01 mart 2021 12:59
1107

“Azəriqaz” İB-də mülki müdafiə günü qeyd olunub - FOTO

1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda tədbir keçirilib.

"İki sahil" xəbər verir ki, video-konfrans formatda keçirilən tədbirdə Birliyin Mülki müdafiə qərargahının rəisi Əlibaba Bayramov mülki müdafiə sisteminin işindən, bu sahədə həyata keçirilən tədbirlərdən söz açıb. Ə.Bayramov vurğulayıb ki, texnogen qəzalar, təbii fəlakətlər və epidemiyalarla mübarizənin məqsədi, xarakteri, prinsipləri və üsulları barədə, eləcə də ekstrimal şəraitdə iqtisadiyyatın dayanıqlı fəaliyyətə әvvəlcədən hazırlanması üzrə elmi cəhətdən əsaslandırılmış və dövlət tərəfindən rəsmən qəbul edilmiş vahid baxışlar sistemi işlənib-hazırlanmalı və reallaşdırılmalıdır. Məhz bu yol ilə problemləri həll etmək mümkündür.

Daha sonra fövqəladə hallar şəraitində respublikada əhalinin, iqtisadiyyatın, təbii mühitin mühafizəsi sahəsində dövlət siyasətinin və fəaliyyətinin nəzəri və əməli əsaslarını təşkil edən, milli təhlükəsizlik doktirinasının ayrılmaz tərkib hissəsi olmaqla mülki müdafiə konsepsiyasının hazırlanması və qəbul edilməsinə ciddi ehtiyac olduğu tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Orxan Vahidoğlu, "İki sahil"