Qaz olmayan ərazilərdə küçə xətlərinin çəkilməsi prosesinə adətən may ayından başlanılır.
"İki sahil" xəbər verir ki, bunu sosial şəbəkədə vətəndaşların suallarını cavablandırarkən “Azəriqaz” İstehsalat Birliyinin direktoru Ruslan Əliyev deyib. O bildirib ki, hazırda qış fəsli üzrə cari işlər həyata keçirilir: "Təbii qazın təlabata uyğun düzgün rejimlərdə paylanılması diqqətdə saxlanılsın. Qaz şəbəkəsində vacib təmir prosesləri bu günlərdə təxirə salınacaq. Qəza, qaz sızması, qaz sayğacları ilə bağlı nasazlıqlar ortaya çıxarsa, operativ şəkildə, ən qısa zamanda aradan qaldırılacaq.
May ayından sentyabra qədər bizim cari işlər azalır. Bu dönəmdə plan qurulur ki, qaz olmayan sahələr, küçələrə qaz xətləri çəkilsin və sakinlər fərdi qazlaşmanı həyata keçirə bilsinlər. Hal-hazırda qazi və şəhid ailələri olan küçələrdə qaz xətlərinin çəkilməsi prioritetdir”.
R.Əliyev, həmçinin qazın tərkibinə hava vurulması barədə yayılan məlumatlara da aydınlıq gətirib. Qurum rəhbəri vurğulayıb ki, qaza havanın vurulması kimyəvi və fiziki baxımdan mümkünsüzdür.