28 fevral 2021 18:40
1021

COVID-19 dünyanı sınağa çəkməkdədir: Ötən il maska davası edənlər bu il peyvəndə keçiblər

COVID-19 pandemiyası yaratdığı fəsadlarla bərabər, beynəlxalq münasibətlər sisteminin xarakterinə də aydınlıq gətirmiş oldu. Bununla da  böyük dövlətlərin pandemiya ilə mübarizədə nümayiş etdirdikləri mövqe onlar üçün  demokratiya, insan haqları və bu qəbildən olan anlayışların digər ölkələrə qarşı təsir vasitəsi olmaqla onların daxili işlərinə qarışmaq, sabitliyi pozmaqdan savayı heç nə ifadə etmədiyi bir daha ortaya çıxdı.

Hələ pandemiya ilə mübarizənin ilk aylarında böyük iqtisadiyyata, insan resurslara, elmə, hərbi potensiala və digər göstəricilərə malik dövlətlərin koronavirus qarşısında özünəqapanma yolunu seçmələri bir yana, digərlərinə qarşı xudbinlikləri açıq-aşkar ortaya çıxdı. Dünyaya məlum oldu ki, başqa vaxt digər ölkələrə qarşı davranışlarında demokratiya və insan haqlarını əllərində bayraq edənlər koronavirus təhlükəsi meydana çıxandan köməkdən imtina az imiş kimi,  bəzi hallarda qonşuları üçün göndərilən humanitar yardımı (əsasən tibbi maskadan ibarət olan) belə mənimsəməyə əl atdılar.

Pandemiya ilə mübarizənin növbəti- peyvəndləmə mərhələsində də bu, özünü göstərməkdədir. Belə ki, dünyanın yarısında peyvəndləyə başlamaq imkanının olmamasına baxmayaraq,  bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin əldə ediblər. Fevralın 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraq  vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsünün vacibliyinə toxunaraq bu məsələdə tamam başqa mənzərənin şahidi olmasına diqqəti çəkib: “Görürük ki, hətta müttəfiqlər arasında da ciddi problemlər yaranır, kimin neçə vaksindən istifadə etməsini və kimin kimə nəyi yarımçıq verməsini hesablamağa başlayırlar. Ona görə bu vəziyyət bir daha göstərir ki, həmrəylik barədə, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət görürük. Məsələn, bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar. Misal üçün Kanada. Mən bu barədə demişəm. Belə çıxır ki, kiməsə çatmayacaq. Amma bu, onlara maraqlı deyil”.

Burada bir daha aydın olur ki, sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edən ölkələr təcrübədə milyonlarla insanın, o cümlədən yoxsul ölkələrdən və buna imkanı olmayan insanların yaşamaq hüquqlarını tapdalayırlar. Hətta bu qrupdan olan ölkələrin maddi imkanları olsa belə, COVID-19 əleyhinə peyvənd onlar üçün əlçatan deyil.

Bu mənada “Sizə açıq deməliyəm, əgər biz bütün istehsalçılarla saziş bağlamasaydıq, - bunu etmişik, - bu gün biz də vaksinsiz qalardıq” deyən Prezident İlham Əliyev Azərbaycanın da belə ayrı-seçkiliklə üz-üzə qaldığını, lakin bu istiqamətdə aparılmış düzgün siyasətin nəticəsində hazırda vaksinləmənin həyata keçirildiyi ölkələrin sırasında yer almasına imkan verib.

 İstənilən halda ölkə başçısının “Biz “AstraZeneca” vaksinini çoxdan almalı idik. Almamışıq. Artıq bir neçə aydır ki, almamışıq. “Sputnik” vaksinini də almamışıq. “COVAX” təşəbbüsü üzrə “Pfizer” və “Moderna” peyvəndlərini almalı idik, almamışıq. Özü də bizə onları nə vaxt alacağımızı demirlər. Yaxşı ki, bizim çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər” deməsi dünyada peyvənd əldə edilməsi sahəsində vəziyyətin hansı yerdə olmasına aydınlıq gətirir. Belə görünür ki, vaksin almağa imkanı olmayan, bir çox hallarda buna maddi imkanı olsa da, əldə edə bilməyən ölkələrin üzləşdikləri vəziyyət əsl insanlıq dramıdır. İndiyədək insan haqlarını əldə tutaraq əslində dünyanı qan gölünə çevirənlər bu dəfə daha da irəli gedərək özləri xaric digər ölkələri ölümcül virusla baş-başa qoymaqdadırlar.

Bu baxımdan Prezident İlham Əliyevin “Bizim bunu almaq üçün vəsaitimiz var. Bəs, vəsaiti olmayanlar nə etsinlər? Bu adamlar ölməlidirlər? Deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, necə deyərlər, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar. Biz hansı bərabərlikdən danışırıq?” fikri Azərbaycanın bu məsələdə həm milli mənada, həm də üzvlərinin sayına görə dünyada BMT-dən sonra ikinci beynəlxalq qurumda sədrlik edən ölkə kimi prinsipiallığının nümayişidir.

“The London Post” qəzetində dərc olunan məqalədə deyilir ki,  COVID-19 pandemiyası beynəlxalq səhiyyə sistemindəki boşluqları və zəif cəhətləri ortaya çıxararaq bütün dünya üçün əsl sınaq olub, pandemiyanın bəzi məqamları siyasiləşdirilib və bəzi ölkələr millətçi proqramlarını beynəlxalq cəmiyyətin kollektiv sağlamlığından üstün tutublar. Yazıda qeyd edilir ki, pandemiyanın gətirdiyi kədərli tendensiyalar arasında ən son və ən aktual olanı isə “peyvənd millətçiliyi”dir.

Nəşr yazır ki, peyvəndlərin qlobal paylanması nə ədalətli, nə də bərabər olub. Hətta inkişaf etmiş ölkələri peyvənd paylanması mövzusunda aralarında mübarizə aparıblar.

Qeyd olunur ki, idarə olunan 128 milyon doza peyvəndin dörddə üçündən çoxu ümumilikdə 10 ölkədə tətbiq edilib. Təxminən 2,5 milyard əhalisi olan 130 ölkədə hələ də COVID-19 peyvəndi tətbiq edilmədiyi halda, digər ölkələr əhalisini  dəfələrlə aşılayacaq qədər peyvəndlə təmin edib.

Qəzetin qeyd etdiyi kimi, peyvəndləmə proqramında beynəlxalq əməkdaşlıq gücləndirilməzsə, virus sirkulyasya etməyə, mutasiyaya uğramağa davam edəcək, daha çox qaçınılmaz ölümlərə səbəb olacaq və qlobal iqtisadi artımı azaldacaq. Bunu nəzərə alaraq, ədalətli peyvənd paylama təşəbbüsünə qoşulmaq və “Hamı təhlükəsizlikdə olmayınca heç kim təhlükəsizlikdə deyil” şüarını izləmək daha az xərc tutumludur.

Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasəti” beynəlxalq vebinarı zamanı Argentinadakı Çağdaş Yaxın Şərq Araşdırmaları Mərkəzinin (CEMOC) prezidenti Paulo Botta Latın Amerikasında peyvəndlərə məhdud təklif, maliyyə və siyasi məhdudiyyətlər barədə danışıb. Onun sözlərinə görə, COVID-19-dan ölüm hallarının çox olmasına baxmayaraq, Latın Amerikası peyvənd tətbiqinin hələ başlanğıc mərhələsindədir.

Eyni tədbir zamanı Salvadordaki Beynəlxalq Münasibətlər Araşdırmaları Mərkəzinin (CEERES) icraçı direktoru Sezar Edqardo Martines Flores “İctimai səhiyyə və təməl xidmətlər sahəsində cəmiyyət olaraq uğursuz olduq: COVID-19 ilə millətçiliyin yenidən bərpa olunduğunun şahidinə çevrildik” deyib. Vaksin millətçiliyinin əməkdaşlığa zərərli təsirindən danışan Flores ölkələrin kimin peyvəndi birinci hazırlayacağı ilə bağlı öz aralarında yarışmasının böhranı daha da artırdığını söyləyib.

Yerdə bundan nəticə çıxarmalı ölkələrin vaxtında atacaqları addımlar qalır. Əks təqdirdə pandemiyanın nəticələri nəinki peyvəndləmədən kənarda qalan ölkələr, hətta ehtiyacından 3-4 dəfə çox vaksin əldə etmiş ölkələr üçün də ağır olacaq. Məsələ burasındadır ki, iniyədək bu virusun nümayiş etdirdiyi əsas özəllik ondan ibarətdir ki, ondan qurtulmaq COVID-19-un dünya üzrə tam aradan qalxmasından sonra mümkündür. Bu, virusun həm sürətlə yayılması, eyni zamanda, mutasiyaya uğraması kimi xüsusiyyətlərindən irəli gəlir.

Təsadüfi deyildi ki, bu gün vaksin hərisi olan ölkələrin əksəriyyəti pandemiya başlayar-başlamaz tərki-dünya olub özünəqapananlar idi...

Ceyhun Piriyev, “İki sahil”