KÖŞƏ

Qvami Məhəbbətoğlu

Bizim dəmir yumruğumuz beynəlxalq təşkilatlardan daha güclüdür

14 dekabr 2020 18:16
1884

Məlum olduğu  kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamalanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu 28 il ərzində öz funksiyasını yerinə yetirə bilmədi. Başqa sözlə, həmsədrlər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq özlərinin qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına maraq göstərmədilər. Sadəcə, Minsk qrupunun həmsədrləri Ermənistan silahlı qüvvələri hər dəfə cəbhəboyu ərazilərdə təxribatlar törədərkən, dinc əhalini qətlə yetirərərkən, yaşayış məntəqələrini atəşə tutarkən mənasız söz yığınından ibarət bəyanatlar verməklə öz işlərini bitmiş hesab etdilər. Hətta bu müddətdə həmsədrlər Azərbaycan ərazilərini işğal altında saxlayan təcavüzkarı öz adı ilə çağırmağa özündə cəsarət tapmadı, yəni işğalçı ölkəyə “gözün üstə qaşın var” demədi. Halbuki ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər (ABŞ, Fransa, Rusiya) münaqişədə kimin haqlı olduğunu çox yaxşı bilirdilər.

Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən də bu məsələdən söz açıb.  Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu, hazırda regionda tamamilə yeni vəziyyətin yarandığını vurğulayan dövlətimizin başçısı bu problemin həllində Minsk qrupunun heç bir rol oynamadığını təəssüflə vurğulayıb: “Beləliklə, Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik.”

Minsk qrupunun həmsədrlərinin işğal olunmuş ərazilərə dəfələrlə səfər etdiklərini bildirən Preziden İlham Əliyev onların işğal altında qalmış  ərazilərdə erməni vəhşilərinin törətdikləri dağıntıların, həyata keçirdikləri məskunlaşmaların, bir sözlə, Ermənistan rejiminin hərbi cinayətlərinin şahidi olduqlarından, lakin bütün bunları görməzliyə vurmalarını da xatırladıb. Üstəlik, onlardan tez-tez eşitdiyi “münaqişənin hərbi həlli yoxdur” qənaətinə də münasibət bildirib: “Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fikrimcə, “hərbi variant yoxdur” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.” Lakin Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq öz gücü hesabına, hərbi-siyasi yolla ildən-ilə uzanan bu problemi həll edib.

Prezident bu uğura Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının əzmkarlığı, Azərbaycan əsgərinin müzəffərliyi sayəsində nail olunduğunu söyləyib: “Biz onları məcbur etdik, Minsk qrupu yox!” Bununla da dövlətimizin başçısı bütün dünya və beynəlxalq hüquqla tanınan ərazi bütövlüyümüzün bərpasında dəmir yumruğumuzun bu kimi təşkilatlardan daha güclü olduğunu bilvasitə onların diqqətinə çatdırıb. Bu birlik, yəni dəmir yumruq, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya miqyasında layiqli yer tutmasına da öz töhfəsini verib. Şühbəsiz, bu dəmir yumruq bizə gələcəkdə  bütün vəzifələri icra etmək üçün daha real imkanlar yaradacaq.

Onu da qeyd edək ki, Minsk qrupu həmsədrlərinin bu səfəri onların öz təşəbbüsləri ilə olub, yəni rəsmi Bakı onları Azərbaycana dəvət etməyib.