Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşməni diz çökdürərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi, AXC-Müsavat hakimiyyətinin xəyanəti nəticəsində itirilmiş torpaqlarımızı, Azərbaycanın incisi, Qarabağın mirvarisi olan Şuşanı 30 illik yağı əsarətindən xilas etdi. Dövlətimizin başçısı daim vurğulayır ki, dövlətçiliyimizin göz bəbəyi, milli mədəniyyətimizin incisi, poeziyamızın və musiqimizin beşiyi Şuşanın Azərbaycan tarixində müstəsna yeri və əhəmiyyəti vardır: “Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır. Necə ki, bütün dövrlərdə Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur və ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib”.
Zəngin tarixi, əsrarəngiz təbiəti olan Şuşa şəhərinin əsası 18-ci əsrin ortalarında qoyulub. Tarixi mənbələrə görə, Qarabağ xanı Pənahəli xan aramsız hücumlardan qorunmaq üçün 1750-ci illərdə Bayat və Şahbulaq adlı qalalar tikdirsə də, bu qalalardan heç biri xanlığı fasiləsiz müharibələrdən qoruya bilmir. Dəniz səviyyəsindən 1300-1600 m hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası bu tələblərə tam cavab verdiyindən, Pənahəli xan şəhəri elə burda salır. Şəhər əvvəlcə onun şərəfinə Pənahabad adlandırılsa da, sonralar Şuşa çağırılıb.
Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində 1921-ci ildə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirilib. Lakin bu qərar 1923-cü ildə dəyişdirilib və mərkəz Xankəndinə köçürülüb. Azərbaycan mədəniyyətinin incisi sayılan Şuşa XIX əsrin sonu və XX əsrin əvvəllərində Qafqazın musiqi mərkəzinə çevrilib, “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırılıb. Şuşa Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Xurşudbanu Natəvan, Həmidə xanm Cavanşir, Əhməd bəy Ağaoğlu kimi görkəmli şəxsiyyətlərin vətənidir. 1992- cı ildə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunana qədər Şuşada onlarla muzey, bir neçə orta və ali təhsil müəssisəsi, məktəblər və kitabxanalar fəaliyyət göstərib.
Çox təəssüf ki, müstəqilliyimizin ilk illərində respublikaya rəhbərlik edən idrakı sönük başçıların xəyanəti üzündən Azərbaycanın başı üstünü qara buludlar aldı.1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyəti güc yolu ilə zəbt etməsindən sonra vəziyyət daha da ağırlaşaraq faciəvi mərhələyə qədəm qoydu. Hakimiyyəti zorla, top-tüfəng gücünə zəbt edən rüsvayçı AXC-Müsavat hakimiyyətinin satqın, dönük, savadsız, “rəhbərləri” Azərbaycanı qısa müddətdə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydular. Ölkədə vətəndaş müharibəsi baş alıb gedirdi. Heç bir nəzəri biliyi, dövlətçilik təcrübəsi, idarəçilik qabiliyyəti olmayan “bəylər”in yarıtmaz idarəçiliyi ilə respublika dərin böhrana sürükləndi.
Danılmaz faktdır ki, o dövrdə Şuşanın təhvil verilməsində, Laçının müdafiəsinin lazımi səviyyədə təşkil edilməməsində, Kəlbəcərin işğal edilməsində AXC-Müsavat hakimiyyəti günahkardır. Bu gün sosial şəbəkələrdə yalanları, iftiraları və tarixi təhrif etməsi ilə ikrah doğuran o vaxtkı müdafiə naziri “əgər Şuşa işğal altına düşsə, başıma güllə vuracağam” deyirdi. Şuşa xəyanətkarlığın qurbanı oldu, erməni quldurları tərəfindən işğal olundu, ancaq bu sözləri deyən o müdafiə nazirinin heç ruhu da incimədi. Bu xəyanətin nəticəsində 289 kvadrat kilometr ərazisi, 24 min nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonunu Ermənistan silahlı qüvvələri işğal etdi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə itkin düşdü. Ermənilərin əsir götürdüyü və Şuşa həbsxanasında saxlanılan 114 nəfər azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirildi.
44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfərdə olan Prezident İlham Əliyev bir daha bildirdi ki, bu torpaqlarımız AXC-Müsavat cütlüyünün hakimiyyət hərisliyinin qurbanı olub: “Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb. O vaxt hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər təşkil edirdilər, çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər. Şuşanı boşaltdılar. Halbuki onların nəzarəti altında qüvvələr var idi. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi. Şuşanı heç kim müdafiə etmirdi. Sonra Laçın rayonunu da satdılar və ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəldilər. AXC-Müsavat cütlüyü bu satqınlığı, bu xəyanəti edib, bu cinayəti törədib. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik edib. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! Onlar satıblar bizim torpaqlarımızı. Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq”.
Bu gün erməni dəyirmanına su tökən, satqın, xəyanətkar antimilli ünsürlər bilməlidirlər ki, xalqa yaşatdıqları o ağır günləri, zülmləri, talançılığı, oğurluğu, müasir tariximizin o qara səhifələrini heç kim unutmayıb. Belələri yaxşı bilməlidirlər ki, xalqımızın və dövlətçiliyimizin ən müsibətli dövrlərindən olan 1992-1993- cü illərin məşəqqətləri, eləcə də bu antimilli ünsürlərin xəyanətkarlığı, səriştəsizliyi ucbatından Qarabağın tacı olan Şuşanın erməni işğalına məruz qalması tarixin yaddaşından heç vaxt silinməyəcək. 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmiz ilə Şuşanın azad edilməsi isə Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq- Qarabağ Azərbaycandır! Şuşa Azərbaycandır!
Zahid Rza, “İki sahil”