurlar. İlk olaraq Əli Kərimlinin və AXCP-nin artıq siyası meydanda olmadığını etiraf edən G.Hacıbəyli yeni birlikdə təmsil olunan “düşərgədaşlarını” “Milli Şura”ya üz tutmadıqları üçün az qala xain elan edir. Eyni zamanda, “şura”da təmsil olunanlar anlamağa başlayıblar ki, inhisara almağa çalışdıqları müxalifətçiliklərinin əsl üzü açılır.

Qısa olaraq deyə bilərik ki, keçirdikləri son toplantı ilə siyasi iflaslarını sürətləndirən qondarma “şura”çılar siyasi palitradan tamamilə silindiklərini anladıqları üçün affekt vəziyyətinə düşüblər və yenidən sağa-sola, daha doğrusu, öz düşərgədaşlarına qarşı ittihama başlayıblar. Bunun isə tək məqsədi var: xarici donorların onlara itmiş etimadını yenidən qazanmaq. Çünki onlarin siyasi dünyagörüşünün bir hədəfi var:  şəxsi mənfəət üçün pul taplamaq.