15 fevral 2021 12:02
1148

Ötən il SOCAR-ın STAR NEZ 10,5 milyon ton xam neft emal edib - FOTO

Pandemiyaya baxmayaraq, SOCAR-ın STAR NEZ ötən il 250 milyon dollardan çox kreditin geri ödənilməsinə nail oldu

Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Türkiyə”nin törəmə müəssisəsi- Star neft emalı zavodu (NEZ) 2020-ci ildə qlobal pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq rekord rəqəmlərə imza atıb. Emal gücü 10 milyon ton həcmində müəyyənləşdirilən STAR NEZ istehsal planını artıraraq bu həcmi 10,5 milyon tona çatdırıb. 2020-ci ildə təxminən 10,3 milyon tonluq satış həyata keçirən zavod bu həcmin təxminən 70%-ni daxili bazara yönəldərək, Türkiyə iqtisadiyyatına proqnozlaşdırılan töhfəni vermiş olub.

“SOCAR Türkiyə”nin Emal və neft-kimya bölməsinin rəhbəri Anar Məmmədov  Star NEZ-in yüksək göstəricilərini şərh edərkən deyib: “Petkimin xammalı olan naftanın tədarükü ilə yanaşı, daxili bazarda həyata keçirdiyimiz satışlarla Türkiyənin cari kəsirinin azalmasına mühüm töhfə verdik. Star NEZ-də sahib olduğumuz qabaqcıl texnologiya, “Petkim”lə inteqrasiya, əlverişli rəqəmsal transformasiya modelimiz,  səmərəli istehsal planı və optimallaşdırma prosesləri bu uğuru qazanmağımız üçün şərait yaratdı. Pandemiya səbəbindən  təyyarə yanacağına tələbatın azalmasını nəzərə alaraq,  potensialımızı sürətlə dizel yanacağına yönəldib fasiləsiz istehsala davam edə bildik. Xüsusilə, 2020-ci ilin ikinci yarısından etibarən 100%-dən artıq istehsal gücü ilə çalışaraq zavodumuzun xam neft emalı həcmini  10,5 milyon tona qaldırdıq. Bizə qürur verən bu yüksək göstəricilərə görə hər biri öz sahəsində  məsuliyyətlə çalışan bütün həmkarlarıma təşəkkür edirəm.”

2020-ci ildə neftin qiymətlərində azalmanın təsiri ilə emal gəlirlərinin də aşağı düşdüyünü sözlərinə əlavə edən Anar Məmmədov bildirib ki, 6,3 milyard dollarlıq dəyəri ilə Türkiyədə real sektorun tək nöqtəyə  yatırdığı ən böyük investisiya layihəsi olan Star NEZ bu çətin ildə 250 milyon dollardan çox kreditin geri ödənilməsinə nail olub: “Bundan əlavə, zavodun anbar tutumunu və əməliyyat elastikliyini  artıracaq investisiyalarımızı da davam etdiririk. Bu çərçivədə, təxminən 45 milyon dollarlıq sərmayə büdcəsinə malik olan “NEZ-in elastikliyinin, iş qabiliyyətinin və gəlirliliyinin yaxşılaşdırılması” layihəsini (IFOP) bu il başa çatdıracağıq. IFOP layihəsi ilə birlikdə  ümumi dəyəri təxminən 600 milyon dollar təşkil edən və böyük hissəsi əlavə anbar tutumu ilə əlaqədar olan yeni investisiyalarımızı da 2022-ci ildə tamamlamağı planlaşdırırıq.” 

Fəaliyyətə başladıqdan 1 il sonra, 2019-cu ildə İstanbul Sənaye Palatasının “Türkiyənən 500 böyük sənaye qurumu” siyahısında 5-ci yeri tutan Star NEZ inkişaf etmiş konfiqurasiyası sayəsində 100 növdən artıq nefti emal etmək qabiliyyətinə malikdir. Türkiyədə xam neft emal edən iki müəssisədən biri  olan Star NEZ  bu baxımdan da ölkə iqtisadiyyatına mühüm töhfə verir.

Orxan Vahidoğlu, “İki sahil”