04 noyabr 2020 15:45
1151

Mədəni dəyərlərimizə qarşı erməni barbararlığı  VƏ YA TÜRKLÜYÜN  RUHUNU İNCİTMƏK

Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq.Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illərərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar.

Biz haqq-ədalət tərəfindəyik.Biz tarixin ən şərəfli anlarını yaşayırıq.Azərbaycan xalqı qədim xalqdır.Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisəlır olub, qələbələr olub.Onların sırasında bu günkü hadisələr xüsusi yerdədir.Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, QarabağAzərbaycandır!

İLHAM ƏLİYEV

Böyük hind yazıçısı Rabindranat Taqorun 1916-cı ildə Yaponiyanı ziyarəti zamanı söylədiyi sözləri 1969-cu ildə Havay universitetindəki mühazirəsində Nobelçi Yasunari Kavabata da xatırlatmışdı: “Hər bir millət dünya qarşısında özünü ifadə etməyə borcludur. Əgər dünyaya o heç nə verə bilmirsə, bunu milli cinayət kimi qiymətləndirmək lazımdır, bu, ölümdən də betərdir və bəşər tarixi bunu bağışlamır”.

Anlaşıldığı kimi, biz ikiqat milli cinayət kimi qiymətləndirilməli olan bir hadisə ilə üz-üzəyik. Özünü ifadə etmək üçün olmayan  tarixin eyforiyası, dünyanı soyqırım iddialarına inandırmaq cəhdi, terror təşkilatları və bitib tükənməyən torpaq aclığı  ilə yanaşı türk mədəni dəyərlərinə də sahib çıxmaq istəyi erməni xislətinin bariz nümunəsidir. Sovet hakimiyyəti illərində İrəvan xanlığının izini itirmək məqsədi ilə şəhərin bütün müsəlman-türk arxitekturasına qarşı “terror”, bir qədər sonra yerli əhalinin bu ərazilərdən köçürülməsi və daha nələr, nələr  mənfur siyasətin mərhələli gedişatı idi. Bu hərəkətlənmədə  ermənilərin işğalçı münasibəti  mənəvi dəyərlərimizə qarşı da eyni hərisliklə davam edirdi. Bu münasibətin bir təzahürünü “Dünya xalqlarının mifləri”  ensiklopediyasında türk mifik təfəkkürünə qarşı qəspikarlıq siyasəti üzərindən də izləyə bilərik.

           İki cilddən ibarət “Ensiklopediya” ilk dəfə 1980-ci ildə Sovetlər Birliyi dövründə işıq üzü görmüş son dərəcə fundamental nəşrlərdəndir (Мифы народов мира: Энциклопедия, в 2-х томах, т.1 / Гл. ред. С.А.Токарев, М.: Сов. энциклопедия, 1980. ). Sonrakı illərdə dəfələrcə nəşr olunan “Ensiklopediya”nın bir sıra müəllifləri və elmi məsləhətçiləri, təsadüfi deyil ki, 1990-cı ildə Sovet Sosialist Cümhuriyyətləri Birliyinin Dövlət Mükafatı ilə təltif edilmişdilər. “Ensiklopediya”da dünya xalqlarının mifoloji görüşləri, əsatiri obrazlar, epik qəhrəmanlar, mifoloji varlıqlar haqqında kifayət qədər məlumat vardır. Təəssüf  hissi ilə qeyd etmək istərdik ki, belə mötəbər bir nəşrdə türk xalqlarının zəngin mifoloji təfəkkürü şanına və layiq şəkildə təmsil olunmamışdır. Bunun, əlbəttə, obyektiv və subyektiv səbəblərindən danışmaq olar. Ensiklopediyada   nəşrdə zəngin türk mifologiyasının lazımi səviyyədə təmsil olunmağı bir yana, əksinə, bu sistemin dəyərləri zaman-zaman başqa xalqların, konkret olaraq, ermənilərin mifik təfəkkürünün məhsulu adı altında təqdim olunmuşdur. Ensiklopediyanın baş elmi redaktoru, tanınmış etnoqraf alim  S.A. Tokarevin “Dünya xalqlarının mifləri”nin birinci cildinin nəşri ilə bağlı öz “Gündəlik”indəki belə bir qeydi bizim diqqətimizi çəkdi: “31.XII. 1980-ci ilin ümumi yekunları. “Dünya xalqlarının mifləri”nin birinci cildi lap yenicə nəşr olunubdu, yaxşı nəşrdir, ancaq semiotik cəfəngiyat da çoxdur” (Религиоведение. Научно-теоретический журнал. 2005.) .

Lakin həmin cəfəngiyatlar yalnız “semiotik” xarakter daşımır, eyni zamanda erməni mifologiyası və onunla bağlı obrazlardan danışılarkən özünü xüsusilə qabarıq büruzə verir. Söhbət qonşu xalqların mədəni-mənəvi dəyərlərinin quldurcasına mənimsənilməsindən gedir.

Əlbəttə, hər hansı mifoloji sistemdə alınma elementlər vardır və bu qaçılmazdır. “Lakin hər bir sistem kimi milli mifologiya da alınma və ya ikinci dərəcəli keyfiyyətlərə görə yox, ilkin və dominant ünsürlərə görə müəyyənləşdirilir” (Azərbaycan mifoloji mətnləri / tərtib, ön söz və şərhlərin müəllifi A.Acalov.  1988.). Bu baxımdan “Ensiklopediya”da erməni mifologiyası ilə bağlı təqdim edilən materiallar nəşrin sanbalına kölgə salır və bir sıra hallarda elmi obyektivliyə şübhə yeri qoyur. Hətta belə bir nəşrdə erməni mifologiyası ilə birbaşa bağlılığı olmayan, ancaq erməni müəllif (A.Papazyan) tərəfindən işlənilən “Habil və Qabil” məqaləsində də “Adəmin ölümü” və ya “Adəmlə Həvvanın oğullarının tarixi” adında hansı isə “erməni mənbəyi”nə özü də bir neçə dəfə istinad edilir. Halbuki problemlə əlaqəli çox da mötəbər sayılan yüzlərlə başqa mənbə mövcuddur. Elmi həqiqətlərlə uzlaşmayan tendensiyalı yanaşma burada da özünü aşkar göstərmişdir.

Oxşar mənzərə ermənilərin mifik təfəkkürü ilə əlaqələndirilən və başlıca olaraq da erməni müəlliflərin özləri tərəfindən işlənilən maddələrdə yenə özünü göstərir. Elmi həqiqətlərin bu şəkildə təhrifinin erməni tarixşünaslığında da, erməni mədəniyyətşünaslığında da özünəməxsus tarixi ənənəsi vardır. Həmin “ənənə”yə bir-iki faktla qısaca da olsa nəzər yetirək:

XVIII–XIX yüzilliklərin tanınmış fikir adamlarından olan Sen-Simona məxsus belə bir fikir vardır: “Millətlər də eynən fərdlər kimi, yalnız iki cürə – ya oğurlamaqla, ya da özləri yaradaraq yaşaya bilirlər”. Bəşər tarixi türk millətinin nə qədər yaradıcı olduğunun və onun təmsilçilərinin dünya mədəniyyəti xəzinəsinə bütün dövrlərdə necə töhfələr verdiyinin şahididir.

Ermənilərə gəlincə, əlbəttə, bu sözləri söyləmək əsla mümkün deyildir. Dünya alimləri, mədəniyyətşünasları və tarixçiləri ermənilərin qədim mədəniyyətə və keçmişə münasibətdə hansı saxtakarlıqlara yol verdiklərini dəfələrlə öz əsərlərində dəfələrlə ifadə etmişlər. Məsələn, tanınmış fransız tarixçisi Avqust Kariyer 1805-ci ildə yazdığı əsərində “erməni tarixinin atası” hesab olunan Moisey Xorenatsini tarixçilər arasındakı ən böyük saxtakar adlandırırdı. A.Kariyer ümumiyyətlə deyirdi ki: “Erməni alimlərinin məlumatlarına inanmaq avamlıqdır. Çünki bu məlumatların əksəriyyəti uydurmadır”.

Bir başqa tarixçi alim – D.Morqan yenə erməniləri nəzərdə tutaraq yazırdı: “Biz bu ölkənin tarixçilərinin necə işlədiklərinin şahidiyik ki, dindar şəxslərin hamısı necə öz köklərini müqəddəs əhdi-ətiq ənənələri ilə bağlayır, necə rəvayətləri və mənbələri qarışdırırlar” (Gəldim, gördüm,.. mənimsədim (Azərbaycan mədəni ənənələrinin mənimsənilməsinin erməni ənənəsi haqqında. 2010.).

Bunlar öz yerində. Eyni həqiqətləri ermənilərin öz içərisində yetişən və ermənilərin xislətini hər kəsdən daha yaxşı bilən öz müəllifləri də etiraf edirlər. Məsələn, tanınmış erməni tarixçisi, ermənişünas K.Patkanov 1875-ci ildə “Van yazıları və onların Ön Asiya üçün əhəmiyyəti” adlı əsərində açıq bəyan edirdi ki: “Ermənilər insanlıq tarixində heç bir zaman heç hansı xüsusi rol oynamayıblar”.

Tarix boyu dəfələrlə məğlubiyyətlərə uğradığı halda “öz keçmişini göylərə qaldırmağa çalışan” ermənilərin fundamental nəşrlərdə özləriylə bağlı uydurduqları yalanlara peşəkarlıqla gerçəklik donu geydirmək cəhdlərinin daha bir açıq ifadəsini “Dünya xalqlarının mifləri” Ensiklopediyasında görürük. Həmin yanaşmanı Ensiklopediyadakı “Ajdaxak” (Əjdaha), “Alı” (Al//Hal), “Anahit”, “Aramazd” (Hörmüz), “Açuç-Paçuç” (Yəcuc-Məcuc), “Baxt” (Bəxt), “Dev”, “Kürkik Cəlali”, “Mihr”, “Nane” (Nənə), “Hazaran Bülbül” və eləcə də bir sıra digər maddələrdə müşahidə etmək olar. Onlardan yalnız bir neçəsinin izahına burada nisbətən geniş yer vermək imkanı vardır. Lakin əvvəlcə “Erməni mifologiyası” maddəsinə diqqət yetirək. Burada qeyd olunur ki, guya ellin çağında (e.ə. III–I əsrlərdə) qədim erməni ilahları antik dövr allahlarıyla qarşılaşdırılmış, onlara oxşadılmışdır. Məsələn, Aramaz Zevslə, Anahit Artemida ilə, Vahaqn Heraklla, Astxik Afrodita ilə, Nane Afina ilə, Mihr Hefestlə və Tir də Apollon və ya Hermeslə eyniləşdirilirdi.

Məlumdur ki, XVIII əsrdə, etnoqrafik araşdırmaların yeni-yeni meydana gəldiyi ilk çağlarda tədqiqatçılara elə gəlirdi ki, etnosların mifologiyaları qədim yunan və ya roma mifologiyasına oxşamalıdır. Çünki mifologiyada onları meyar qəbul etmişdilər. Antik dünya modelinə meyillənən klassisizm dövründə belə düşünürdülər ki, hər bir xalqın mifoloji sistemində Zevsə, Heraya, Poseydona, Aidə və b. yunan ilahlarına bənzər varlıqlar olmalıdır. Onların nəzərində belə varlıqların olmadığı bir mədəniyyət alayarımçıq sayılırdı (Левкиевская Е.Е. Механизмы создания мифологических фантомов.). Bu özü, əlbəttə, inkişafdan geri qalmağın nəticəsi – infantilizmdir. Yəni tədqiqatçı mənsub olduğu xalqı “dünya xalqları ailəsi”ndə görmək arzusuyla iddia eləyir ki, “biz də başqalarından əskik deyilik”, “biz də böyük xalqlardanıq”. Erməni müəllifinin də erməni ilahlarını qədim yunan allahlarına bənzətməsi həmin xəstəliyin simptomları nəticəsidir.

Görünür, XX əsrin sonlarında erməni “mifoloqlar”ı  XVIII əsr etnoqraflarından heç də irəli getməmişlər, bəlkə hələ geri qalırlar. Əks halda erməni əsilli məqalə müəllifi: “Qədim erməni mifologiyasının ən mühüm, mərkəzi xətti – protoermənilərin və ya ermənilərin yadelli əsarətə müqavimətidir” – deyə yazmazdı.

Birincisi, dilçilər tarixin olduqca qədim dövründən danışarkən “protodil”, yəni kök dil və ya əcdad dil məfhumlarından istifadə edirlər. “Əcdad dil” məfhumu nə qədər şərti və mücərrəd olsa da, dilçilər kimi tarixçilər, etnoloqlar, kulturoloqlar da onunla kifayətlənirlər və beləcə, “mifoloji sistemlərin formalaşması və tam dəyərli fəaliyyəti bütün nəzəriyyəçilər tərəfindən “əcdad dil” dövrünə aid edilir” (Azərbaycan mifoloji mətnləri.., s.20). Odur ki, belə uzaq, mücərrəd və qeyri-müəyyən bir dövrdən danışarkən “yadelli əsarətə müqavimət” sözlərini işlətmək ciddiyyətdən tamamən uzaqdır.

Üstəlik, qədim yunan və ya bizans mənbələrində təsadüf olunan, lakin xalq yaradıcılığında, epik ənənədə izlərinə bu və ya başqa şəkildə rast gəlinməyən detalların mifoloji ənənə ilə əlaqələndirilməsi yolverilməz və elmi məntiqlə bir araya sığmır. Çünki ənənədə olmayan bir struktur heç bir halda qədim mifoloji sistemin üzvi tərkib hissəsi kimi anlaşıla bilməz. İ.Stravinskinin isə söylədiyi kimi: “Ənənədə olmayan nə varsa, hamısı plagiatdır”.

Ensiklopediyada türk xalqlarının mədəni-mənəvi dəyərlərinə qəsd kimi dəyərləndirə biləcəyimiz bir xüsus da “Al ruhu”, yəni Hal anası adlanan mifoloji varlıqla bağlıdır. Ensiklopediyada həmin varlığın adı erməni mifologiyası ilə bağlılıqda və “Alı, alk” şəklində verilir. Doğrudur, kitabda həmin mifoloji varlıq haqda ayrıca “Albastı” məqaləsi yer alır. Lakin bu da məsələnin mahiyyətini dəyişmir. Deyilir ki, Alı (alk) erməni mifologiyasında zahı qadınlara və yeni doğulan uşaqlara zərər yetirən şər ruhlardandır. Guya xalq ənənəsinə görə, dağlarda, qumluqlarda, dərin kahalarda yaşayan həmən ruhlar zahıları boğub öldürür, ciyərlərini oğurlayıb yeyir, çocuqlara ana bətnindəykən ziyan yetirir. Və guya xristianlaşdırılmış mifə əsasən, Allah onu Adəmə yoldaş olaraq yaradıbdır. Lakin Adəm onu sevmədiyindən Allah Həvvanı yaradır; elə o vaxtdan da Alı (alk) qadınlara və onlardan doğulanlara qənim kəsilir.

Bu mif mətnində anladılanların, əgər belə söyləmək mümkünsə, erməni xalq ənənəsində nə qədər yer tutduğunu söyləmək istəyindən uzağıq. Lakin birmənalı olaraq aydındır ki, Hal anası (adı istər Al arvad, Albastı və ya Al ruhu olsun)  türk mifik təfəkküründə  geniş tanınan mifoloji varlıqlardan biridir. Demək olar ki, bütün  türk xalqlarında da adı dəyişik variantlarda tanınan bu varlıq türk xalqlarının mifoloji görüşlərinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Tədqiqatçılara görə, Azərbaycan torpağında onun ilk izləri hələ Elam dövründən (e.ə. IV–III minilliklər) bəllidir. Sonralar İber-Qafqaz və Hind-Avropa dilli bir sıra qonşu xalqların mifologiyasına da keçmişdir.

Yeri gəlmişkən, bu inanış kompleksi barədə daha geniş və ətraflı təsəvvür əldə etmək üçün mənbə kimi zəngin  folklor-etnoqrafik material və çox sayda elmi ədəbiyyat mövcuddur. Onların sırasında Azərbaycanlı müəlliflərdən M.Seyidovun, B.Abdullanın, F.Ağasıoğlunun, A.Acaloğlunun, Türkiyə alimlərindən Əbdülqadir İnanın və eləcə də daha neçə-neçə digər dəyərli alimin adlarını çəkmək mümkündür.

Ensiklopediyada erməni mifologiyası faktı adıyla bir digər mənimsəmə hadisəsinə “Baxt” maddəsində rast oluruq. “Baxt”, məlumdur ki, fars sözüdür. Lakin söhbət təkcə mifoloji obrazın adından deyil, onun mədəni dəyərlər düzümündəki yerindən, semantikasından və daşıdığı funksiyadan gedir. Üstəlik, erməni epik ənənəsində onun mövcudluğundan danışmaq mümkün deyil. Məqalədə onun hərdənbir “Dolvat”, yəni “Dövlət” adlandırıldığı da qeyd olunur. Burada təsvir olunan obraz bütün funksiyaları və atributlarıyla Azərbaycan türklərinin xalq ənənəsində bu gün də yaşamaqda olan “Qaraçuxa” adlı ruhun eynidir. İnsanın özünə bənzəyən bu mifoloji varlıq da bəxt, tale anlayışları ilə əlaqələndirilir. Xalqın inancına görə, hər insanın bir qaraçuxası olur. Qara Çuxa adamların arxasınca gəzib-dolanır, ona köməklik eləyir. İnsanın işlərinin uğurla getməyi Qara Çuxadan asılıdır. “Qara Çuxa adamla gəzib dolanmırsa, o adamın baxtı yatıbdı” mənasında “filankəsin Qara Çuxası yatıb” – deyərlər. Qara Çuxası yatan adam ağır günlər keçirir və s (C.Bəydili. Türk mifoloji sözlüyü.  2003.). Qeyd edək ki, həmin mifoloji varlıq dəyişik adlarla ayrı-ayrı türk xalqlarında bu günəcən qorunmuşdur.

Ensiklopediyada türk xalqlarının mədəni mənəvi dəyərlərinə təcavüzün nümunəsi olaraq qiymətləndirə biləcəyimiz digər hal “Nənə” maddəsi ilə bağlıdır. “Dünya xalqlarının mifləri” Nənə mifoloji varlığını “Nane” deyə “erməni mifologiyasında ilahə, müdriklik ilahəsi, ulu tanrı Aramazdın qızı” kimi tanıdır. Məqalə müəllifi Nane kultunun ermənilərə suriyalılardan keçdiyini güman edir. Unudurlar ki, uzun əsrlərdən bəri ta bu günlərəcən Azərbaycan türklərinin yaddaşında Ulu Ana, Nənə, Fatma Nənə, Qarı Nənə obrazları hələ yaşamaqdadır.

Göründüyü kimi, Nənə kultunun türklərdən alınma olduğu gerçəyi üzərindən mümkün qədər sükutla keçilməsinə çalışılır. Sabir Rüstəmxanlının da söylədiyi kimi:

Bu Vətən deyilən dünyam sirlidi,

Hələ sərhədini tapa bilmirəm...

Hardan tapacaqsan sərhədlərini?

...Şumerdən adlayan on min il yaşlı,

Nənə kəlməsindən keçirsə əgər...

Şübhəsiz, “Dünya xalqlarının mifləri” Ensiklopediyasında erməni plagiatorluğuna dair bu tipli nümunələrin sayını daha da artırmaq olardı, onlardan bir çoxunun adını çəkmişdik. Nümunə üçün deyək ki, Ensiklopediyada “Koroğlu” obrazı sanki türk xalqları ilə eyni bərabərdə erməni mifologiyasına da aid edilir. Halbuki Koroğlu məhz türk xalqlarına aid, toxunulmaz milli mənəvi dəyərdir. Başqa xalqlar olsa-olsa onu yalnız əxz edə bilərdilər.

Bizi düşündürən bir başqa cəhətdir: Özündən qat-qat üstün bir mədəniyyətin dəyərlərini oğurlamaqla “Dünya xalqlarının mifləri” Ensiklopediyası kimi fundamental nəşrlərə yol taparaq öz xalqının malı kimi elm aləminə sırımaqla onları mənsub olduğun xalqın dəyərlər düzümünə süni surətdə aid etməklə milli-mənəvi sərvətə çevirmək doğrudan da  mümkündür? Bizə görə, bu əsla mümkün deyil. Fərdlər yox, yalnız və yalnız xalq, özü də ancaq milli ruhuna uyğun olanları qonşu xalqlardan alıb malik və sahib olduğu dəyərlər düzümündə yerini müəyyən edib mənalandıra bilər.

Tarixən ruhu natəmizlər içlərində ruhu təmizlərə qarşı qısqanc davranıblar daim olub, var və yenə olacaqdır. Yalnız belə ruhu natəmizlər qürursuz davranaraq öz faciələrini ucuz məzhəkəyə çevirmək istər. Xocalı faciəsini də ancaq belə ruhu natəmizlər törədə bilərdi və törətdilər də.

Hətta bir çox müəlliflərə görə, ermənilərin özlərinin xalq musiqisi belə yoxdu. Bu, əlbəttə, bir xalqın mənəvi-ruhi sağlamlığına da şübhə ilə yanaşmağa sövq edir. Şübhələnmək üçün isə yetəcək qədər əsas vardır. Erməni musiqisinin toplayıcısı olan S.P.Məlikyan özü etiraf edirdi ki, “erməni musiqisi müxtəlif mədəniyyətlərin təsirinin nizamsız yığınıdır” (Gəldim, gördüm,.. mənimsədim).

  Başqalarının zəkalarıyla yaradılanları talamaq, mənimsəmək və öz dəyərlərini oğurladıqları üzərində qurmağa çalışmaq onlar üçün adi hal almış, həyat tərzinin bir parçasına çevrilmişdir. Həqiqətən, bir xalqın ki dilində olan sözlər 6–7 samit səsin yan-yana düzümündən əmələ gəlir, o zaman artıq həmin dilin musiqililiyindən söhbət gedə bilməz. Türk xalqının dili isə bu xalqın öz ruhu qədər təmiz, bərraqdır. Bu dil öz-özlüyündən musiqilidir.

Tədqiqatçılar haqlı olaraq bu qənaətdədirlər ki, “Azərbaycan dilinin ...səs quruluşu öz simmetrik sistemi ilə adamı valeh edir. Sanki bir akademiya qüvvəsi riyazi ölçülərin tətbiqi ilə bu sistemi qurmuşdur (F.A.Cəlilov. Azərbaycan dili morfonologiyasından oçerklər.  1985. ). Bu türkcədən ermənilər ona görə istifadə ediblər ki, özlərinin də söylədikləri kimi, “məhz bu dildə istədiyin qədər ikimənalı və çoxmənalı sözlər var; onun vasitəsilə insan öz arzularını tam ifadə edir”. Ona görə də X.Abovyan deyirdi ki, “ermənilər ancaq türkcə oxuyurlar; ermənilərin mahnı ilə dastanları yoxdur”. Odur ki, bu xalq türklərdən daim söz almağa meyilli olmuşdur. Hələ 1902-ci ildə erməni dilində türk mənşəli sözlərə dair əsər yazan R.Açaryan XV–XIX əsrə aid erməni mənbələrində 4200 türkizm üzə çıxarmışdı (F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s.35).

 Türk dili ermənicənin üslubuna, qrammatik quruluşuna, sintaktik strukturuna belə əsaslı təsir göstərdiyi halda, bir R.Baqramyanın türk söz sənətinin müqəddəs abidəsi “Dədə Qorqud” oğuznamələrinin dilində erməni sözü axtarması son dərəcə acınacaqlıdır (F.Ağasıoğlu, K.Vəliyev. “Dədə Qorqud”un dilində erməni sözləri varmı? // F.Ağasıoğlu. Azər xalqı (seçmə yazılar).  2000).

   

Ruhu natəmizlər oğurlaya bildiklərini oğurlayır, mənimsəyə bildiklərini mənimsəyir, özününküləşdirə bilmədiklərini isə yandırır, məhv eləyir, viran qoyur, ya dar ağacından asırlar. Erməni aşıqları mahnılarını yüzillər boyu sazda ancaq Azərbaycan türkcəsiylə çalıb oxuya bildilər. 400-ə yaxın erməni aşığından 375-inin Azərbaycan türkcəsində çalıb çağırmağı nə deməkdir?! O deməkdir ki, saz onları yüzillər boyu öz ruhuna yaxın buraxmadı. Çünki – qaba səslənsə də, bu xalq deyimini işlətməyə məcburuq – atalarımız demişkən: it qursağı sarı yağ götürməz. Akad. V.Qordlevski 1926–1928-ci illərdə Türkiyə ərazisindən topladığı əfsanə və rəvayətlərə qeydlərində yazırdı: “Hər halda yenə də düşünürəm ki, ozanlıq institutunu səlcuqlular ermənilərdən mənimsəmişlər” ( В.А.Гордлевский. Избранные сочинения. Т.1, 1960). Böyük Fuad Köprülü bu iddialara və ehtimallara saz şairlərinə dair araşdırmaları ilə birdəfəlik son qoydu. Bənzər araşdırmalar Azərbaycanda prof. M.Seyidov, prof. İ.Abbaslı və başqaları tərəfindən aparılmışdır.

          Ermənilər sazı dara çəkirdilər. Azərbaycanın tanınmış yazıçılarından M.Süleymanlı “Yer üzünə məktub” adlı etnoqrafik etüdlərində ibrətamiz bir səhnə var: erməni uşaqlarının yığışıb qurduqları oyuncaq dar ağacından sazı asmaları, dara çəkilmiş sazı görən azəri qadınlarının vay-şivən qoparmaları, və... erməni böyüklərinin gülə-gülə: “Zarafat eləyirlər, ay kirvə”... – deyə-deyə uşaqları aralayıb aparmaları. (M.Süleymanlı. And olsun əsrə... B, 2012, s.334).Doğrudan, yaddaşdan asılıb illər uzunu unudulmayacaq bu mənzərə erməni xislətinin ifadəsidir...

Tanınmış rus alimi akad. Dmitri Lixaçev deyirdi ki: “Oljas Süleymenovun öz türk eposunun xüsusiyyətlərini “İqor polku hekayəti”nə calamaq cəhdi bir rus insanı kimi mənim xətrimə dəyir”.

“Dünya xalqlarının mifləri” Ensiklopediyasında türk xalqlarının mədəni dəyərlərinə münasibətdə yol verilən məqsədyönlü təhriflər isə artıq xətrə dəymək yox, bilərəkdən türk xalqlarının ruhunu incitməkdir. Türklüyün ruhu incətməksə XX əsrin əvvəllərində “Çanaqqala keçilməz”, XXI əsrin əvvəllərində isə “Qarabağ Azərbaycandır!” nidası ilə döyüş meydanlarında yüksəldi.

  Pərvanə Bəkirqızı

Filologiya üzrə elmlər doktoru