KÖŞƏ

Qvami Məhəbbətoğlu

Dünya Azərbaycanın güclü və qüdrətli dövlət olduğunu bir daha görəcək

06 noyabr 2020 18:48
2766

Prezident İlham Əliyev çıxışlarında və müsahibələrində dəfələrlə vurğulayıb ki, bizim vəzifəmiz sülh yolu ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünü öz doğma torpaqlarına, onların əsrlər boyu yaşadıqları ərazilərə geri qaytarmaq və bundan sonra həmin ərazilərdə Azərbaycan əhalisi və erməni icmasının birgəyaşayışına nail olmaqdır. Şübhəsiz, bu mövqe sağlam düşüncəyə, humanitar zəminə əsaslanır və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənirdi. Lakin münaqişənin siyasi həllində maraqlı olmayan, beynəlxalq humanitar hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozan, üstəlik, yeni ərazi iddialarına düşən Ermənistan öz işğalçılıq niyyətindən,  öz çirkin xislətindən əl çəkmək istəmədi.

2020-ci il sentyabr ayının 27-də bu işğalçı ölkə növbəti dəfə təmas xətti boyunca əhalinin məskunlaşdığı ərazilərimizi atəşə tutmaqla öz faşist niyyətini bir daha qabarıq şəkildə büruzə verdi. Odur ki, elə həmin gündən Vətəninə, xalqına, dövlətinə, Ali Baş Komandanına sadiq olan Azərbaycan Ordusu erməni silahlı birləşmələrinin təxribat əməllərinə cavab verməyə başladı və qısa zaman kəsiyində işğalçı ölkənin “məğlubedilməz ordusunu” darmadağın etdi. Belə ki, Vətən müharibəsi başlayan­dan indiyədək dünyanın 50 ən güclü ordusu sırasında yer alan və hazırkı haqq savaşı ilə diqqət mərkəzində olan ordumuz BMT Təhlükəsizlik Şurasının 27 il öncə qəbul etdiyi məlum qətnamələrə əsaslanaraq 200-dən çox kənd, şəhər və qəsəbəmizi işğalçılardan təmizlədi, həmçinin bir çox strateji yüksəklikləri ələ keçirdi. Artıq azad olunmuş bütün ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır.

Bəli, bu gün müasir silah-sursatla, keyfiyyətli döyüş texnikası ilə təchiz olunan Azərbaycan Ordusu ölkəmizin beynəlxalq aləmdə tanınan ərazi bütövlüyünü böyük əzmkarlıqla, fədakarlıqla, həm də peşəkarlıqla bərpa edir. Bununla da müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici, gələcək nəsillərə nümunə olacaq yeni  şanlı səhifələr yazır. Bu məqamda dövlətimizin başçısı İlham Əliyevin İtaliyanın "La Repubblica” qəzetinə müsahibəsində söylədiyi bu fikirləri xatırlatmaq yerinə düşərdi: “Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik.”

İşğaldan azad edilmiş şəhər, qəsəbə və kəndlərlə bağlı nümayiş etdirlən kadrlara baxanda 30 il erməni faşizminin tapdağında olmuş bu yerlərin öz həqiqi sahibi üçün, eləcə də bayrağımız üçün nə qədər darıxdığını sezməmək mümkün deyil. Şübhə yoxdur ki, Suqovuşanda, Hadrutda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Xudafərin körpüsündə olduğu kimi, yaxın günlərdə digər ərazilərimizdə də əzəmətli bayrağımızı ucaldaçağıq.  Yəni, öz qüdrəti, öz gücü ilə tarix yazan, zəfərə doğru inamla addımlayan, Böyük Qələbəyə köklənən, düşməni sülhə məcburetmə əməliyyatlarını gündən-günə daha əzmlə, ruh yüksəkliyi ilə davam etdirən müzəffər ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə digər ərazilərimizin də bayraq həsrətinə son qoyacaq. Bununla da Azərbaycan beynəlxalq hüququn, haqqın və ədalətin təminatçısı kimi çıxış edən bəzi qurumların, bəzi ölkələrin təzyiqlərinə baxmayaraq, yaxın günlərdə tarixi ədaləti, ərazi bütövlüyünü tam bərpa edəcək. Dünya Azərbaycanın nə qədər güclü və qüdrətli dövlət olduğunu bir daha görəcək.

Ali Baş Komandanımız da xalqımıza ünvanladığı hər müraciətində Azərbaycanın haqq yolunda oldu­ğunu, Böyük Qələbənin hər gün, hər an yaxınlaşdığını qətiyyətlə və inamla vurğulayır. Üstəlik, bildirir ki, heç kim bizi haqlı mövqeyimizdən döndərə bilməz: “Çünki biz haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik!”  Bununla da dövlətimizin başçısının söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” yaxın günlərdə böyük qələbəmizin rəmzi işarəsi olacaq.