20 fevral 2021 14:13
1676

Erməni generaldan etiraf: Azərbaycan ordusu kifayət qədər güclü idi

Keçmiş baş qərargah rəisi revanşistlərə də mesaj verib: “Yenidən müharibə olarsa, bizim üçün çox çətin olacaq. Bunun öhdəsindən necə gələcəyik, nə qədər itki verəcəyik məsələsi müəmmalıdır”

 

Ermənistanın "İravunk" nəşri 44 gün dava edən müharibə ilə bağlı ordunun keçmiş baş qərargah rəisi, general-leytenant  Artak Davtyandan müsahibə alıb.

“İki sahil” erməni mediasına istinadla xəbər verir ki, Artak Davtyan müharibədəki məğlubiyyətin səbəblərinə toxunub. O, qeyd edib ki, Ermənistan ordusunda bir çox çatışmazlıqlar olub. Amma dəqiq səbəbləri müəyyən etmək üçün ciddi araşdırma aparmağa ehtiyac var: “Bir şeyi dəqiq deyə bilərəm ki, Azərbaycan ordusu kifayət qədər güclü idi, biz də zəif deyildik. Əsgərlərimiz, zabitlərimiz son nəfəsinə qədər mübarizə apardı. 44 gün ərzində döyüş əməliyyatları aparıldı və Azərbaycan döyüş xəttinin bütün ətrafı boyunca uğur qazana bilmədi. Nə oldusa, son günlərdə oldu, işlər qaydasında getmədi. Nə olduğunu dəqiqi bilmirəm, çünki detallardan xəbərim yoxdur. Amma səhvlər mütləq açıqlanmalıdır. Mən şəxsən müharibənin nəticələrinin səbəblərini aydınlaşdırmaq üçün yaradılacaq komissiyada iştirak etməyə hazıram”.

Keçmiş baş qərargah rəisi Azərbaycan ordusunun böyük qəhrəmanlıqla düşməndən azad etdiyi Şuşa ilə bağlı sualı belə cavablandırıb:  “Şuşanı itirməyimiz mənim üçün böyük bir acı, faciədir. Şuşada nə baş verdi, oranı necə itirdik kimi sualların cavabı hətta Şuşada olan hərbçilər üçün də aydın deyil. Ona görə də Şuşada baş verənlər diqqətlə öyrənilməlidir. Hələlik hər hansı bir nəticə çıxarmaqdan çəkinirəm”.

Artak Davtyan yeni müharibə ehtimalı və Ermənistan ordusunun buna hazırlığı ilə bağlı bədbinliklə danışıb. Revanşistlərdən fərqli olaraq o, orduya yaxşı bələddir və dəqiq bilir ki, 44 günlük müharibədə Azərbaycan ordusu Ermənistan ordusunu darmadağın edib. Bu reallığı yaxşı bilən Davtyan suala belə cavab verib: “Yenidən müharibə olarsa, bizim üçün çox çətin olacaq. Doğrudur, ordu istənilən halda vəzifəsini yerinə yetirməyə hazırdır. Amma bunun öhdəsindən necə gələcəyik, nə qədər itki verəcəyik məsələsi müəmmalıdır. Ümumiyyətlə, ordu,  hətta bir hərbi hissədən ibarət olsa belə vəzifəsini yerinə yetirəcək. Əgər, yeni çağırış deyəndə bugünkü sərhədlərimizi qorumağı nəzərdə tuturuqsa, bəli, bunu etmək gücündəyik. Yox, əgər yeni müharibə deməkdirsə, bunun nəticələrini proqnozlaşdırmaq son dərəcə çətindir”.

Orduda vəziyyətin ağır olduğunu etiraf edən Artak Davtyan deyib ki, ordu ilk növbədə düşdüyü çətin psixoloji vəziyyətdən çıxmalı, məğlub psixologiyasından uzaqlaşmalıdır. Hərbi xidmətin yeni sərhədlər boyunca təşkil olunmasını prioritet məsələ hesab edirəm: “Silahlanma, hərbi texnika ilə təchizatla yanaşı,  ordunun prioritetləri arasında zabitlərin, xüsusən də taqım komandirlərinin komplektləşməsi aparılmalıdır. Cəmiyyətin orduya inanması üçün çox iş görmək lazımdır”.