06 yanvar 2021 14:48
971

Yeni ilə yeni karantin qadağaları ilə?..

Təəssüflə qeyd etməliyik ki, bu gün də  koronavirus adlı qlobal problemlə mübarizə davam edir.

“İki sahil.az” 2021-ci ilin ilk günlərindən bəzi ölkələrin COVID-19-la mübarizədə həyata keçirdiyi sərtləşmə tətbirlərini təqdim edir:

İsrail

Bu ölkədə koronavirusla mübarizədə tədbirlər sərtləşdirilib. Ölkədə sərt karantin rejiminin tətbiqi barədə qərar verilib.  Yanvarın 9-dək israillilərə zərurət olmadıqda evlərindən bir kilometrdən çox uzaqlaşmaq, bir-birinə qonaq getmək qadağan olunub. Karantin müddətində zəruri tələbat malları satan mağazalar istisna olmaqla, bütün ticarət obyektləri bağlanacaq, restoranlara yalnız çatdırılma xidmətləri göstərməyə icazə veriləcək. Məktəb, uşaq bağçaları fəaliyyətini dayandıracaq, distant təhsilə keçid olacaq. Həmçinin ölkədə bütün əyləncəli tədbirlər qadağan edilib, ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidməti tətbiq olunan bu və digər məhdudiyyətlərin siyahısını dərc edib. Qeyd edək ki, dekabrın 20-də İsraildə koronavirusa qarşı milli vaksinasiya kampaniyasına start verilib.

Danimarka

Baş nazir Mette Frederiksen danimarkada risk səviyyəsinin 4-dən 5-ə qalxdığını qeyd edib.Qərarlara görə, ən çox 10 nəfərin bir araya gəldiyi toplaşma sayı 5 nəfərə endirilib, 1 metr olan sosial məsafənin tətbiqi 2 metrə çatdırılıb. Qaydalar yanvarın 17-dək qüvvədə qalacaq.

Almaniya

Hökumət ölkədə koronavirusa yoluxma ilə bağlı vəziyyət gərginləşdiyindən karantin rejimini yanvarın 31-dək uzatmaq qərarına gəlib. Bu barədə Almaniya Kansleri Angela Merkel açıqlama verib. Bildirib ki, karantin müddətində ötən il dekabrın 16-da qüvvəyə minən qadağalar tətbiq olunacaq. Qadağalar hər 100 min nəfərə 200 yoluxma faktının qeydə alındığı şəhər və rayonlara şamil olunacaq. Qeyd edək ki, Almaniyada ticarət mərkəzləri, kafe və restoranlar, teatr və muzeylər, gözəllik salonları bağlıdır. Tədris isə distant formada təşkil olunub.

İngiltərə

Bu ölkə üçüncü dəfə sərt karantin rejiminə keçib. Baş nazir Boris Conson məlumat verib ki,  koronavirusun mutasiyaya uğramış SARS-CoV-2 növünün yayılması səbəbindən tədbirlər görüldüyünü qeyd edib.Sərt karantinin fevralın ortalarına qədər davam etməsi planlaşdırılır. Conson bildirib ki, market, aptek istisna olmaqla küçəyə çıxmaq qadağan olunacaq, hər kəs evdən işləyəcək, restoranlar bağlanacaq. Həmçinin məktəblər distant təhsilə keçəcək, imtahanlar təxirə salınacaq.

Fransa

Fransa koronavirusla mübarizədə tətbiq etdiyi karantin rejiminə nəzarəti gücləndirəcək. Səhiyyə naziri Olivier Veran epidemiyanın çox yayıldığı bölgələrdə komendant saatının artırılacağını və qadağanın saat 20:00-dan 18:00-a qədər davam edəcəyini qeyd edib. Veran bu dəyişikliklə qismən komendant saatı müddətinin 10 saatdan 12 saata qaldırılacağını bildirib. Bundan əlavə, nazir 2021-ci il yanvarın sonunda 50 yaşdan yuxarı şəxslərə vaksin tətbiq ediləcəyini açıqlayıb.

ABŞ

ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden vətəndaşlardan maska taxmağı tələb etmək niyyətindədir. Bu barədə siyasətçi özü bildirib: “Bizim Administrasiya harada bacarırsa, orada maska taxmağı tələb edəcək - federal işçilərdən, federal binalarda və ştatlar arası səfərlərdə, məsələn, təyyarələrdə və qatarlarda.” Bayden Delaverdə çıxışı zamanı belə deyib.

Qeyd etmək lazımdır ki, maskaların taxılması ilə bağlı qaydaların əksəriyyəti ştatlar və ya bələdiyyələr tərəfindən müəyyən edilir, buna görə də bütün amerikalılardan maska taxıb-taxmamağı federal hökumət tələb edə bilməyəcək.

Çin

Paytaxt Pekində koronavirusa yoluxanların sayının birdən-birə artması səbəbindən şəhərdə fövqəladə vəziyyət elan olunub. Bildirilib ki, yoluxmaların artması səbəbi ilə paytaxtın bütün bölgələri fövqəladə vəziyyətə keçib, virusun aşkarlandığı yaşayış məntəqələri, kəndlərə giriş və çıxışlar məhdudlaşdırılıb. Fövqəladə vəziyyətin elan edilməsi ilə şəhər xaricindəki səyahətlər, kollektiv əyləncə və dini tədbirlər ləğv edilib. Tələbələrin Pekini tərk etməmələri barədə göstəriş verilib.

Yaqut Ağaşahqızı, “İki sahil.az”