10 fevral 2021 12:21
3093

Məsuliyyət, böyük əmək və keyfiyyətli iş... - FOTO/VİDEO

Yeraltı qaz anbarları (YQA) mühüm dövlət əhəmiyyəti kəsb edən obyektlər kimi əhalinin payız-qış aylarında “mavi yanacağ”a olan tələbatının tənzimlənməsində, magistral və ixrac qaz kəmərlərinin fasiləsiz istismarında mühüm rol oynayır. Bu məqsədlə SOCAR tərəfindən reallaşdırılan yeni qaz strategiyasının tərkib hissələrindən olan yeraltı qaz anbarlarının tutumunun artırılması hər zaman diqqət mərkəzində saxlanılır.

Son illər dövlətin mühüm strateji obyektlərindən olan yeraltı qaz anbarlarının yenidən qurulması, qorunub saxlanması, düzgün istismarı və qabaqcıl texnologiyaların tətbiqində mühüm işlər görülüb. Bu məqsədlə SOCAR-ın “Aznet” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsinin (QAİİ) “Qalmaz” yeraltı qaz anbarları sahəsində olduq. Burada hazırda mövsümə uyğun olaraq qazın götürülməsi prosesi həyata keçirilirdi.

İdarə rəisi Əfqan Yusubovun sözlərinə görə, qaz anbarlarının əsas görəcəyi iş yaz-yay aylarında “mavi yanacağ”ın kompressorlar vasitəsilə quyulara vurulması, payız-qış aylarında isə əhalinin və dövlətin strateji obyektlərinin tələbatını ödəmək üçün qazın verilməsindən ibarətdir: “Təbii ki, üzərimizə düşən məsuliyyətdən irəli gələrək hər zaman daha keyfiyyətli iş ortaya qoymağa çalışırıq. Bunun üçün vahid komanda olaraq bütün işçilərimiz böyük əmək və güc sərf edirlər. Çəkilən əziyyət isə sözsüz ki, hər zaman öz bəhrəsini verir”. 

Strateji əhəmiyyətə malik olduğundan burada idarə əməkdaşları bütün təhlükəsizlik qaydalarına riayət edirlər. İşçilər üçün müvafiq təlimlər keçirilir.

Məlumat üçün bildirək ki, QAİİ üzrə qazın saxlanması üçün aktiv qaz həcminin mərhələli artırılması planlaşdırılır. Bu məqsədlə “Qaradağ” yatağında 25 quyunun qazılması, işçi təzyiqi 250 atmosfer olan yeni kompressor stansiyasının inşası, “Qalmaz” yatağında 21 quyunun qazılması və yeni kompressor stansiyasının tikintisi qarşıda duran məqsədlərdəndir.

Ərazidə olarkən İdarənin Mərkəzi mühəndis texnoloji xidmətinin rəisi Vidadi Xeyrullayev bildirdi ki, Qaz Anbarlarının İstismarı İdarəsi “Qaradağ” və “Qalmaz” YQA-lardan ibarətdir. Hazırda anbarlarda qazgötürmə mövsümü davam edir. Sizin çəkiliş apardığınız 1-ci blok sahəsində separatorlar vasitəsilə quyulardan gələn qaz tam təmizləndikdən sonra sifarişçiyə ötürülür.

Qeyd edək ki, yeraltı qaz anbarlarından çıxarılan qazın beynəlxalq tələblərə uyğun hazırlanmasını təmin etmək məqsədilə “Qaradağ” və “Qalmaz” YQA-larda qazın kompleks hazırlanması qurğusunun quraşdırılması planlaşdırılır. Bu məqsədlə layihələndirilmə işləri başa çatdırılmaqdadır.

“Qalmaz” qazsaxlama sahəsinin rəisi Aləm Şirəliyev məlumat verdi ki, sahə adından da göründüyü kimi, qazın saxlanılması prosesini həyata keçirir. Yaz-yay mövsümündə alçaqtəzyiqli qaz kəmərlərindən alınan qaz kompressor vasitəsilə sıxılaraq bu sahədə yeraltı laylara vurulur. Burada 193 quyu fondu mövcuddur ki, bunlardan da 99-u fəaliyyətdədir. Bu quyular bu gün də istismar olunur. Hazırda payız-qış mövsümü olduğuna görə qaza tələbat artdığından quyularda mövcud olan qazdan istifadə olunur.

Son illərdə İdarədə nəql olunan qazı tələblərə uyğun hazırlamaq məqsədilə bir sıra zəruri tədbirlər görülüb. “Qalmaz” qazsaxlama sahəsinin qazpaylama məntəqəsinin qazvurma-qazgötürmə imkanlarını artırmaq məqsədilə əlavə 5 quyuluq manifold sisteminin tikintisi sona çatdırılıb. Burada 5 quyuluq manifold qovşağı tikilib, quyulara şleyf xətləri çəkilib və mövcud sistemlə əlaqələndirilib.

Daha sonra “Qalmaz” qaz kompressor sahəsində olduq. Burada hazırda 2021-ci ilin dövlət qazvurma tapşırığını yerinə yetirmək məqsədi ilə kompressor stansiyalarında təmir işləri davam etməkdədir. Cari ilin mart ayında təmir işlərinin başa çatdırılması planlaşdırılır.

“Qalmaz” qaz kompressor sahəsinin rəisi Səxavət Dadaşov məlumat verdi ki, sahə 1976-cı ildən fəaliyyət göstərir. Qaz kompressor sahəsində 3 stansiya var ki, bunlar da ümumilikdə 24 aqreqatdan ibarətdir. 2009-cu ildən burada yenidənqurma işləri aparılıb.

Qeyd etmək yerinə düşər ki, 2019-cu ilin may ayında “Qalmaz” YQA-da yeni 3 saylı kompressor stansiyasının tikintisi başa çatdırılıb. Yeni 3 saylı kompressor stansiyası həm bir pilləli, həm də ikipilləli rejimdə işləmək qabiliyyətinə malikdir.

Həyata keçirilən tədbirlər, görülən işlər ölkəmizin payız-qış mövsümündə qaza olan tələbatının təmin edilməsi istiqamətində əldə olunmuş yüksək göstəricilərdir. Heç şübhəsiz, qaz anbarlarında bu həcmdə qaz tədarükünə nail olunması SOCAR-ın və “Azneft” İB-nin rəhbərliyinin bu sahədə qısa müddətdə həyata keçirdiyi tədbirlərin nəticəsidir.

Orxan Vahidoğlu, “İki sahil”