30 sentyabr 2020 19:05
1472

Erməni vandalizmi: Faktlar və rəqəmlər…

Erməni təxribatı nəticəsində 14 mülki şəxs həlak olub, 46 nəfər xəsarət alıb

Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan öz cinayətkar, faşist və işğalçı siyasətini davam etdirir. Zaman-zaman atəşkəs rejimini pozan, hərbi təxribatlar törədən düşmən ölkə bununla mövcud status-kvonun saxlanmasına çalışır. Hələ iyul ayında ermənilərin Tovuz istiqamətində təxribatları ölkəmizə qarşı yeni müharibənin hazırlanmasından xəbər verirdi. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyasında Ermənistanın yeni təxribatlara və müharibəyə hazırlaşdığını dünya ictimaiyyətinin diqqətinə çatdırdı və Ermənistanıntəcavüzünün qarşısının alınması ilə bağlı tədbirlərin görülməsinin vacibliyini qeyd etdi. Bununla belə, cənab Prezident Ermənistanın yeni təxribatlara əl atacağı təqdirdə Azərbaycan tərəfinin cavabının ağır olacağı ilə bağlı xəbərdarlıq etdi.

Bütün bunlardan nəticə çıxarmayan Ermənistan sentyabrın 27-də səhər saatlarından ölkəmizə qarşı genişmiqyaslı təxribatlara başladı. Lakin qüdrətli Azərbaycan Ordusu düşmənin layiqli cavabını verdi və onu böyük itkilərə məruz qoydu. Ordumuz bir neçə yaşayış məntəqəsini, strateji postları və yüksəklikləri düşmən tapdağından azad etdi. Azərbaycan ordusu qarşısında aciz qalan düşmən çirkin ənənəsinə sadiq qalaraq əhalini və obyektləri atəşə tutur. Bu, eyni zamanda, beynəlxalq müharibə cinayəti hesab olunur. Erməni hərbi birləşmələri bütün vasitələrdən istifadə edərək Azərbaycanı təxribata sürükləməyə çalışır.  Heç bir müharibə qanunlarına riayət etməyərək mülki vətəndaşları atəşə tutur, onların əmlaklarına ziyan vurur.

Belə ki, sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailənin həlak olması xəbəri bizi sarsıtdı. Azərbaycanın şanlı silahlı qüvvələri düşmənin mülki vətəndaşları ilə deyil, məhz terrorçu ordusu ilə müharibə aparır, layiqli cavablarını verir, ərazilərimizi azad edir.

Bütöv bir ailənin məhv olmasına səbəb olan bu təcavüz nəticəsində həlak olanlardan ikisi - 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləri olublar.

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 46 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 14 nəfər isə həlak olub. Bundan başqa, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 116 yaşayış evinə, həmçinin 26 mülki obyektə ziyan vurub, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

Ermənistan tərəfi bundan öncə də azərbaycanlı mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alaraq, onlara qarşı insanlıq əleyhinə cinayət aktları törədib. 1992-ci ilin 26 fevral tarixində Xocalıda 613 dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, sərhədboyu, eləcə də təmas xətti yaxınlığında yaşayan və aralarında azyaşlı uşaqlar da olmaqla azərbaycanlı mülki şəxslərin məqsədyönlü şəkildə düşmən gülləsinin hədəfinə çevrilməsi, eləcə də 2016-cı ilin aprel hadisələri zamanı 6 mülki şəxsin həlak olması və 33 nəfərin yaralanması Ermənistan təcavüzünün günahsız qurbanlarıdır. Xatırladaq ki, bu il iyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944- cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub. Eyni zamanda, Qazax rayonu, Bala Cəfərli kəndi ilə üzbəüz mövqedə yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus reaktiv qurğudan buraxılmış mərminin atılaraq partlaması səbəbindən həmin mərminin müxtəlif hissələri Xanlıqlar kənd sakinləri Səlminə Əliyeva, Məhbub Orucova, Əziz Şirinov, İlham Mehtiyev, Razim Musayev və Kamil Cahanova məxsus evlərin dam örtüklərinə, həmçinin həyətyanı sahələrinə səpələnmiş və nəticədə zərərçəkmiş şəxslərin əmlakları qəsdən zədələnməklə sonunculara xeyli miqdarda ziyan vurulub.

Münaqişə başlanan andan bəri Ermənistan silahlı qüvvələri, yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutmaqla yanaşı, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurmaqda davam edir. Məlum olduğu kimi, beynəlxalq hüquq münaqişələr və müharibələr vəziyyətində insan hüquqlarının mühafızəsinin və müdafiəsinin əsas elementlərini və onun icra mexanizmlərini ətraflı tənzim edib. Ermənistan isə beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını və bu xüsusda üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozur. Ermənistan Respublikası tərəfindən “Müharibə qurbanlarının müdafiəsinə dair” 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının tələbləri, BMT-nin İnsan Hüquqları Komissiyasının 58-ci sessiyasının qəbul etdiyi “İtkin düşmüş şəxslər haqqında”, habelə “Hərbi münaqişələr zamanı, sonradan həbs olunanlar da daxil olmaqla, girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında” qətnamələri mütəmadi olaraq pozulur. Ermənistanın dövlət səviyyəsində bilərəkdən müharibə qanunlarına riayət etməməsi, bu siyasətin isə ağır nəticələrə səbəb olması beynəlxalq insan hüquqları təşkilatları tərəfindən ciddi tədbirlər görülməsinə zərurət yaradır. Buna nail olmaqdan ötrü  insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən milli təşkilatlar Ermənistan dövlətinin mülki vətəndaşlara qarşı törətdikləri sülh və insanlıq əleyhinə olan müharibə cinayətlərinə dair faktları toplamaqla beynəlxalq səviyyədə mühakimə qurulması üçün tədbirlər görməlidirlər.

Nigar Orucova, “İki sahil”