02 mart 2021 16:50
1739

Koronavirusa yoluxmadakı artım ictimai nəqliyyatdakı sıxlıqla bağlıdırmı? - Ayaz Hüseynov şərh edir

Əgər, qapalı məkanda havalandırma sistemi və yaxud açıq hava ilə təmas yoxdursa, vətəndaş maskanı taxsa belə, yoluxma riski həddindən artıq çoxdur

 

 

“Azərbaycanda son günlər COVID-19 virusuna yoluxanların sayında yenidən artım müşahidə edirik. Bunun səbəbi havaların tez-tez dəyişməsi ilə bağlı immun sisteminin nisbətən zəifləməsi,  vətəndaş məsuliyyətsizliyi və koronavirus pandemiyasına qarşı vaksinasiyaya bəzi vətəndaşların şübhə ilə  yanaşmasıdır”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında “Hemofiliyalı Xəstələr” İctimai Birliyinin sədri Ayaz Hüseynov deyib.

A.Hüseynov bildirib ki, vətəndaşların bir hissəsi hesab edir ki, koronavirusa yoluxma riski məhz ictimai nəqliyyatda sıxlığın nəticəsindən ola bilər: “Vətəndaşlar həmçinin hesab edirlər ki, metronun açılması yoluxma sayını azaldar və insan sıxlığını aradan qaldırar. Amma əfsuslar olsun ki,  bu, belə deyil. Beynəlxalq praktika göstərir ki, əgər, qapalı məkanda havalandırma sistemi və yaxud açıq hava ilə təmas yoxdursa, vətəndaş maskanı taxsa belə, yoluxma riski həddindən artıq çoxdur. Bu baxımdan nisbətən yoluxma riski aşağı olan yerüstü ictimai nəqliyyata üstünlük verilməlidir. Ona görə də COVID-19 virusundan və virusun yeni ştammlarından qorunmağın yeganə yolu vaksinasiyadır”.

Virusa qalib gəlmək üçün hər kəsi vaksinasiyaya səsləyirəm

İctimai Birlik sədrinin sözlərinə görə, peyvəndin yüngül və ciddi yan təsirləri var: “Yüngül yan təsirlərə peyvənd olunan nahiyədə qızarıqlıq, şişkinlik, müəyyən istilik, ümumi bədən temperaturunun yüksəlməsi, halsızlıq aiddir. Orqanizmdə müəyyən xəstəlik əlamətlərinin olması normal bir haldır, immun sistemin aktivləşməsu və immunitetin formalaşması deməkdir. Amma bu simptomların özüdə nadir hallarda baş verir.  Bu hallar bir neçə gün ərzində baş verə bilər və əhəmiyyətsizdir. Ciddi yan təsir dedikdə əyər pasientin allergik xəstəliyi varsa və yaxud anafilaktik şok ömründə keçiribsə, vaksinasiya yalnız həkim məsləhəti ilə olmalıdır. Yuxarıda bütün riskləri nəzərə alaraq vaksinasiyadan sonrada ilk 30 dəqiqə hər ehtimala qarşı pasient həkim nəzarəti altında olur. Hamilə və süd verən qadınlar yalnız həkim məsləhəti və nəzarəti  ilə vaksinasiya oluna bilərlər. Ciddi immunsupressiv vəziyyətdə olanlara, məsələn orqan transplantasiyası keçirən xəstəyə peyvənd vurulmasına dair qəti əks-göstəriş yoxdur. Həmin şəxslər risk qrupuna daxildirlərsə, həkimləri ilə məsləhətləşərək, immun statusları dəyərləndirilərək peyvənd oluna bilərlər”.

A.Hüseynov vurğulayıb ki, hazırda müşahidəmizə görə vaksinasiyanın təşkili aidiyyəti qurumlar tərəfindən yüksək səviyyədə təşkil edilib. Bu, dövlət başçısı İlham Əliyevin insan amilinə böyük dəyər verməsindən, vətəndaşların sağlamlığını prioritet məsələ olaraq öndə saxlamasından irəli gəlir: “Bir çox ölkələrə əlçatan olmayan koronavirusa qarşı vaksinlər dövlətimiz tərəfindən vətəndaşlarımıza təmənnasız təqdim edilir. Bəzi ölkələrin vaksini həddindən artıq baha satması, bəzilərinin vaksini ehtiyacdan artıq alması kasıb ölkələrin onu almasına maneə yaradır. Bu sahədə olan ədalətsizlik və qeyri-bərabərliyi Prezident İlham Əliyev bu günlərdə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında belə şərh etmişdir: “Moderna” vaksini var, səhv etmirəmsə, Amerika istehsalıdır. “Moderna” vaksininin 98 faizini zəngin ölkələr sifariş ediblər. “Pfizer” Avropa vaksinidir. “Pfizer” vaksininin 96 faizini zəngin ölkələr sifariş ediblər. Yaxşı, bəs kasıb ölkələrin vətəndaşları nə etməlidirlər, xəstələnməlidirlər?”

Sədr qeyd edib ki, dövlətimiz koronavirusa qarşı mübarizədə öz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirir. Virusa qalib gəlmək və növbəti məhdudiyyətlərin yenidən gündəmə gəlməməsi üçün hər kəsi vaksinasiyaya səsləyirəm.

Nigar Orucova, “İki sahil”