09 aprel 2021 16:35
996

Döyüş yoldaşlarıma dedim ki, nəşim düşmən əlinə keçməsin - FOTO/VİDEO

Ekspertlərin də dedikləri kimi, Vətən müharibəsində Qarabağın işğaldan azad edilməsini uzadan ən böyük çətinliklərdən biri, bəlkə də ən birincisi əməliyyatlar olan ərazilərin coğrafi şəraiti idi. Düşmən işğal etdiyi bütün yüksəkliklərdə 30 il ərzində istehkamlar, müşahidə və müdafiə qurğuları qurmuşdu. Təbii ki, belə olan halda ordumuzun antiterror əməliyyatı xeyli çətinləşirdi. Elə bu səbəbdən də müharibənin ilk günləri çətin oldu. Lakin rəşadətli ordumuz inamla hərəkət edərək bu istehkamları darmadağın etməyi bacardı. Füzuli rayonunda itkimiz xeyli sayda olsa da, Qarabağa açılan qapı məhz buradan oldu. Ağdaş rayonunun Eymur kəndindən olan Cəbrayılov Əfqan Rizvan oğlu da ağır əməliyyatların getdiyi Füzulidə düşmənlə üz-üzə döyüşüb. “İki sahil” Əfqan Cəbrayılovun döyüş hekayətini təqdim edir.

Əfqan Cəbrayılov 1998-ci ildə Ağdaş rayonunun Eymur kəndində dünyaya göz açıb. Kənd orta məktəbini bitirdikdən sonra Müdafiə Nazirliyinin Qazax rayonunda yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. Əsgərliyini başa vurduqdan sonra Ağdaş Rayon Baytarlıq İdarəsində feldşer kimi əmək fəaliyyətinə başlayıb.

Bir necə postu işğaldan azad etdik, sonra...

Könüllü olaraq cəbhəyə yollanan Əfqan Cəbrayılov Füzuli istiqamətindən döyüşlərə başlayıb: “Müharibə başlayan gündən döyüşlərə getmək, Qarabağı azad edən şəxslər sırasında mən də olmaq istəyirdim. Buna görə də düşünmədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsinə müraciət etdim. Sentyabrın 29-da Ağcəbədi rayonuna gedərək təlimlərə başladıq. Oktyabrın 5-də isə Füzuli istiqamətinə gətirilərək ertəsi gün döyüşlərə qatıldım. Yadımda deyil hansı kənd idi, amma xeyli irəliyə getmişdik. Ərazi çox çətin idi, biz aşağıda idik, düşmən isə yüksəklikdə qərarlaşmışdı. Yağış yağırdı, bir neçə gün səngərlərdə yaş torpaq üztündə yatası olduq. Məsafə uzaq və düzənlik sahə olduğu üçün ərzaqla təminatımız xeyli çətinləşirdi. Amma aclıq bizi yormurdu, əhval-ruhiyyəmiz yüksək idi. Bir necə postu işğaldan azad etdik. Sonra başqa birlik gəlib mövqelərdə möhkəmləndi, biz isə istirahə və hazırlıq üçün geri çəkildik.

Yoldaşlara dedim ki, nəşim düşmən əlinə keçməsin

Müəyyən hazırlıqlar edib ertəsi gün, ayın 14-ü axşam saatlarında yenidən əməliyyata başladıq. Neytral ərazidə irəliləyərkən atışma başladı, snayper gülləsi ilə ağ ciyər nahiyəmdən vuruldum. İki yoldaşım köməyə gəldi, məni çəkərkən onlardan biri, Həbib də yaralandı. Sonra məni ikinci dəfə vurdular, bu dəfə güllə sağ ayağıma tuş gəldi. Ağrının təsirindən hərəkət edə bilmirdik, digər tərəfdən, ermənilər də atəş atmağa davam edirdilər. İntensiv döyüş gedirdi, başımızı qaldırıb ətrafa baxa bilmirdik. Çoxlu qan itirmişdim, tez-tez özümdən gedirdim. Sağ qalacağıma ümidim yox idi, ona görə də kəlmeyi şəhadətimi dedim. Həbib və Hacıbalaya dedim ki, məni burada qoymayın, nəşim düşmən əlinə keçməsin. Çünki ermənilərin meyitlərlə necə davrandıqlarını bilirdim. Yoldaşlarım mənə təsəlli verdilər, dedilər heç birimizə heç nə olmayacaq, inşallah sağ-salamat evimizə gedəcəyik.

Qaranlıq düşdükdən sonra tədricən atışma dayandı

Beləcə, beş-altı saat qaldıq neytral ərazidə. Tam qaranlıq düşdükdən sonra atışma dayandı, yavaş-yavaş sürünərək neytral ərazidən çıxdıq. İki saat piyada getdikdən sonra təcili yardım maşınına çatdıq. Sonra isə xəstəxanaya aparılaraq əməliyyat olundum. 10 gün Bakıdakı Hərbi Hospitalda qaldım, sonra isə Bakı Sağlamlıq Mərkəzinə köçürüldüm. Hazırda  tez-tez həkim müayinəsinə gedirəm. Yaralı ayağımda hissiyat yoxdur, soyuq olanda sağlam ayağımda hiss edirəm, amma yaralı ayağımda heç bir hissiyat yoxdur. Əməliyyatdan sonra zəng edib qonşumuza dedim. Sən demə kənddə hamı bilirmiş yaralanmağımı, amma valideyinlərimə deməyiblər. Bir neçə gündən sonra özüm zəng edərək atama dedim.

Üz-üzə döyüşməkdən çəkinirdilər

Düşmən demək olar ki, müharibəni minaatan, snayper və digər uzaq mənzilli silahlarla aparırdı. Bizimlə üz-üzə döyüşməkdən çəkinirdilər. Əsas itkimiz minaatan mərmisindən olurdu. Düzənlik ərazidə mina mərmisindən qorunmaq çox çətin idi, yalnız səngərdə qoruna bilirdik. Onlar da əsasən səngərləri hədəf alırdı. Neçə dəfələrlə olub ki, yanımıza düşüb, bəziləri partlamayıb, bəzilərində isə şansımız gətirib. Mən yaralandığım zaman 30 nəfərlə hücuma keçmişdik, onlardan 3-4 nəfər sağ qaldı, çoxusu yaralanmışdı, bir neçəsi də şəhid oldu.

Şükür Allaha ki, o da olmadı

Döyüşdə biz heç bir şeydən qorxmurduq. Nə aç qalmaq, nə susuzluq bizi narahat etmirdi. Təbii ki, gəzməyə getməmişdik, müharibənin nə olduğunu hamımız bilirdik. Vətən üçün aç da qalmaq, torpağı döşək də etmək ən müqəddəs borcumuzdur. Bizi ən çox narahat edən məsələ sağ ikən düşmən əlinə əsir düşmək idi. Şükür Allaha ki, o da olmadı.

Mən Qarabağın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn hər bir igid döyüşçünün anasının əllərindən öpürəm, həyatını Vətən yolunda qurban verənləri heç bir zaman unutmayacayıq. Allah cəmi şəhidlərimizin məkanını cənnət eləsin, yaralılara şəfa versin.

Taleh Bağırov, “İki sahil”