KÖŞƏ

Qvami Məhəbbətoğlu

Azad edilmiş torpaqlarımızda həyat qaynayacaq

27 noyabr 2020 17:20
1909

Erməni vəhşilərinin əsarətindən azad edilmiş şəhər, qəsəbə və kəndlərimizin abadlaşdırılması ilə bağlı Azərbaycanın mühüm planları var. Prezident İlham Əliyev noyabrın 25-də xalqa müraciətində bu barədə söhbət açarkən  bildirmişdir ki, artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayıb. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun inşasına başlanılması bunun bariz nümunəsidir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi məlumata görə, Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçəcək bu avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

Artıq Bərdə-Ağdam dəmir yolunun bərpası ilə əlaqədar da praktiki addımlar atılııb. Belə ki, noyabrın 24-də dövlətimizin başçısı “Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Üstəlik, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən dəmir yolunun bərpası ilə bağlı  ilkin göstərişlər verilib. Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən nominasiya dosyesinin hazırlanması istiqamətində işlərə də başlanılıb. 

Beynəlxalq uçuşların həyata keçirilməsi məqsədilə uzun illər Ermənistanın işğalı altında qalan ərazilər üzərində aeronaviqasiya təminatının bərpa edilməsi də diqqət mərkəzindədir. Belə ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə - Ağdam, Fizuli və Xankəndidə yerləşən hava limanlarının  beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib. Qeyd edək ki, işğal edilmiş ərazilər üzərində hava məkanı təxminən 30 il müddətində beynəlxalq uçuşlar üçün bağlı olub.

Yerli iş adamları ilə yanaşı, xarici investorlar da işğaldan azad olunmuş ərazilərimizin bərpasında mühüm rol oynayacaqlar. Noyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin 36-cı sessiyasının videokonfrans formatında keçirilən açılış mərasimində İqtisadiyyat naziri Mikayıl Cabbarov işğaldan azad olunmuş, işğalçı Ermənistan tərəfindən xarabalığa çevrilmiş Qarabağ regionunda yeni infrastruktur və tikinti layihələrinin həyata keçirilməsinin ölkəmizin qarşısında duran əsas vəzifələrdən olduğunu vurğulamaqla yanaşı, İƏT-ə üzv olan ölkələri həmin ərazilərdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edib. Mütəxəssislərin fikrincə,  onlar bu dəvətə biganə qalmayacaqlar.

Şübhəsiz, erməni barbarlarının törətdikləri dağıntıların, vurduqları  ziyanın miqyası genişdir. Bu mənada bu istiqamətdə görüləcək işlər çoxdur. Amma bütün yaşayış məskənləri bərpa olunacaq. Bununla bağlı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri çərçivəsində Ağdam məscidinin qarşısında çıxış edərkən  demişdir: “Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik.”

Qeyd olunanlara əsasən belə qənaətə gəlmək olar ki, işğaldan azad edilmiş yaşayış məskənlərimizin abadlaşdırılması qüdrətli dövlətimiz üçün heç bir problem yaratmayacaq. Prezidentimizin bildirdiyi kimi, bu işləri reallaşdırmaq  üçün kifayət qədər maliyyə vəsaitimiz də var. Bütün bunlar isə yaxın illərdə Qarabağda yeni şəhərlərin, kəndlərin, qəsəbələrin salınacağından, regionun müasir bir diyara çevriləcəyindən xəbər verir. Bir sözlə, 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlıda olduğu kimi, erməni tapdağından xilas edilən digər yaşayış məskənlərimizin  hər biri də öz normal həyatına qovuşacaq.