23 fevral 2021 17:55
1333

Tarixi təhrif etmək olmaz

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin bu tezisinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev “Bizə saxta tarix lazım deyil” çağırışını edib tarixçilərin, mütəxəssislərin qarşısında mühüm vəzifələr qoydu

İnformasiya mübarizəsi dövrünü yaşayırıq. Tarixi faktlara, real həqiqətlərə əsaslanan təbliğat daha inandırıcı, təsir imkanları geniş olur. Hadisələrə ən böyük dəyəri zaman verir, desək səhv etmərik. İllər keçdikcə baş verən hadisələrin mahiyyəti daha dolğun şəkildə dərk olunur və ictimaiyyətə çatdırılır. Ulu öndər Heydər Əliyev bu cağırışı edirdi ki, tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır,  tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz.

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” mifini gerçəkləşdirmək məqsədilə azərbaycanlılara və türklərə  qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər.  Dövlətimizin başçısı  İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması, bunun ardınca “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında”  Sərəncamın imzalanması  tariximizin hər bir səhifəsinə ətraflı  diqqət yönəltməyə geniş imkanlar açmışdır.

Tarixə nəzər salaq.  Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Tarixi faktlar təsdiqləyir ki, ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edib. Amma baş verən olayların təşkilatçıları  məsələnin mahiyyətinin açılmaması üçün ciddi səylər göstəriblər.

Əbəs yerə deyilmir ki, tarix təkrarlanır. Ermənilərin torpaq iddiasının  1988-ci ildə yenidən baş qaldırması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranmasına, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb oldu. 30 ilə yaxın müddətdə  dünyanın ikili siyasəti, ermənilərin başına çəkilən sığallar münaqişənin həlli prosesinin uzanmasına səbəb olmuşdur. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarının 30 ilə yaxın müddətdə edə bilməkdiklərini etdi, ədalət bərpa edildi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu.

Nəzərə alaq ki,   1992-ci ildə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri – ABŞ, Fransa və Rusiya, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu xatırlatmanı ona görə edirik ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni işğalçılarının Azərbaycan ərazilərini qeyd-şərtsiz azda etmələri tələb edilsə də, ermənilər  bu qərar və qətnamələrə məhəl qoymurdu, “evin ərköyun” uşağı kimi istədikləri zaman danışıqlar prosesinə qatılır, istəmədikləri zaman da qatılmaya bilirdilər. 44 günlük Vətən müharibəsi 30 il davam edən danışıqların imitasiya naminə aparıldığını ortaya qoydu.  Yəni himayədarlarından aldıqları dəstəklər onlarda böyük ruh yüksəkliyi yaradaraq, daha böyük iddialarla çıxış etmələrinə rəvac verirdi. Ermənistan rəhbərliyinin yeni ərazilərlə bağlı müharibə planı da bunun təsdiqi idi. Azərbaycan Ordusu bütün bu planları alt-üst etdi, Ermənistanı diz çökdürdü, kapitulyasiya aktına imza atmağa məcbur etdi. Ən əsası illərdir yaradılan «güclü erməni ordusu» mifi darmadağın edildi. Dünya Azərbaycan Ordusunun məğrurluğunun, yenilməzliyinin şahidi oldu.

Ermənilər illərdir  xarici himayədarlarının dəstəyindən bəhrələnərək  beynəlxalq ictimaiyyətdə özləri barədə “yazıq, məzlum, əzilən və döyülən” millət, azərbaycanlıların isə mənfi obrazını yaradıblar.  ABŞ Konqresinin 1992-ci ildə Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişi tətbiq etməsi də bu təbliğatın nəticəsi idi. Yalnız 2001-ci ildə ABŞ-da baş verən terror aktı rəsmi Vaşinqtonu bu qərarın ədalətsizliyi barədə düşünməyə və onun fəaliyyətini bir illik dondurması barədə qərar qəbul etməyə sövq etdi. Hər zaman qeyd etdiyimiz kimi, dünyanı idarə edən iri dövlətlər bu və ya digər ölkələrə qarşı atılan addımlara, eyni zamanda, baş verən hadisələrə o zaman düzgün dəyər verməyə çalışırlar ki, özləri həmin hadisəni yaşayır. Dövlətimizin başçısı bildirir: “Səbəblərindən asılı olmayaraq, terrorçuluğa haqq qazandırılması haqqında söhbət belə gedə bilməz. Terror aktlarının kimə qarşı törədilməsindən asılı olmayaraq, terror təşkilatları arasında fərq qoyulmamalıdır. Buna görə, hesab edirəm ki, səylərin geniş şəkildə birləşdirilməsi və terrorçuluğa qarşı hərtərəfli əməkdaşlığın aparılması bu mübarizədə bizə yardımçı olacaq və uğurumuzu təmin edəcəkdir.» Çox da uzaq olmayan tarixə nəzər salanda görürük ki, Fransa kimi dövlət heç bir araşdırma aparmadan ermənilərə sevgisinin nümayişi olan “erməni soyqırımı”nı tanıyıb və bunu bütün dövlətlərdən tələb edir. Hətta Senatda “erməni soyqırımı”nı tanımayanlara qarşı cəzanın tətbiq olunması ilə bağlı layihə müzakirəyə çıxarıldı. Məhz bu kimi ikili yanaşmalar bu və ya digər ölkələrdə baş verən münaqişələrin nizamlanması prosesinin uzanmasına səbəb olur.  Azərbaycan və Türkiyə 44 günlük İkinci Qarabağ müharibəsində də Fransanın qərəzli yanaşmaları ilə üz-üzə qaldılar. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşduğu halda Fransa Senatının “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyinin tanınması ilə bağlı qətnamə qəbul etməsi təəccüb doğurmaya bilməzdi. Bu, dünyanın  aparıcı dövlətlərinin ədalət meyarını necə qoruduqlarını bir daha nümayiş etdirdi. 

Göründüyü kimi, tarixi həqiqətlər ermənilərin və onlara havadarlıq edən dövlətlərin əsl simasını ortaya qoyur, dünya susmağı yeganə çıxış yolu hesab edir. Bu çıxış yolu dövlətlərin öz maraqlarına xidmət edir. Amma unudulur ki, bir cinayətin cəzasız qalması növbəti cinayətin baş qaldırmasına rəvac verir.

1992-ci il fevralın 26-sına keçən gecə yaşanan Xocalı faciəsi təbii ki, ermənilərin əvvəlki cinayətlərinin cəzasızlığından yaranan soyqırımıdır. Bu gün Azərbaycan dövləti bütün səylərini bu faciənin soyqırım kimi tanıdılmasına yönəldib.  Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. 44 günlük Vətən  müharibəsi dövründə Xocalı faciəsinin davamı olaraq Gəncə, Bərdə, Tərtər və sair  yaşayış məntəqələrimizdə terror aktları törədildi, dünya yenə də seyrçi mövqeyindən əl çəkmədi.

Bunlara göz yummaq, ədalət prinsipini arxa plana keçirib öz maraqlarına uyğun mövqe nümayiş etdirmək beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Bu prinsipi yenə də təkrarən xatırlatmaq istərdik ki, hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı BMT-nın sənədlərində təsbit  edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir.  Dövlətimizin başçısı İlham Əliyev BMT-nin Baş Assambleyasının  sessiyalarında daim bəyan edirdi ki, bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində  icra olunur. Bizə gəldikdə  isə uzun illərdir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı  beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.

Amma bu çağırışlar da dünyanın nüfuzlu dövlətlərinin eşitməyən qulaqlarını açmadı. Çünki erməni sevgisi onların qulaqlarını elə kar, dillərini elə lal etmişdir ki, açılması maraqlarına uyğun deyildi. Amma 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu karları, korları hərəkətə gətirdi. Dünya bir daha yəqinləşdirdi ki, beynəlxalq hüquq zamana və məkana görə tətbiq edilə bilməz.   Cənab İlham Əliyev çıxışlarında, həmçinin bu çağırışı da edirdi ki,  biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir: «Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.»

Faktlar danışdıqca ermənilər daha aciz görünürlər. Son illərdə aparılan araşdırmalar nəticəsində  erməni vəhşiliklərinə işıq salan  çoxlu sayda yeni faktların və sənədlərin toplandığını vurğulayan cənab İlham Əliyev  Quba şəhərində aşkar olunmuş  kütləvi məzarlığı önə çəkərək bildirir ki, üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edir.  Məhz bu faktların, sənədlərin daha çoxluq təşkil etməsinə inamdan irəli gəlir ki, ölkə Prezidenti İlham Əliyev  Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirmişdir ki, tariximizin həqiqətə uyğun olması ilə bağlı  alimlərimiz,  mütəxəssislərimiz gərək dolğun məlumat versinlər, tariximizi malalamasınlar. Bizə saxta tarix lazım deyil. Sovet dövründə nə qədər saxta tarixlə üzləşmişdik: «Bizim qəhrəmanlarımız düşmən kimi göstərilirdi. Xalqımızın düşmənləri, qaniçənlər qəhrəman kimi göstərilirdi. 26 Bakı komissarı - o erməni bolşevik quldur dəstəsi qəhrəman kimi göstərilirdi. Ancaq onlara qarşı vuruşan milli vətənpərvər insanlar düşmən kimi göstərilirdi. Biz bunu görmüşük. Bizim nəsil bunu görüb, saxta tarix nədir. İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir.»

Tarixin yaddaşına söykənərək bütün reallıqları dünya ictimaiyyətinə çatdırmaq üçün səylərimizi birləşdirməli, 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyimiz, birliyimizin rəmzi olan dəmir yumruğumuzu daha da möhkəmləndirməliyik.

Yeganə Əliyeva, «İki sahil»