29 yanvar 2021 17:00
1808

Smart-kart tipli və mexaniki-elektron qaz sayğaclarının qaz sərfiyyatını qeydə almasında heç bir fərq yoxdur

“Smart sayğacların mexaniki sayğaclarla əvəzlənməsi prosesi qurğunun 5 ildən bir olaraq dövlət yoxlanışı vaxtına uyğun olaraq aparılır”.

Bu fikri “İki sahil”in sorğusunu cavablandıran SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.

C.Səfərov qeyd edib ki, sayğacların əvəzlənməsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Dövlət Nəzarəti Xidməti tərəfindən hazırlanan qaydalar əsasında həyata keçirilir: “Əhali abonent qrupu üçün növündən aslı olmayaraq qaz sayğacları 5 ildən bir dövlət yoxlanışına açılaraq götürülür. Yerinə yenisi quraşdırılır. Əgər vaxtı çatıbsa, fərq etmir, istər smart, istərsə də mexaniki sayğac əvəzlənir. 2020-ci ildə smart-kart tipli sayğaclar da əvəzlənərkən mexaniki-elektron sayğaclardan istifadə edildi. Çünki smartların ötən il alışı minimuma endirilmişdi. İndi artıq 30 min ədəd yeni smart-kart tipli sayğac almışıq. Bundan sonrakı əvəzlənmədə onlardan da istifadə ediləcək”.

Azəriqaz” rəsmisi bildirib ki, artıq yanvar ayının 25-dən etibarən smart tipli sayğaclar gətirilir: “Yeni smart-tipli sayğacların əvvəlkilərdən fərqi isə abonentləri narahat edən bloka düşmə, kartın oxunmasında çətinlik və digər məqamlar bu sayğaclarda yoxdur. Həm smart, həm də mexaniki sayğacların qaz sərfiyyatında heç bir fərq yoxdur. Gələn həftədən yeni sayğaclar istismara veriləcək”.

Orxan Vahidoğlu, “İki sahil”