01 oktyabr 2020 17:48
894

Azərbaycan Vətən müharibəsində qələbə yürüşünü davam etdirir

Üstünlük  təkcə hərbi əməliyyatlarda yox, həmçinin sosial şəbəkə platforması üzərindən də aydın görünür

Ermənistan ordusunun cəbhədə təxribatı sonrası Azərbaycan ordusunun əks-hücum əməliyyatı Dağlıq Qarabağda yaşayan əhali arasında ciddi qorxu yaradıb. Dağlıq Qarabağda yaşayan ermənilər hazırda təşvişə düşüb və yaşadıqları ərazini tərk etməyə başlayıblar. Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan "Qovorit Moskva" radiosuna müsahibəsində etiraf edib ki, Azərbaycanın əks-hücum həmlələri Ermənistanda və Dağlıq Qarabağda yaşayan ermənilər arasında ciddi təlaşa səbəb olub. Erməni səfir bildirib ki, İrəvanda Dağlıq Qarabağ əhalisinin təxliyəsi planı üzərində iş gedir: "Ermənistan bölgədə vəziyyətin gərginləşməyə davam etməsi halında Dağlıq Qarabağ əhalisinin təxliyəsi üçün humanitar dəhlizlərin təşkili imkanlarını nəzərdən keçirir. Bu cür məsələlər nəzərdən keçirilir. Lakin ümid edirik ki, iş bu yerə gəlib çatmayacaq".

Rusiyanın “İzvestiya” qəzetinin bölgəyə ezam olunmuş müxbiri isə qeyd edir ki, işğal olunmuş Dağlıq Qarabağın Xankəndi şəhərində ermənilərin özbaşına təxliyəsi həyata keçirilir. Onun sözlərinə görə, insanlar kütləvi şəkildə İrəvana göndərilir: “Onları dərhal göndərirlər. Təxliyə olunanların İrəvanda heç bir qohumu və qalacağı yer yoxdur. Ancaq onlara orada mütləq qarşılanacaqlarını vəd edib, elə-belə göndərirlər. Erməniləri sakitləşməyə çağıran separatçıların rəhbəri Araik Arutyunyanın müraciəti də heç bir effekt vermir”.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bu xüsusda bildirib ki, Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb. "Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər".

Azərbaycan Qarabağ münaqişəsində qələbə yürüşünü davam etdirir. Üstünlük təkcə hərbi əməliyyatlarda yox, həmçinin sosial şəbəkə platforması üzərindən də aydın görünür. Bunu sosial şəbəkələri monitorinq etdikdə Azərbaycanın virtual zəfərini də aşkar şəkildə görmək mümkündür. #KarabakhisAzerbaijan #StopArmenianOccupation #StopArmenianAgression #StopArmenia #endoccupation #Armenia #ArmenianAgression və bir sıra digər həştəqlər sosial şəbəkə platformalarını “bəzəyir”.

Elə ermənilərin özləri də sosial şəbəkələrdə Nikol Paşinyandan narazılığını ifadə edir. Məlum olduğu kimi, dünən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə Rusiyanın “Rossiya-1” telekanalında “60 dəqiqə” verilişinə canlı şəkildə qoşulub. İlham Əliyev ayrılmış vaxtda “sual-ittihamları” sakit, əmin şəkildə cavablandırır, yalan xəbərləri bir-bir, məntiqli şəkildə darmadağın edir.

Erməni baş nazir isə ayrılan vaxt ərzində bir az əvvəl İlham Əliyevin cavablandırdığı iftiraları təkrarlayıb, nağılvari hekayələr uydurub. Paşinyanın çıxışı o qədər sönük göründü ki, hətta rusiyalı ekspertlər Azərbaycan prezidenti qarşısında sönük görünməsini, “darmadağın” olmasını qeyd ediblər.Paşinyanın çıxışı erməni publikası tərəfindən də ciddi narazılıq və tənqidlə qarşılanıb. Məsələn, Marina Bulqadaryan adlı izləyici Paşinyanın gecə nə işlə məşğul olduğunu bilmədiyini, yorğun və yuxusuz göründüyünü bildirib. Mkrtçyan adlı birisi Paşinyanın ingilis dili ilə yanaşı rus dili səviyyəsinin də zəif olduğunu vurğulayıb. O, ana dili olan erməni dilində danışmasının doğru olduğunu Paşinyana təklif edib. Bəzi müxalif fikirli istifadəçilər isə Paşinyanın əsməcəyə düşdüyünü, artıq Qarabağı Azərbaycana qaytarmağa hazır olduğunu iddia edir. Həmçinin Rusiyanın müharibəyə müdaxilə etməməsi erməniləri daha da təşvişə və qorxuya salır və Ermənistanda anti-Rusiya ritorikasını daha da şiddətləndirir. Məğlubiyyətdə yeganə hədəf kimi isə Paşinyanın göstəriləcəyi artıq indidən hamıya bəllidir. Artıq erməni ictimaiyyəti qondarma Dağlıq Qarabağ Respublikasını tanımadığı üçün Paşinyanı “satqın” adlandırır.

Qeyd edək ki, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Bu faktı isə əbəs yerə təkrarlamırıq. Statistika hərbi əməliyyatlarda Azərbaycanın üstünlüyünü bariz şəkildə göstərir. Amma üstünlük tək döyüş meydanında deyil, həmçinin beynəlxalq arenada açıq sezilir.

Qeyd edilən bu faktlar, istər sosial şəbəkələrdə insanların fikirləri, istər beynəlxalq yanaşma baxımından, istərsə də hərbi baxımdan (məsələn, Tonaşendə yerləşən erməni taborunun şəxsi heyətinin müdafiə mövqelərini tərk edərək qaçması faktı) Azərbaycanın üstünlüyü gözlənilən zəfərin yaxınlarda olacağından xəbər verir.

Sevinc Azadi, “İki sahil”