25 sentyabr 2020 19:16
728

 Elman Məmmədov: Azərbaycan Ordusu dövlətimizin və xalqımızın təhlükəsizliyini qorumağa yüksək səviyyədə hazırdır

«Artıq neçə ildir ki, təcavüzkar Ermənistanın Azərbaycana qarşı təxribatları, cəbhə xəttində tez-tez atəşkəs rejmini pozması halları davam edir. Azərbaycan hər zaman Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə, danışıqlar yolu ilə həllində maraqlı olub. Lakin Ermənistan ona verilən bu şansdan hələ də düzgün istifadə edə bilmir və əksinə, prosesləri savaşa doğru sürükləyir. Dövlətimizin başçısı qeyd edib ki, təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür: «Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik.»  Ölkəmizin rəhbəri onu da qeyd edib ki, Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun "Qarabağ Ermənistandır" bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz "yeddi şərti" tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.»

 Bu fikirləri İkisahil.TV-yə müsahibəsində Milli Məclisin deputatı Elman Məmmədov bildirib.

E.Məmmədov vurğulayıb ki, Ermənistanın işğal edilmiş torpaqlarda məskunlaşdırma aparması faktları da həm danışıqlar prosesinə zərbədir, həm də bütün beynəlxalq konvensiyalara  ziddir, qanunsuz əməldir, cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Təbii olaraq ermənilərin Livandan Dağlıq Qarabağ ərazisinə köçürülməsi məqsədli şəkildə həyata keçirilir. Onların əsas məqsədi işğal altında olan Azərbaycan torpaqlarında etnik ermənilərin sayını süni sürətdə artırmaqdır. ASALA erməni terror təşkilatının tarixən Livan ərazisində formalaşdığı nəzərə alınarsa, xüsusi düşərgələrdə təlim keçmiş terrorçuların Azərbaycan ərazilərinə gəlməsi istisna edilmir. İndiki vəziyyət beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktı kimi beynəlxalq təşkilatlarda, xüsusilə də münaqişənin sülh yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərində dərin narahatlıq hissi yaratmalıdır. Mənfur qonşularımız hər zaman beynəlxalq hüququn prinsip və normalarına, beynəlxalq ictimaiyyətə və demokratiya qanunlarına etinasızlıq göstərərək işğal etdiyi Azərbaycan ərazilərinin azad olunması barədə  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud qətnamələrini icra etməkdən boyun qaçırır.

Elman Məmmədov qeyd edib ki, Ermənistan yeni böyük müharibəyə hazırlaşır və son günlər təmas xəttinin yaxınlığında işğalçı ordunun qüvvələrinin cəmləşməsi prosesi intensiv xarakter alıb. Eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır. Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək. Azərbaycana qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq və artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə qalmayacaq.  Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, bunun onlar üçün çox ağır nəticələri olacaq”.

E.Məmmədov diqqətə çatdırıb ki, Azərbaycan-Türkiyə əlaqələrində hərbi əməkdaşlıq da mühüm yer tutur. Bilirsiniz ki, hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər. Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. İki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır.

E. Məmmədov xüsusi olaraq vurğulayıb ki, bu gün dostlarımızla yanaşı, düşmənlərimiz də Azərbaycan Ordusunun nəyə qadir oldugunu görürlər. Təbii ki, dostlarımız sevinir, düşmənlərimiz isə pəjmürdə olurlar. Azərbaycan Ordusu öz hazırlıqlarını bu illər ərzində təmas xəttində ermənilərin törətdikləri təxribatlara cavab verərkən dəfələrlə nümayiş etdirib. 2016-cı ilin Aprel döyüşləri, Naxçıvan istiqamətində əldə etdiyimiz nailiyyətlər, Tovuz döyüşləri  Azərbaycan Ordusunun hazırlığını, döyüş qabiliyyətini  əyani surətdə göstərir. Bu gün Azərbaycan Ordusu özünün maddi-texniki bazası, silah-sursat təminatı ilə fərqlənir. Azərbaycan zabitinin biliyi, savadı, döyüş qabiliyyəti, hərbi hazırlığı, müasir texnikalardan baş çıxarması keçirilən böyük hərbi təlimlərdə təsdiqini tapır. Bütün bunlar hamısı deməyə əsas verir ki, biz ordumuza güvənirik, onunla fəxr edirik. Bu gün Azərbaycan regionda ən güclü orduya  malik dövlətə çevrilib. Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.»

E.Məmmədov qeyd edib ki, bir Azərbaycan vətəndaşı kimi tam əminliklə deyirəm ki, Azərbaycan Ordusu dövlətimizin və xalqımızın təhlükəsizliyini qorumağa yüksək səviyyədə hazırdır. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Ali Baş Komandanımızın əmrini gözləyir. İnanırıq ki, Azərbaycan Ordusu qısa bir müddətdə Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcək, ərazi bütövlüyümüz təmin olunacaq.

Şəmsiyyə Əliqızı,

Könül Əliyeva, «İki sahil»