05 fevral 2021 15:55
2783

SOCAR prezidenti “Azneft” İB-nin kollektivini təbrik edib - FOTO

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sürətli inkişafını təmin etmək, eləcə də onun yüksək rəqabətqabiliyyəti olan dünya səviyyəli bir şirkətə çevrilməsinə yönəlmiş tapşırıqlarının qısa zamanda icrasını təmin etmək üçün SOCAR tərəfindən hər il olduğu kimi, 2020-ci ildə də “Azneft” İstehsalat Birliyi (İB) qarşısında gələcək perspektivlərə dair strateji plan hazırlanması və yüksək səviyyədə icrası mühüm bir vəzifə kimi qarşıya qoyulmuşdu. Bu və digər vəzifələrdən irəli gələrək ötən ilin may ayından başlayaraq OPEC+ razılaşması çərçivəsində hasilatın müvəqqəti məhdudlaşdırılması tədbirləri, COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimlərinin tətbiq edilməsi, eləcə də 44 gün davam edən İkinci Qarabağ Müharibəsi 2020-ci ildə “Azneft” İB üçün yeni çağırışlar meydana gətirdi.

2020-ci ildə SOCAR tərəfindən təsdiq olunmuş proqramlara uyğun olaraq bilavasitə neft və qazçıxarma idarələrində neft-qaz hasilatının düşmə tempinin qarşısını almaq və son nəticədə sabitləşmə və artıma nail olmaq üçün istər fəaliyyətdə olan quyu fondu, istərsə də fəaliyyətsiz quyu fondu üzərində elmi-texniki əsaslara istinad etməklə istehsalatın bütün istiqamətləri üzrə düşünülmüş və məqsədyönlü geoloji, texniki, texnoloji və təşkilatı tədbirlər həyata keçirilib.

Fevralın 4-də SOCAR-ın “Azneft” İB-nin 2020-ci ildəki istehsalat fəaliyyətinin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən hesabat yığıncağı əldə olunan nəticələr münasibətilə İB-nin kollektivini təbrik edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, bütün çətinliklərə baxmayaraq, Birlik 2020-ci il ərzində qarşıya qoyulan hədəflərə çatıb, qazanılan uğurlarda çoxminli neftçi ailəsinin rolunu xüsusi olaraq vurğulayıb.

Rövnəq Abdullayev İB-nin fədakar kollektivinin 2021-ci ildə də qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirəcəyinə  inamını ifadə edib. SOCAR-ın prezidenti göstərmiş olduğu böyük səylərə görə “Azneft” İB-nin kollektivinə təşəkkür edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azneft” İB-nin 2020-ci ildəki fəaliyyətinə verdiyi bu yüksək qiymət kollektivimizin hər bir üzvünü qürurlandırır və gələcək üçün böyük stimul yaradır. Bu baxımdan Azərbaycan neftçiləri 2021-ci ildə də dövlət tərəfindən verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirmək üçün səylə çalışacaq, qarşıya qoyulan hədəflərə çatacaq.

Orxan Vahidoğlu, “İki sahil”