Respublikanın neft, qaz və neft-kimya sənayesi üçün kadr potensialının möhkəmləndirilməsi, SOCAR-ın struktur bölmələrinin, kənar təşkilatların və fiziki şəxslərin tələbatı əsasında qabaqcıl metodlarla tədris prosesinin təşkili, innovativ texnologiyaların tətbiqi və müəssisələrin ixtisaslı fəhlə və mühəndis-texniki heyətə olan ehtiyaclarının ödənilməsi məqsədilə fəaliyyət göstərən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi koronavirus infeksiyasının pandemiya olaraq elan edildiyi 2020-ci il ərzində öz işini xüsusi karantin rejiminin tələblərinə uyğun qurmaqla, tədris prosesində yaranmış fasilə dövründə təlim kurslarının məzmununun dinləyicilərə çatdırılması baxımından təlim-tədris mərkəzlərində keçirilən kursları onlayn rejimdə davam etdirib. Eyni zamanda, İdarənin təlim mərkəzlərində qabaqlayıcı tədbirlər, lazımi sanitar-profilaktik və dezinfeksiya işləri müntəzəm şəkildə həyata keçirilib. Əməkdaşlar mütəmadi surətdə koronavirus testi verib və hər gün işə gələn işçilərin bədən hərarəti ölçülərək onlar tibbi maska ilə təmin olunublar.
İdarənin bütün təlim mərkəzlərində onlayn təlimlərin keçirilməsi üçün sinif otaqları ayrılıb və lazımi texniki avadanlıqlarla təchiz edilib. Dərslər "Skype for business" proqramı vasitəsilə təşkil edilib ki, bu proqram sistemə qoşulan hər bir dinləyici üçün onlayn dərs zamanı müəllimi dinləməklə yanaşı, müvafiq mövzuya uyğun suallar vermək və fikir mübadiləsi aparmaq imkanı yaradır. Təlimlərin sonunda onlayn rejimdə imtahandan uğurla keçənlər sertifikata layiq görülürlər.
Kadr Hazırlığının Təşkili Mərkəzində ixtisasartırma, yenidən hazırlanma, ikinci peşəyə yiyələnmə, maarifləndirmə, təlimatlandırma kursları və yeni fəhlə kadrlarının hazırlanması istiqamətində 400-dən çox ixtisas üzrə, o cümlədən SOCAR müəssisələrini təmsil edən mühəndis-texniki işçilər üçün müxtəlif istiqamətlərdə təkmilləşdirmə kursları təşkil olunur. Ötən il ərzində SOCAR rəhbərliyinin birbaşa tapşırığı ilə “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” sahəsi üzrə rəhbər işçilərin səriştəliliklərinin inkişaf etdirilməsi məqsədilə Kadr Hazırlığının Təşkili Mərkəzində “İşəgötürənlər və müəssisələrin rəhbər işçiləri üçün Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” təliminin keçirilməsinə start verilib. İl ərzində 36 qrupda 726 nəfər bu kurslara onlayn rejimdə cəlb edilib. 2020-ci ildə SOCAR-da yeni işə götürülən 302 nəfər mütəxəssis üçün Əməyin mühafizəsi və təhlükəsizlik texnikası kursları, ümumilikdə 1136 nəfər üçün müxtəlif peşələr üzrə ƏMTT kursları keçirilib, 6 mindən çox əməkdaş üçün 200-dən artıq vebinar təlimi təşkil olunub.
Bakı Ali Neft Məktəbinin 175 tələbəsinə etik qərar qəbulu prosesi, komandada işləmə bacarığı, münaqişələrin həll edilməsi, işçi heyəti ilə ünsiyyətin düzgün qurulması sahəsində modulların öyrədilməsi üçün "Peşə etikası" kursları tədris olunub. 2020-ci ilin yanvarından hazırkı dövrədək Kadr Hazırlığının Təşkili Mərkəzində 136 ixtisas üzrə 296 qrupda 2850 nəfər şəxs (1321 nəfər mühəndis-texniki işçilər üçün təlimlər, 246 nəfər fəhlə kadrları üçün ixtisasartırma kursları, 73 nəfər fəhlə kadrları üzrə yenidən hazırlanma, 41 nəfər fəhlə kadrları üzrə 2-ci peşəyə yiyələnmə, 1136 nəfər müxtəlif təyinatlı ƏMTT kursları və 33 nəfər şagird) kursları bitirib.
Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində Beynəlxalq Dəniz Təşkilatının (IMO) “Dənizdə insan həyatının mühafizəsi”nə dair Beynəlxalq Konvensiyasının (SOLAS-74), “Dənizçilərin hazırlanması, onlara sertifikatların (diplomların) verilməsi və növbə çəkmə”yə dair Beynəlxalq Konvensiyasının (STCW-78) və “Dəniz neft-qaz qurğularının heyətlərinin hazırlanmasına dair Tövsiyə” adlı Qətnaməsinin (Qətnamə A.891/21); Dəniz Neft-Qaz Sənayesi sahəsində Təlim Təşkilatının (OPITO) Standartlarının və Beynəlxalq Dəniz podratçıları Assosiasiyasının (IMCA) tələblərinə əsasən 50 adda yenidənhazırlanma, təlimatlandırma, maarifləndirmə, təkmilləşdirmə və ixtisasartırma kursları tədris olunur.
Nəzəri təlimlər Təlim mərkəzinin inzibati binasında dinləyicilər üçün avadanlıqlar, kompüterlər, proyektorlar və diaqramlar ilə təchiz olunmuş ixtisaslaşdırılmış sinif otaqlarında, praktiki təlimlər isə Üstübağlı hovuz təlim kompleksində, dəniz akvatoriyasında yerləşən və müxtəlif tipli kollektiv xilasetmə vasitələri ilə (sürətli və sürətli olmayan xilasedici qayıqlar) təchiz edilmiş sağqalma üzrə xilasedici təlim bloklarında, xilasedici və sürətli qayıqlarda, xilasedici sallarda, eləcə də tüstü labirintləri və yanğınla mübarizə trenajorları ilə təchiz olunmuş yanğın təlim poliqonunda, dalğıc kompleksində, dalğıclar üçün nəzərdə tutulmuş barokamerada, dalğıc sinfində və inzibati binada yerləşən tibb trenajorunda aparılır. 2020-ci ilin yanvarından hazırkı dövrədək Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində 1153 nəfər (SOCAR üzrə 978 nəfər, kənar müəssisələr üzrə 175 nəfər) dinləyici müvafiq kurslara cəlb olunmuş, təşkil olunan 97 vebinarda 5000 nəfərə yaxın SOCAR əməkdaşı iştirak edib.
Qobustan Regional Təlim Mərkəzi müasir avadanlıqlarla komplektləşdirilib və beynəlxalq standartların tələblərinə cavab verən qaynaq emalatxanası, qazma simulyatoru, kran simulyatoru, karotajçıların hazırlanması üçün VEBER-1 stansiyası, hasilat simulyatoru, kimyəvi analiz laboratoriyaları, 3-D qaynaq simulyasiya aparatları və PLC (proqramlaşdırıla bilən məntiqi kontroller) otağı qurulub. Ötən müddət ərzində Böyük Britaniyada əsası qoyulub, dünyanın 100-dən çox ölkəsində hazırkı dövrədək 10000-dən çox təlim mərkəzini akkreditasiya etmiş qlobal səviyyədə nüfuza malik City & Guilds Group Kvalifikasiya qurumu (The City and Guilds of London Institute) tərəfindən 3 ixtisas (Avadanlıqlara texniki xidmət; Qaynaq-quraşdırma; Elektrik-elektronika) üzrə Təlim mərkəzinə verilmiş mövcud akkreditasiyanın müddəti uzadılıb.
Qobustan Regional Təlim Mərkəzində 2020-ci il ərzində 12 ixtisas üzrə 12 qrupda 191 şagird təlimə cəlb olunub (Bu şagirdlərdən on yeddi nəfəri 44 günlük Vətən müharibəsində iştirak edib ki, onlardan 2 nəfəri - Kənan Seyidov və İsrail Qubadov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib). Pandemiya dövründə təlim mərkəzində dərslərin onlayn rejimdə davam etdirilməsi ilə 55 nəfər dinləyici üçün 4 qrupda yenidənhazırlanma kursları təşkil olunub, habelə 92 vebinar vasitəsilə şirkətin 2500-dək işçisinə maarifləndirmə xarakterli mühazirələr keçirilib.
Sumqayıt Təlim-Tədris Mərkəzi Sumqayıt şəhərində yerləşən "Azərikimya" İB, Karbamid zavodu, “SOCAR Polymer” MMC-nin və digər müəssisələrin kadr hazırlığına olan tələbatını ödəyir. 2020-ci ildə Təlim Mərkəzində keçirilmiş kurslar 10 ixtisas üzrə 15 qrupda 113 nəfər dinləyicini, o cümlədən təlimatlandırma üzrə 56 nəfər; maarifləndirmə üzrə 46 nəfər; təkmilləşdirmə üzrə 11 nəfəri əhatə edib. Həmçinin 7 ixtisas üzrə 8 qrupda 105 nəfər şagird “Yeni fəhlə kadrlarının hazırlanması” təlim kursunu başa vurub (Bu şagirdlərdən bir qismi 44 günlük Vətən müharibəsində iştirak edib ki, onlardan 2 nəfəri - İsmayıl Məmmədov "Füzulinin azad olunmasına görə", Pərvin Bayramlı isə "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib). Eyni zamanda, 62 mövzu üzrə təşkil olunan 91 vebinarda təxminən 2400 dinləyici iştirak edib.
Qala Təlim-Tədris Mərkəzi istehsalat obyektlərinin mühafizəsi və mülki müdafiə işinin təkmilləşdirilməsi üzrə əsas təlim bazası olmaqla yanaşı, tədris proqramlarının keyfiyyətlə tərtib olunmasına və hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin komandir-rəis və şəxsi heyətinin peşəkar hazırlığına xidmət edir. Bu Təlim mərkəzində “Komanda rəisi”, “Qarovul rəisi”, “Atıcı”, “Mühafizəçi”, “Qəza xilasetmə qrupu”, “Rabitə xəbərdarlıq manqası”, “Yanğınsöndürmə manqası” və “Sanitar postu manqası” kursları tədris olunur ki, bununla məqsəd əməkdaşların xidməti fəaliyyət üçün zəruri olan bilik və bacarıqları əldə etməsidir. Kurslarda dinləyicilərə posta buraxılış qaydaları, psixoloji hazırlıq və peşə etikası, şəxsi heyət arasında ünsiyyət, ekstremal vəziyyətlərdə istiqamətlənmə, eləcə də fövqəladə hadisələr zamanı ilk tibbi yardımın göstərilməsi, müəssisələrdə əməyin mühafizəsi, texniki və fiziki təhlükəsizlik, istehsalat sanitariyası qaydaları, qəzaların nəticələrinin ləğv edilməsi və təxliyə planları kimi mövzular öyrədilir.
Qala Təlim-Tədris Mərkəzində 2020-ci il ərzində 268 nəfər (52 nəfəri kənar təşkilatlardan olmaqla) dinləyici ixtisasartırma və təlimatlandırma kurslarını bitirmiş və attestasiyadan keçib.
Neft-qaz sənayesinin, tikintinin və nəqliyyatın ayrı-ayrı sahələrində metal konstruksiyaların hazırlanması, boru kəmərlərin çəkilməsi üçün əsas texnoloji proseslərdən biri də qaynaq işləridir. İdarənin Fiziki sınaq laboratoriyasının (radioqrafiya, ultrasəs, maqnit tozu və penetrant müayinələri) və Mexaniki sınaq laboratoriyasının (dartma, əymə, bərklik və zərbə özlülüyü sınaqları) rəyləri əsasında 7 müxtəlif metod üzrə (əllə elektrik qövs qaynağı, metal-qövs inert qaz qaynağı, metal-qövs aktiv qaz qaynağı, aktiv qoruyucu qazla bütöv tel metal qövs qaynağı, volfram inert qaz-qövs qaynağı, oksigen asetilen qaynağı və polietilen qaynağı) yerinə yetirilən qaynaq tikişlərinin keyfiyyətinin yoxlanılması ilə bərabər, Qaynaq işlərinin sertifikatlaşdırılması şöbəsi vasitəsilə 2020-ci il ərzində 823 nəfər attestasiyadan keçib və 35 nəfər işə qəbul üzrə peşə sınağında iştirak edib. Həmçinin şöbənin əməkdaşları “Ümid-Babək” layihəsi çərçivəsində “Neftqaztikinti” Trestinin sifarişi əsasında 90 nəfər qaynaqçının attestasiyasına cəlb ediliblər. Bununla yanaşı, Qaynaq işlərinin sertifikatlaşdırılması şöbəsi tərəfindən 2 Qaynaq Proseduru Spesifikasiyası işlənilib və bu spesifikasiyalara uyğun olaraq “Qarabağ” layihəsi üzrə 164 nəfər qaynaqçının attestasiyası keçirilməklə müvafiq sertifikatlar verilib. Daha sonra, “Neftqaztikinti” Trestinin Zığ istehsalat sahəsində svayların vurulması zamanı istifadə olunan meydançaların və digər koməkçi qurğuların hazırlanmasına və qaynaq olunmasına nəzarət edilib.
Eyni zamanda, SOCAR-ın müəssisələrində çalışan Qeyri-destruktiv müayinə (NDT) mütəxəssisləri üçün "Ultrasəs müayinə metodu", "Penetrant müayinə metodu", “Rentgen müayinə metodu", "Maqnit müayinə metodu" beynəlxalq standartı üzrə kurslar, habelə mühəndis-texniki işçilər üçün “Tullantıların idarə olunması”, “Qazma işləri aparılan zaman ətraf mühitə təsir edən tullantıların idarə olunması”, "SOCAR-ın ekoloji siyasəti" və digər mövzularda təlimatlandırma kursları keçirilib.
Ümumilikdə, İdarə üzrə 2020-ci il ərzində kursları bitirmiş və attestasiyadan keçmiş dinləyicilərin və şagirdlərin sayı 5592 nəfər (o cümlədən, 266 nəfər kənar təşkilatlardan) təşkil edib ki, bunun da 329 nəfəri 6 və 10 aylıq kurslarda təhsil alan şagirdlərin payına düşür.
Bununla yanaşı, İSO 45001:2018 "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi", İSO 9001:2015 "Keyfiyyət idarəetmə sistemi", İSO 14001:2015 “Ekologiya idarəetmə sistemi”, İSO 31000 “Risklərin idarə edilməsi sistemi”, İSO 50001:2009 “Enerji idarəetmə sistemi”, İSO/İEC 27001:2013 “İnformasiya təhlükəsizliyi”, İSO/İEC 17025:2017 “Sınaq və kalibrasiya laboratoriyalarının fəaliyyət dairəsi üzrə ümumi şərtlər" beynəlxalq standartları əsasında kurslarda 59 qrup daxilində 585 nəfər dinləyici iştirak edib. Həmçinin İdarənin təlim mərkəzləri daxilində 2409 nəfər dinləyici üçün ƏMTT kursları tədris edilib.
Hazırkı dövrədək cəmi 125844 nəfər dinləyici və şagird (Kadr Hazırlığının Təşkili Mərkəzi - 54875 nəfər, Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzi - 48029 nəfər, Sumqayıt Təlim-Tədris Mərkəzi - 4918 nəfər, Qala Təlim-Tədris Mərkəzi - 7701 nəfər, Qobustan Regional Təlim Mərkəzi - 1981 nəfər və Qaynaq işlərinin sertifikatlaşdırılması şöbəsi – 8340 nəfər) İdarənin təlim mərkəzlərində ayrı-ayrı istiqamətlərdə təlim kurslarına cəlb edilib və onların peşə bacarığı yoxlanılıb. Həmçinin 2005-2020-ci illər üzrə yeni fəhlə kadrlarının hazırlanması kurslarını bitirmiş şagirdlərin sayı 2898 nəfər təşkil edib.
Ötən il ərzində İdarənin Beynəlxalq əlaqələr şöbəsi tərəfindən Beynəlxalq Dəniz Podratçıları Assosiasiyasının (İMCA) “Dalğıc” kateqoriyası üzrə quruma üzvlüyə aid sertifikatın müddətinin uzadılması istiqamətində işlər yerinə yetirilib.
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin qaynaq mərkəzlərində və sınaq laboratoriyalarında qaynaqçıların peşə bacarıqlarının yoxlanılması, attestasiyası və texniki müayinə işlərini yerinə yetirən mütəxəssislərin biliklərinin və səriştəliliyinin artırılması üçün İdarənin 3 nəfər əməkdaşının Ukrayna Milli Elmlər Akademiyasının E.O.Paton adına Elektrik Qaynağı İnstitutunun Sahələrarası təlim-attestasiya mərkəzi tərəfindən keçirilən “Beynəlxalq qaynaq mühəndisliyi (IWE)” “Beynəlxalq qaynaq inspeksiyası” təlim kurslarında iştirakı üçün təşkilati tədbirlər icra edilib, kursları uğurla başa vuraraq mütəxəssislər “Beynəlxalq qaynaq mühəndisi”, “Avropa qaynaq mühəndisi” və “Beynəlxalq qaynaq inspektoru” diplomlarına layiq görülüblər.
COVID-19 pandemiyasının doğurduğu zərurətdən irəli gələrək distant təlimlərin formalaşdırılması üçün “Onlayn təlimlərin keçirilməsi” proseduru işlənib hazırlanıb.
Böyük Britaniyanın Əməyin Təhlükəsizliyi və Sağlamlıq İnstitutunun “Təhlükəsiz idarəetmə” (Managing Safely) təlim kursunun lisenziyasının yeniləşdirilməsi və City & Guilds kvalifikasiya qurumu tərəfindən 3 ixtisas üzrə Qobustan regional təlim mərkəzinin akkreditasiya müddətinin uzadılması istiqamətində təşkilati işlər yerinə yetirilib.
Pandemiya dövründə TTSİ-nin təşkil etdiyi onlayn təlimlərin və vebinarların aktuallığı nəzərə alınmaqla, Xəzər İnnovasiya Mərkəzi tərəfindən “İmtahan” adlı proqram təminatının işlənilməsi üçün müqavilə hazırlanıb.
Ələt Azad İqtisadi Zonanın fəaliyyəti ilə əlaqədar xarici investora təqdim edilməsi üçün Qobustan Regional Təlim Mərkəzi və Sumqayıt Təlim-Tədris Mərkəzi haqqında ssenari və konsepsiya hazırlanıb.
Beynəlxalq standartların tətbiqinə nəzarət şöbəsi tərəfindən OHSAS 18001 standartını əvəz edən ISO 45001 SMƏT idarəetmə sisteminin 2018-ci il versiyasına uyğunlaşdırılması işləri 2020-ci il ərzində həyata keçirilib. Bu istiqamətdə müəssisələrdən daxil olan sorğular üzrə zəruri metodiki dəstək göstərilib, yeni sistemə uyğunlaşdırma üzrə hazırlanan sənədlər yoxlanılaraq tətbiqinə müsbət rəylər verilib.
Əməyin mühafizəsi üzrə mövcud idarəetmə sisteminin yeni - ISO 45001 standartına keçid prosesi başlanılıb, Siyasət və sistem prosedurları yeniləşdirilib. İcra olunmuş işlər 22 dekabr 2020-ci il tarixində onlayn rejimdə keçirilmiş audit nəticəsində Türk Standartları İnstitutu (TSE) tərəfindən müsbət qiymətləndirilib və ISO 45001 standartına keçid təmin edilib.
Həmçinin aprel-dekabr ayları ərzində 402 vebinar təlim təşkil edilib, 212 adda yeni vebinar təlim yaradılıb ki, bu təlimlərdə 15000-dən çox dinləyici iştirak edib. Paralel olaraq, tədris planlarının və proqramlarının müntəzəm surətdə yeniləşdirilməsi ilə onların vahid elektron bazası yaradılıb. Nəticə etibarilə SOCAR-ın müəssisələrində çalışan mühəndis-texniki heyətin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, struktur bölmələrin sertifikatlaşdırma prosedurlarına riayət edilməsi, eləcə də Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin taktiki rəhbər işçilərinin və nəzəri-tədris mütəxəssislərinin bacarıqlarının və səriştəliliyinin artırılması rəhbərlik tərəfindən diqqət mərkəzində saxlanılıb.
Fuad Süleymanov,
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi