04 mart 2021 23:39
1419

Muxtar Əl-Musavi parlamenti Xocalı faciəsini soyqırımı kimi tanımağı təklif edib

İraqlı deputat Muxtar Əl-Musavi parlamenti Xocalı faciəsini soyqırımı kimi tanımağı təklif edib.

Parlamentin plenar iclasında çıxış edən deputat Muxtar Əl-Musavi bildirib ki, Azərbaycan və İraq xalqları qardaş xalqlardı. Azərbaycan xalqına qarşı 1992-ci ilin fevralında törədilən soyqırımı İraq parlamenti tanımalı və Azərbaycanı dəstəkləməlidir.

"İki sahil" xəbər verir ki, deputat bildirib ki, fevral ayının 25-dən 26-na keçən gecə Ermənistanın silahlı birləşmələri Azərbaycanın Xocalı şəhərində hücum edərək dinc əhalini güllələyib. Bu vəhşi aksiyada 63 uşaq, 70 qoca, 106 qadın olmaqla 613 nəfər qətlə yetirilib. Muxtar Əl-Musavi bu aksiyanın ermənilərin İslam dininə qarşı olan nifrətinin təzahürü kimi qiymətləndirib və baş verən faciənin birmənalı şəkildə soyqırımı aksiyası olduğunu bəyan edib. Diqqətə çatdırıb ki, bir sıra dövlətlər, o cümlədən Pakistan, Meksika, Panama, Peru, Paraqvay, Çexiya, Sudan və başqa dövlətlərin parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanıyıb. İraqın da üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının 2013-cü ildə Qahirədə dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən zirvə toplantısında Xocalı faciəsi soyqırımı və insanlığa qarşı cinayət kimi qəbul edilib.

Muxtar Əl-Musavi parlamentin xüsusi iclasının keçirilməsini və bu məsələnin müzakirəyə çıxarılmasını təklif edib.