23 yanvar 2020 20:06
1004

20 Yanvar: Tarixi qəhrəmanlıq, qəhrəmanlıq tarixi

102 il əvvəl rus imperiyası Azərbaycanı ilhaq etdikdən sonra Bakıda “Çəmbərəkənd” qəbiristanlığını itirsə də, adı dəyişdirilsə də xalqın yaddaşında öz adıyla yaşadı. 30 il əvvəl Çəmbərəkənd adını xatirələrdən, yaddaşlardan silməyə qüdrəti çatmayan Dağüstü park adını xalqın iradəsinə, şəhidliyə, şəhidlərə ehtiramına təslim etdi. Bu məkan uca ruhların əbədiyyət beşiyi oldu. 30 ildi Şəhidlər xiyabanı xalqın ziyarət yeridi, bu müqəddəs məkanı dövlətimizə, dövlətçiliyimizə ehtiramı olan dövlətlərin başçıları da ziyarət edir...

Ön xətdə “N” hərbi hissəsində “20 Yanvar: azərbaycançılığın qalibiyyət gecəsi” mövzusunda keçirilən disputda mayor Neymət Rəhimov əsgərlərdən soruşdu ki, kim Şəhidlər xiyabanında olmayıb. Əsgərlərin hamısı “Olmuşam!”, - dedi. Yəni əsgərlərimiz hərbi xidmətə həm də şəhidlərimizin ruhlarının xeyir-duası ilə başlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 20 Yanvar faciəsinin 30 illiyi geniş miqyasda qeyd olundu. Hərbçilərin faciə ilə bağlı fikirlərini vətəndaşlıq heysiyyəti bildim:

Mayor Ruslan Novruzov:

- “Tarixi yaşatmaq hər bir vətəndaşın müqəddəs borclarındandır. Müqəddəsliyi qorumaq müqəddəsliyin əsgəri olmaq deməkdir. Biz müqəddəs bir borcun icraçılarıyıq - hərbçiyik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sülh yoluyla həll olunmasa Azərbaycan Ordusu torpaqlarımızı işğaldan Ali Baş Komandanın döyüş əmriylə azad edəcək. Ordumuz güclüdür, qüdrətlidir, dünyanın ən güclü orduları sırasındadır, Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlamağa qadirdir.

1990-cı ilin 19 yanvar gecəsi rus imperiyası Bakıya qoşun yeritdi, qırğın miqyasında faciə törətdi. Bu faciə müstəqillik mübarizəsi aparan xalqın iradəsini qıra bilmədi. Həmin gecə xalqımız qətliam törədən sovet imperiyasına da, dünyaya da təsdiqlədi ki, bu birliyin, illərlə gizlin-aşkar aparılan bu mübarizə əzminin qarşısını almağa qadir olan istər siyasi, istərsə də hərbi güc mövcud deyil.

Hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsi ərəfəsində bu mövzuda keçirilən ictimai-siyasi dərsdə bir daha əmin olduq ki, əsgərlərimiz dövlətçilik tarixlərimizdən olan 20 Yanvar faciəsi haqqında əhatəli məlumata malikdirlər və bu faciənin mahiyyətini yaxşı dərk edirlər. Onu da dərk edirlər ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik mübarizəsinin Sovet imperiyası üzərində tarixi qələbəsi günü oldu.

Bu faciə haqqında uşaqlığımdan eşitmişdim. Mahiyyətini sonralar evdə atamdan, orta məktəbdə müəllimlərimdən öyrənmişdim. Şəhidlərimizə görə mən də çox qəhərlənmişdim. Onda qəti şəkildə xalqın dövlətçilik əsgəri olmağı qərara aldım - hərbçi oldum. İndi ön xətdə xidmət edirəm. Hərbi hissəmizin şəxsi heyəti Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edir və Ali Baş Komandanın əmriylə torpaqlarımızın işğaldan azad olunmasıyla nəticələnəcək döyüşlərdə iştirak etmək, qalib əsgər kimi tərxis olunmaq istəyirlər...”

Kapitan Anar Kazımov:

- 20 Yanvar faciəsi “Mən azərbaycanlıyam!” deyənlərin də, Azərbaycanı tanıyanların da, ona mənən bağlananların da qəhəri oldu, bu qəhərin giziltilərini dövlətçilik sevgisiylə üstələyən qüruru oldu. O vaxta kimi elə bilirdik ki, hərbçilər dövləti qoruyur. Az sonra öyrəndik ki, bəzən hansı siyasi məqsədləsə orduya başqa tapşırıqlar da icra etdirilə bilərmiş. 1990-cı ilin 19 yanvar gecəsi Sovet imperiyası ordu hissələrində belə bir nizamnamədənkənar vəzifə tapşırdı, daha doğrusu, hökumət ordunu Bakıya qətliam törətməyə göndərdi. O gecə müharibədə belə qadağan edilmiş güllələrdən istifadə edən ordu hissələri silahsız nümayişçilərə qarşı amansız faciə törətdi.

Onda 10-12 yaşlı uşaqlar bu faciənin siyasi mahiyyətini dərindən dərk edə bilməzdi. Mənim atam müəllim idi və mənim bu faciə ilə bağlı bütün suallarıma ətraflı cavablar verirdi. Bəzən belə sualları məktəbdə müəllimlərimə də verirdim. Onlardan da ətraflı cavablar alırdım. O vaxtlardan hərbçi olmağı qərara aldım. 19 yanvar gecəsində qətlə yetirilənlərin arzuladığı müstəqilliyin əsgəri olmaq üçün.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil aldım.

Hər birimiz belə bir ordu ilə qürurlanırıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır”  fikri bizim hərbi xidmət amalımızın başlanğıcıdır...

Əsgərlərimizin mənəvi-psixoloji hazırlığının səviyyəsini yüksəltmək istiqamətində həyata keçirilən tədbirlərdə bu haqda da ətraflı söhbətlər edirik, xalqımızın dövlətçilik tarixi ilə bağlı olan 20 Yanvar tarixinin mahiyyəti əsgərlərimizin Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətində müstəsna əhəmiyyətə malikdir.

Şəhidlərimizin arzuladığı dövlət müstəqilliyimiz bərpa olundu. Bu müstəqilliyi qorumaq bizim borcumuzdur...

Əsgər İlham Rzayev:

- Gəncə şəhər 201 saylı orta məktəbinin məzunuyam. Gəncə Texnologiya Universitetini bitirmişəm. Rus, ingilis, ərəb, fars dillərində sərbəst danışıram. 20 Yanvar faciəsi haqqında öz mətbuatımızda oxuduqlarımın eynini bu dillərdə də oxumaq istəyi ilə internet səhifələrini vaxtaşırı izləyirdim. Əksər saytlarda bu haqda gerçəkliyi əks etdirən məlumatlar verilib. Bu haqda tələbə yoldaşlarıma, hərbi xidmətdə əsgər yoldaşlarıma kifayət qədər ətraflı məlumatlar vermişəm. Hamımız bilirik ki, 20 Yanvar faciəsi Sovet imperiyasının Azərbaycanda müstəqillik mübarizəsinə məğlubiyyəti olub. Biz belə bir dövlətin vətəndaşı, belə bir ordunun əsgəri olmağımızla fəxr edirik.

Xalqın birliyi, məfkurə ətrafında sıx birləşməsi, tarixi ədalətsizliyi aradan qaldırma niyyəti qırmızı imperiyanı qorxuya salmışdı və bunun qarşısını almaq üçün belə bir faciə törətdi. Lakin istəyinə nail ola bilmədi. Azərbaycanda müstəqillik mübarizəsi Sovet imperiyasının siyasi dayaqlarını laxlatdı, həm də imperiya dünya dövlətləri arasında nüfuzunu da itirdi, imperiyalığını da. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi.

20 Yanvar faciəsi tarixdə də yaşadılacaq, yaddaşlarda da...

Rəşid Faxralı