KÖŞƏ

Qvami Məhəbbətoğlu

Revanş xülyasına düşənlərə daha bir sərt mesaj

14 aprel 2021 23:34
6217

Otuz il Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan 44 günlük müharibədə minlərlə itki verərək darmadağın edildi. Bu, Ermənistanın yaxın 100 ildə ən böyük məğlubiyyəti kimi tarixə düşdü. Təəssüf ki, düşmən dairələr bu gerçəkliyi hələ də qəbul edə bilmirlər. Hətta  bu gün sonu görünməyən siyasi, iqtisadi və mənəvi böhran içərisində çapalayan Ermənistanda köhnə iqtidar klanlarına, hərbi xuntaya mənsub olan bəzi siyasi qüvvələr revanş niyyətinə düşüblər. Onların bu kimi çıxışlarına  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özününəməxsus formada reaksiya vermişdir. Məsələn, fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışında dövlətimizin başçısı demişdir: “Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır.”

Fevralın 26-da isə dövlətimizin başçısı yerli və xarici jurnalistlər üçün keçirdiyi tarixi mətbuat konfransında Ermənistanda revanşizmin heç bir sosial və hərbi bazasının olmadığını açıqlamaqla yanaşı, ölkəmizin hər hansı bir təcavüzün qarşısını almağa qadir olduğunu bəyan etmişdir. Aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda bir daha bu məsələyə toxunan Prezident İlham Əliyev dəmir yumruğu xatırladaraq birmənalı şəkildə demişdir: “Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq.” Bu isə o deməkdir ki,   Azərbaycan heç vaxt imkan verməyəcək ki, Cənubi Qafqazda hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risklə üzləşsinlər. Bu sərt mesajdan belə nəticə hasil olur ki, son iki yüz ildə təkcə Qarabağda deyil, bütün regionda axan qanların birbaşa səbəbkarı olan erməni millətçiləri sərsəm xülyalardan ayılmasalar, qəbul edilmiş bəyanatların maddələrini pozaraq Azərbaycanın regionda yaratdığı tarixi reallıqlara xələl gətirsələr, başlarına dəmir yumruqların dəyməsi bundan sonra da qaçılmaz olacaq.

Şübhəsiz, bu sərt mesaj təkcə Ermənistana ünvanlandırılmayıb. Həmin mesajı, həmçinin işğalçı ölkəni bu məsələdə dəstəkləmək istəyənlərə də şamil etmək olar. Bu, həm də o anlama gəlir ki, siyasi arenalarda və döyüş meydanında öz sözünü deməyi bacaran Azərbaycan daha bu işğalçı ölkənin nazı ilə oynamaq fikrində deyil. Ona görə ki, bü gün dünya miqyasında bir sıra ilklərə imza atmış ölkəmizin buna həm siyasi, həm hüquqi haqqı vardır. Artıq dünya kimin kim olduğunu da yaxşı anlayır, hətta ölkəmizin əldə etdiyi Zəfəri beynəlxalq uğur kimi dəyərləndirir. Yeri gəlmişkən, Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransın iştirakçılarına Azərbaycanın son illər beynəlxalq əlaqələrinin daha da güclənməsindən danışarkən demişdir: “Biz bunu yalnız regionda cərəyan edən hadisələrə marağın deyil, eyni zamanda, 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkən Azərbaycan xalqı ilə həmrəyliyinizin əlaməti hesab edirik.” 

Şühbəsiz, bu məsələdə diplomatların, Azərbaycanda səfərdə olan nümayəndə heyətlərinin, xarici və yerli jurnalistlərin işğaldan azad edilmiş və erməni barbarları tərəfindən xarabazara çevrilmiş ərazilərə səfərləri, onların törətdikləri vəhşilikləri öz gözləri ilə görmələri də mühüm rol oynayır. Bütün bu deyilənlərə rəğmən həm də belə qənaətə gəlmək olar ki, ölkəmizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində faşist xislətli revanşistlərin çağırışları bütün hallarda  puça çıxacaq və  heç bir qüvvə bizi bundan sonra azad etdiyimiz  torpaqlardan tərpədə bilməyəcək.

Bir sözlə, əgər erməni vandalları revanşizm yoluna qədəm qoysalar başlarına dəyəcək dəmir yumruq bu dəfə daha da sarsıdıcı olacaq. Bu da Ermənistanın bir dövlət kimi tam süqutu, məhvi ilə nəticələnəcək. Başqa sözlə desək, məğlub ölkədə bugünkü revanşizm çağırışları  onu təkcə fəlakətə yox, dünya xəritəsindən silinməyə doğru aparır.