KÖŞƏ

Qvami Məhəbbətoğlu

Niyə antimilli ünsürlərlə bir masa arxasında oturmaq mümkün deyil?

09 mart 2021 23:35
2663

Erməni faşistləri üzərində şanlı Qələbənin əldə edilməsində həmrəyliyimiz, birliyimiz mühüm rol oynayıb. Bu birliyə, həmrəyliyə ölkəmizdə fəaliyyət göstərən  siyasi   partiyalar da öz töhfələr veriblər. Bu aspektdən yanaşsaq, İkinci Qarabağ müharibəsi ərəfəsində ölkədə formalaşmış pozitiv siyasi dialoq mühitində müxtəlif yönümlü siyasi qüvvələr arasında konsensusun əldə edilməsi 44 günlük müharibədə Zəfərimizi  şərtləndirən əsas amillərdən biri olub.

Siyasi partiyalar arasında dialoqun bütövlükdə demokratik sistemin funksional xüsusiyyəti olduğunu və buna görə də müasir cəmiyyətdə  mükalimədən kənarda siyasi fəaliyyətin qeyri-mövcudluğunu vurğulayan  mütəxəssislərin fikrincə, ümumiyyətlə, belə addımlar bu və ya digər ölkənin beynəlxalq aləmdə gücünü artırmaqla yanaşı, siyasi islahatların daha geniş spektrdə aparılmasına da şərait yaradır. Keçən il martın 10-da VI çağırış Milli Məclisin açılış iclasında çıxış edərkən  Prezident İlham Əliyev bildirmişdi: “…Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır, ... siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz...”

Göründüyü kimmi, siyasi sistemin təkmilləşdirilməsi və münasibətlərin sağlam zəmində qurulması, partiyalararası dialoqun genişləndirilməsi Prezident İlham Əliyevin fəaliyyətinin mühüm prioritetlərindəndir. Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı nitqində siyasi partiyaların Vətən və xalq qarşısında xidmətlərindən danışarkən bildirib ki, özünü siyasi qurum adlandıran antimilli şura istisna olmaqla bütün partiyalar, bütün siyasi qüvvələr dialoqa meyil göstəriblər və qısa müddət ərzində yaxşı nəticələr əldə olunub. Cənab Prezident öz çıxışında bir məqama da toxunub. Bildirib ki, ötən əsrin 90-cı illərində, hətta mənim dövrümdə də bəziləri xaricdən gəlirdilər ki, burada siyasi dialoqu bizim üçün təşkil etsinlər. Halbuki buna cəhd edən ölkələrin özlərində Azərbaycandan da çox siyasi dialoqa ehtiyac vardı. Azərbaycanda siyasi dialoqun bərqərar olmasını  ölkəmizdə aparılan islahatların məntiqi nəticəsi kimi dəyərləndirən dövlətimizin başçısı vurğulayıb ki, əvvəlcə fundamental ziddiyyətlər araşdırılıb:  “Harada biz, necə deyərlər, bir-birimizlə razılığa gələ bilmirik. Belə qərara gəldik ki, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir, necə deyərlər, fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir.”

Bu gün də siyasi dialoqun davam etdirildiyini vurğulayan dövlətimizin başçısı bunu təqdir etdiyini bildirməklə yanaşı, ölkəmizin siyasi sisteminin təkmilləşdirilməsinin vacibliyini önə çəkib. Cənab Prezident rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının nümayəndələrini də, üzvlərini də buna fikir verməyə çağırıb: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik.” Yeri gəlmişkən qeyd edək ki, 6 siyasi təşkilatın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası) dövlət və milli maraqlar naminə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilən YAP-a qoşulmaları bir daha siyasi dialoq mühitinin dərinləşməsindən  xəbər verir.

O ki qaldı antimilli ünsürlərlə. Prezident bununla bağlı bildirib ki, antimilli ünsürlərlə, əlbəttə ki, biz heç vaxt bir masa arxasında otura bilmərik. Dövlətimizin başçısı faktlara əsasən, həmin antimilli ünsürlərin satqın, xain olduqlarını,  xaricdən təlimatlar aldıqlarını söyləməklə öz fikrini əsaslandırıb: “Onların emissarları xarici paytaxtlarda oturublar. Oradan pul alırlar bura göndərirlər, camaatı çaşdırmaq üçün, onlar bizim şanlı Qələbəmizə kölgə salmaq istəyirlər... Onlar kimi iyrənc bəlkə də Azərbaycan tarixində insanlar olmayıb. Amma bütün digər siyasi qurumlarla biz əməkdaşlıq edirik və edəcəyik.”

 Prezident Administrasiyasında partiya nümayəndələri ilə mütəmadi görüşlərin davam etdirilməsi və  cəmiyyəti düşündürən məsələlərin açıq şəkildə birgə  müzakirə olunması  bunu bir daha təsdiq edir.